Jurnalistlərin ilk dərs günü xatirələri Hadisə

Jurnalistlərin ilk dərs günü xatirələri

Sentyabrın 15-i ilk dərs günüdür. Hamı kimi həmkarlarımız da övladlarını məktəbə hazırlayırlar. Bəs onlar özlərinin ilk dərs gününü necə xatırlayırlar?
Yazıçı-jurnalist Azər Qismət: "Birinci sinfə gedəndə əvvəlcə bizi məktəbin qarşısına topladılar. Sonra direktor yuxarıdan uşaqların ad və soyadlarını çəkməyə başladı. Birdən səs eşitdim: Məmmədov Azər Həsənağa oğlu. Direktor bunu 3-4 dəfə təkrarları. Mən də ətrafıma baxırdım ki, bu, Məmmədov Azər Həsənağa oğlu kimdirsə, desin "burdayam" də. Bu mənzərəni görən atam uzaqdan uşaqların içindən keçib mənə yaxınlaşıb dedi ki, "öz adını tanımırsan?". İllər keçsə də yaxınlarım o hadisəni danışırlar və hamımız gülürük. Sonra sinfə girdik. Uşaqların 60 faizi ağlayırdı. Yanımdakı oğlan da ağlayırdı. Müəllimə yaxınlaşıb qulağıma pıçıldadı ki, "çöplərini ver ona qoy ağlamasın". Mən də çöplərimi ona verdim, başı qarışdı və ağlamadı. Bir saat oturduq. Sonra çöldə gözləyən valideynlərimiz bizi götürüb apardılar evə. Elə birinci dərs günündə ağ köynəyimi karandaşın rənginə boyamışdım. Anam dedi ki, "karandaş alboma və dəftərə çəkmək üçündür, daha köynəyə yaxmaq üçün yox". Ertəsi gün evə səliqəli gəldim".
"Həftə içi" qəzetinin əməkdaşı Təbriz Vəfalı: "Mən birinci sinfə 1 sentyabr 1983-cü ildə Tərtər rayonunun Seydimli kənd orta məktəbində getmişəm. İlk dərs günüm həyatımın ən unudulmaz günlərindən biri olub. Çünki ilk bilik günüm acı və şirin xatirələrlə doludur. Yaxşı xatırlayıram, rəhmətlik anam hələ avqust ayında deyirdi ki, mən birinci sinifə gedəndə qapının ağzında uzanacaq və mənimlə ekiz qardaşım Şəhriyar onun üstündən keçəcəyik. Həqiqətən də 1 setbyarda evi təkr edib həyətə düşəndə anam həyət darvazasının qapısının ağzında uzandı və biz də onun xətrinə dəyməmək üçün üstündən adlayıb məktəbə getdik. Valideynlərim müəllim idi. Məni və ekiz qardaşımı məktəbə atam apardı. Açılış mərasimi oldu. Direktor, müəllimlər və yuxarı sinif şagirdləri, eləcə də keçmiş Mirbəşir rayon Maarif Şöbəsindən gələn nümayəndələr danışdılar. Bütün şagirdlərə, xüsusilə də birinci siniflərə öz ürək sözlərini, arzularını bildirdilər. İlk dərs günümüz həm müəllimlərlə və sinif yoldaşlarımızla tanışlıqla, həm də Azərbaycan əlifbasının ilk hərfi olan "A" hərfini öyrənməklə keçdi. Digər birinci sinif şagirdləri kimi mənə də bəzi dərs kitabları verdilər. Məktəbli çantam o qədər ağır idi ki, güclə götürürdüm. Dərsimiz bitdi və atam bizi evə gətirdi. Həmin günü heç unutmadım. Çünki həmin dövrlərdə dərs deyən müəllimlərimdən bəziləri artıq dünyasını dəyişib. Allah onlara rəhmət eləsin!".
