Müsavatda baş üstündə “əl” Hadisə

Müsavatda baş üstündə “əl”

Arzu Şirinova

Müsavat başqanı İsa Qəmbər "partiyanın növbəti qurultayında başqanlıqdan gedəcəyəm" fikrinin bəlasına düşüb. Bir yazımda yazmışam, indi də təkrarlayıram ki, İsa Qəmbər başqanlıqdan getmək istəmir. Sadəcə verdiyi sözü geri götürə bilmir və elə bu məqsədlə də ona sadiqlərdən sayılan Nüşabə Sadıqlının fikri, əslində başqanın arzusu kimi, dövriyyəyə buraxılıb. Yəni nəhayət, sentyabrın 27-də Müsavat Partiyasına yeni başqan seçildikdən sonra hazırkı başqan İsa Qəmbərin partiyada yeri, statusu məsələsinə aydınlıq gətirilib. Partiyanın rəhbər orqanları və İsa Qəmbərin özü isə bu barədə hələ konkret mövqe, təklif ortaya qoymasalar da "görünən dağa bələdçi lazım deyil".
Beləliklə, Müsavat Divanının üzvü Nüşabə Sadıqlı deyib: "Mən təklif edirəm İsa Qəmbərə elə bir status verilsin ki, həmin status partiyada bütün məsələlərə müdaxilə etmək imkanı versin. İsa bəy təbiət etibarilə elə bir insandır ki, Müsavat Partiyasını nəzarətsiz qoymayacaq. Şübhəsiz ki, İsa Qəmbərin nəzarəti Müsavat Partiyasının üzərində olacaq. Ancaq rəsmi bir status verilməsi vacibdir. Adının necə olmasından asılı olmayaraq ciddi bir status verilməlidir. Elə bir status ki, İsa Qəmbərin həmin statusla partiyanın işinə müdaxilə eləmək imkanları olsun".
Nüşabə Sadıqlı hesab edib ki, İsa Qəmbərə verilən statusun hətta partiya başqanının səlahiyyətlərindən də üstün olması mümkündür: "Bu, ola bilər və mənimlə həmfikir olan bir sıra şəxslər bunun üzərində düşünürük. Mövqeyimizi də təklif kimi qurultayda rəsmən irəli sürəcəyik. Çalışacağıq ki, təklif qəbul edilsin. İnanıram ki, heç bir problem ortaya çıxmadan qurultay bunu qəbul edəcək".
Partiyada başqandan üstün səlahiyyətlərə malik statusun olmasını yeni seçilən başqanın qəbul etməməsi ehtimalının nə dərəcədə olmasına gəlincə, Nüşabə Sadıqlı vurğulayıb ki, Müsavatda İsa Qəmbərin böyüklüyünü qəbul etməyən şəxs yoxdur. Ona görə də kiminsə İsa Qəmbərə üstün səlahiyyət verilməsinə razı olmayacağı gözlənilən deyil.
Yenə də təkrarlayıram ki, yüksək status məsələsi başqanın arzusu və bəlkə də şərtidir. Necə ki, bu gün AMİP-də, ALP-də, ACP-də bu praktika tətbiq olunub. Yəni Etibar Məmmədov, Lalə Şövkət və Rəsul Quliyev yaratdıqları partiyaların liderləri seçiliblər. Ancaq gəlin etiraf edək ki, hər üç partiyada həmin praktika heç bir effekt verməyib. Əksinə, həmin partiyalar bu gün yox olmaq təhlükəsilə üz-üzədirlər. Çünki partiya rəhbərliyinə gətirilən şəxslər - Əvəz Temirxan intisna olmaqla - başlarında "əl" olmasını istəməyiblər. Bəlkə də elə bunun nəticəsidir ki, AMİP-də Etibar Məmmədovdan sonra üç sədr dəyişib. ACP isə Sülhəddin Əkbərdən sonra sədrsiz qalıb. Məlum "əl"i qəbul edən biri hələlik tapılmayıb.
İndisə keçirəm Müsavat Partiyasındakı duruma. Qubad İbadoğlu, Arif Hacılı, Tural Abbaslı və Səxavət Əlisoy Müsavat başqanlığı uğrunda mübarizə aparırlar. Sentyabrın 27-nə kimi namizədlərin sayında azalma da ola bilər. Yəni hansısa biri o birinin xeyrinə namizədliyini geri götürər. Hazırda isə durum belədir-başqanlıq uğrunda dörd namizəd.
Siyasi müşahidəçilərin, eləcə də medianın apardığı təhlillərdən gəlinən nəticə budur ki, başqanlıq uğrunda mübarizə Qubad İbadoğlu və Arif Hacılı arasında olacaq. Çünki digər iki namizədin siyasi arenada, eləcə də ictimaiyyət arasında nüfuzu başqan ola biləcək səviyyədə deyil.
Arif Hacılını tanıyanlar deyirlər ki, çılğındır, emosionaldır, siyasi proseslərdə radikallığa üstünlük verəndir, ona vaxtilə olunan haqsızlığı və xəyanəti hələm-hələm unudan deyil.
Qubad İbadoğlunu tanıyanlar isə bildirirlər ki, səbrlidir, hər kəsi dinləmək və nəticə çıxarmaq bacarığı var, radikallığı qəbul etmir, dövlətin və millətin maraqlarını öndə tutur, cəmiyyətdə qəbul olunan, hörmət göstərilən siyasilərdən sayılır.
İsa Qəmbərə partiyada yüksək statusun verilməsi məsələsinə gəlincə, hər iki namizədin bu şərti qəbul edəcəkləri sual doğurur. Çünki başlarında "əl"i qəbul etmək, Müsavatın AMİP, ACP, ALP-nin durumunu yaşaması deməkdir...