“Dünyada ciddi problemlər var” Hadisə

“Dünyada ciddi problemlər var”

QMİ sədri Ukraynadakı hadisələrdən narahatdır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ukraynada baş verənlərin artıq fəlakət həddində çatdığını və bundan ciddi narahat olduğunu bildirib.
APA - nın məlumatına görə, A. Paşazadə Bakıda səfərdə olan Avropa Şurası baş katibinin müavini Qabriela Battani - Draqoni ilə görüşdə deyib ki, artıq dünyada müsəlmanların bir-birini qırdıqları regionlarla yanaşı xristianların da bir-birini qırması halları baş verir.
A. Paşazadə qeyd edib ki, Ukraynada baş verən hadisələr çoxsaylı insan ölümlərinə səbəb olub: "Xristianların da bir-birini öldürməsi artıq bizi narahat edir. Suriya, İraq və digər bölgələrlə yanaşı artıq Ukraynadakı hadisələr göstərir ki, dünyada ciddi problemlər var".
A. Paşazadə bildirib ki, regionda baş verən hadisələr müəyyən qədər Dağlıq Qarabağ problemi ilə əlaqədardır: "Bu hadisələri bir-birinə bağlayan köklər var".
Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında Ermənistanın dini lideri ilə məsələnin sülh yolu ilə həllinə cəhd göstərildiyini deyən QMİ sədri bu cəhdin o dövrdəki ölkə rəhbərlərinin səriştəsizliyindən alınmadığını vurğulayıb.