Jurnalist Nigar İsfəndiyarqızı: "Yadımdadır ki, "sinifin ən toppuş qızıydım. Müəllimə hər gün yanaqlarımı çəkirdi. İlk dərs günündən yadımda qalan həyəcanlı olmağım, bir də qonşumuz Mələk nənənin nəvəsinin hönkür-hönkür ağlamasıydı. Mən ona baxıb özümü sıxmışdım, amma özüm də heç yaxşı halda deyildim. İllər keçsə də ilk dərs günümdəki həyəcanımı unutmamışam. Məktəbin mənim həyatımda xüsusi yeri var. Yaxşı ki, mən o kənd məktəbində oxumuşam. Orda şagirdi üçün fədakarlıq edən müəllimlərim vardı. Bu gün də doğulub boya-başa çatdığım rayonda o məktəb öz təhsili ilə birinci sırada gəlir. Məktəbə ilk addım atdığın günkü həyəcanı bir ömür boyu hiss edə, yaşaya bilirsənsə deməli sən doğru təhsil almısan".
"Olaylar" qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli: "İlk dərs günü bir çox uşaqlar kimi mənim də xatirimdə ağlamaqla qalıb. Ona görə yox ki, məktəbi istəmirdim. Sadəcə mənim sinif müəlliməmin bir qədər qəddar, uşaqlara qarşı amansız olduğunu bilirdim. Məndən əvvəl məktəbə gedən uşaqlar həmin müəllimənin uşaqlara qarşı amansız olduğunu deyirdilər. Ona görə də valideynlərimin məni həmin müəllimənin sinfinə qoymamağını istəyirdim. Ancaq bu heç də mən deyən kimi olmadı. Çünki bizim dövrümüzdə indiki kimi uşağı öz istəyi hansısa müəllimənin sinfinə qoymaq o qədər də mümkün olan şey deyildi, bu kimi məsələlər məktəb səviyyəsində, bölgü əsasında həll olunurdu. Onu da deyim ki, dərs müddətində bir dəfə möhkəm qapaz yemişəm ki, onu da həmin sinif müəlliməm vurub".
"Binəqədi" qəzetinin əməkdaşı Siyavuş Əmirli: "Birinci sinifə Şuşa şəhərində getmişəm. Sinif müəlliməm Şəfiqə Mütəllimova (xalq Artisti Firəngiz Mütəllimovanın anası) olub. Bizim məktəb riyaziyyat təmayülü olmaqla iki sektordan-Azərbaycan və erməni sektorundan ibarət idi. İlk dərs günümüz erməni sektorunda olan uşaqlara dava ilə yadımda qalıb. Həmin gün məktəbin yeməkxanasında erməni sektorundan olan uşaqlarla dava etdik. Samvel adlı bir şagirdi möhkəm döymüşdük. Erməni sektorunun direktoru Xaçaturun şikayətindən sonra dərs hiss müdiri bizi xeyli danlamışdı".
Jurnalist Azər Sarıyev: "Hamı necə, mən də elə. Atam çantamı götürüb məni apardı məktəbə. Yadımda o qalıb ki, qonşunun uşaqları ilə bir sinifdə olduğumu görüb sevindim. Bir də yadımda o qalıb ki, çox sıxılırdım. Kənddən yeni gəlmiş uşağın 45 dəqiqə bir sinifdə oturmasının necə dəhşətli işgəncə olduğunu yəqin təsəvvür edirsinuz. Bütün günü kənddə çayda çiməsən, müxtəlif oyunlar oynayasan, yemək belə yadına düşməyə. Axşamlar da babanın, nənənin dastanlarına qulaq asasan və birdən-birə gəlib düşəsən 4 divar arasına. Gəl döz də..."
"Azərbaycan" qəzetinin əməkdaşı Elgün Mənsimov: "İlk dərs günü heç vaxt yaddan çıxmır. O vaxt nə qədər uşaq olsam da həmin günün həyəcanını hələ də unutmamışam. Mənim üçün ilk dərs günü həm də kədərli olub. Müharibə dövrü idi. 1994-cü il idi. Qarabağ yenicə işğal edilmişdi. Məhz belə bir vaxtda Tərtər rayonunun cəbhə xəttində yerləşən kənd məktəbinə 1-ci sinifə getmişəm. Müharibədən çıxdığımza görə bütün kəndin, eləcə də ailəmizin maddi vəziyyəti çox aşağı idi. Xatırlayıram ki, ilk dərs günündə partada həyətdə geydiyim krasovka ilə oturmuşdum. Məktəbli geyimim isə yüngül şalvar-köynək idi. Valideynlərim hələ də o günü unuda bilmirlər, hər yada düşdükcə kövrəldiklərini hiss edirəm. İndi şükr Allaha 1-ci sinfə hazırlaşan balacalarımız üçün məktəbə bir ay qalmışdan bazarlıq edirlər. Hələ üstəlik uşağın özü bəyənməsə heç nəyi ona geydirə bilməzsən. O vaxt isə bizim heç bir seçimimiz olmayıb. Bugünümüzlə şükr etməliyik".
"Ədalət" qəzetinin əməkdaşı Ədil Ədilzadə: "Həyəcanlı idim. Açığı məktəbə getməmişdən öncə bağçaya getmədiyimdən məktəb mənim üçün daha maraqlı gəlirdi. Məktəb evimizə yaxın olduğundan dərsdən sonra da günümüzün böyük hissəsini orda keçirirdik. Nəzərə alsaq ki, bir il məktəbə tez getmişəm və hər zaman da dəsrlərdə fərqlənmişəm. Ancaq ilk dərs günü ilə bağlı ən maraqlı hadisə Ali Məktəbdə olub. İxtisasım Gömrük İşinin Təşkili idi. Universitetin önündə adımızı oxuyurdular. Bir-bir adımız çıxdıqca sevinirdik. Eyni zamanda diqqət edirdik ki, hamımız oğlanıq. Axırda Arzu adında birinin adını çəkdilər. Sevindik ki, qurupumuzda qız olacaq. Otağa gələndə gördük ki, bu Arzu da oğlandır".
"Gündəlik Teleqraf" qəzetinin əməkdaşı Ruslan Xəlil: "1-ci sinfə qədər artıq bir neçə dəfə məktəbə gedib-gəlmişdim. O üzdən 1 sentyabr (o zaman dərslər 1 sentyabrda başlayırdı) mənim üçün o qədər də həyacanlı olmadı. Həmyaşıdlarımı valideynləri məktəbə gətirirdilər, mən isə yuxarı sinifdə oxuyan bacımla gəlmişdim ilk dərsə. Arıq, balaca oğlan idim. Şalvarım əynimdən düşürdü, çantama gücüm çatmırdı. Sıranın ən arxasında durmuşdum. Məktəb direktorunun təbrik çıxışından sonra zəng çalındı və hamı içəri daxil oldu. Valideynlərdən aralanıb sinfə daxil olan uşaqların əksəriyyəti ağlamağa başladı. Dərsin sonunda özlərini saxlaya bilməyib təbii ehtiyaclarını sinifdəcə ödəyənlər də oldu. İlk dərs günü yadımda belə qaldı. Dərsdən sonra isə evdə qonaqlıq idi. Qonum-qonşu süfrə başında oturanda artıq mən yatmışdım... Bir də ilk müəllimim Şüküfə xanımın adını qeyd etməliyəm. Çox kübar, istiqanlı müəllimə idi".
Jurnalist Aqil Lətifov: "Hər bir insanın həyatında dərin izlər buraxan anlar olur. Məhz bu məqamlar ömürümüzün səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də ilk dərs günüdür. Düzdür, həmin günü tam təfərrüatı ilə xatırlamasam da yaddaşımda 1 sentyabrla bağlı xeyli xatirələr var. Mən birinci sinfə Yardımlı rayonu 1 saylı orta məktəbində getmişəm. Həmin gün valideynlərimlə yanaşı böyük bacımda mənimlə birgə məktəbə getmişdi. O gün çox həyəcanlı idim. Evdə məktəbə gedən ikinci uşaq olmağıma baxmayaraq valideynlərim də birinci oğul övladlarının həyata ilk addımlarına çox sevinirdilər. Məktəbə getməyə çox həvəsli idim. Dərslərimi çox yaxşı oxuyurdum. Dərsin ilk günlərində o zaman sinif rəhbərim olan Səmayə xanım bir dəfə məni əlimin üstündən yaman çimdikləmişdi. Deməli, bir uşaqla dalaşmışdım ona görə müəlliməm iki uzun dırnaqlı barmağı ilə əlimin üstündın möhkəmcə sıxdı və fırlatdı. İnanın onun ağrısı və göyərtisi bir neçə gün getmədi. O anı hələ də unuda bilmirəm. Məktəbdə olan hadisələri evdə danışan olmasam da, o məsləni anama belə "gizlin" şəkildə demişdim: ana, əlin üstündən çimdikləmək yaman pis olur. Guya, öz aləmimdə belə deməklə o hadisəni gizlin saxlayırdım. Amma anam nə olduğunu o dəqiqə anlamışdı".
Azadinform İnformasiya Agentliyinin əməkdaşı Cəfər Mənsimi: "Xatırladığım qədəriylə o gün məhəlləmizdən 5 nəfər ilk dərs günü həyacanını yaşayırdı. 5 məhəllə uşağı ilk dərsə getmək üçün tələsirdik. Amma onu deyim ki, getdikcə bu həyəcan sönməyə başladı. İlk dərs həyacanını mənə yaşadan qəsəbəmizdəki 236 saylı orta məktəbi sonradan fizika, riyaziyyat və informatika təmayüllü liseylə dəyişdirsəm də yenidən ilk oxuduğum məktəbə geri dönərək o məktəbin məzunu olmuşam. Yəni öz məktəbimə sadıq qalmışam. Məktəbimlə əlaqələrim qalır. Hər il bir dəfə olsa da məktəb direktorumuzu ziyarət etməyə çalışıram. Elə ilk dərs günündən bu günə kimi eyni şəxs rəhbərlik edir. Jurnalistikaya qarşı ibtidai sinifdən marağım olub. Bu maraq daha sonra sevgiyə çevrilib. Bu sevgidən qaynaqlanaraq hazırda təhsilini aldığım PR ixtisasına aşiq olmuşam Sevgidən söz düşmüşkən, ilk sevgimi də ibtidai sinifdə yanımda oturan qıza etiraf etmişdim. Belə ki, ad günündə ona bacımın çəkdiyi ürək şəkilini "səni sevirəm" sözləriylə təqdim etmişdim. Bu təqdimat sinifə səs salmışdı. Bundan da xəbərdar olan sinif rəhbərimiz ikimizi də löhvə qarşısına çıxardaraq mənim başımı löhvəyə çırpmışdı. İlk sevginin dadını da o zaman yaşamışdım. İndi düşünürəm ki, sevginin nə olduğunu bilmdən sevirəm sözünü söyləmişəm. Sən demə, istək, həvəs, sevgi, eşq fərqli-fərqli nəsnələrmiş... O vaxtlar hər yeni dərs ilində yeni paltarlarla dərsə getmək dəbdə idi. Lakin heç vaxt paltar yarışına girməmişəm. Nə alıblarsa onunla kifayətlənmişəm. Universitet həyatında isə bu daha fərqlidir. Ev paltarı ilə belə dərsə getsən kimsə gözlərini sənin üzərinə zilləməz. Hər yeni semestrdə yeni paltar anlayışı yoxdur burada".

Əli