“Mən qanun-qayda tanımıram” Hadisə

“Mən qanun-qayda tanımıram”

Nicat Göyüşlü

Hər kim yüz il yaşamırsa, bu onun öz günahıdır. Çox gözəl və yerində deyilmiş bu ifadədə ildə iki dəfə xəstəxanalarda müayinədən keçmək kimi nüansların da nəzərə alınıb alınmadığını bilmirəm. Hər halda həkimlər insan sağlamlığı üçün bunun vacib olduğunu buyururlar, lakin xəstəxanalarda ya pasiyentləri yaxşıca soyurlar deyə, ya da naşı həkimin əlinə düşərək ölümlə üz-üzə qalmaq qorxusunu yaşamamaq xatirinə çox vaxt müayinələrdən yan keçirik. Savadlı, işini bilən həkimi tapanda isə kasıbın əlinə var düşən kimi hal yaşayırıq. Əvvəlcə haşiyəyə çıxaraq qeyd edim ki, mənim sinir sistemim həddindən artıq həssasdır və xüsusi müdaxilə ilə dişimin keyidilməsi aparılır. Bunun üçün də uzun illər əziyyət çəkmişəm. Nəhayət 4-5 il öncədən bu vaxta kimi sanballı stamatoloq ilə dişlərimin 30 faizini qaydasına salmağa müvəffəq olmuşam. Həkim və xəstəxanalarla bağlı kifayət qədər problemləri yaşadığıma baxmayaraq mövzudan uzaqlaşmamaq xatirinə məni bu yazını yazmağa sövq edən mövzuya qayıdıram.
Metronun Memar Əcəmi stansiyasının yaxınlığında yerləşən stamatoloji klinikada yuxarıda qeyd etdiyim kimi, vicdanlı həkim, Ziya Umudun qəbulunda idim. Yenicə iynələrlə dişimin ağrısını dindirib əməliyyata başlanmışdı ki, birdən gözüm qaraldı. Mən bu hala bir qədər dramatik yanaşaraq iynənin təsirindən haldan düşdüyümü zənn etməkdə olum, bir də baxdım ki, aralıda səs-küy qopdu, nə qopdu. Ziya həkimə məlumat gətirdilər ki, Nəsimi rayon elektrik istismar idarəsindən qonaqlarımız var, amma bir az qanun tanımayan, şuluq qonaqlardı. Onlar gəlib bir gün öncədən, hətta bir saat öncədən, daha hətta işıq xəttini sayğacdan ayırarkən xəbərdarlıq etməyib, birbaşa bizi elektrik enerjisindən məhrum ediblər. Yazıq həkimin cin başına vurmasın neyləsin? Durub biçarə yollandı nadinc qonaqların yanına. Qapı açıq olduğu üçün onların polemikası əməliyyat otağına da gəlirdi. Həkimin xəbərdarlıqsız "işığımızı niyə kəsirsiz", - sualına cavab sinirlərimin yenidən oyanmasına səbəb oldu.
Ayda ildə bir namaz onu da şeytan qoymaz. Sən güc bəla ilə yaxşı həkim tap, bir o qədər çətinliklə sinirlərin iynənin təsiri ilə sakitləşdirilisin və bu vaxt da hansısa mərdimazar gəlib hər şeyi alt-üst etsin.
Lənət şeytana deyib yaxamdakı yaxalığı sökərək söhbət yerinə gəldim. Həkimə "mənə belə tapşırıblar mən də edirəm",- deyən işçiyə jurnalist olduğumu, işinin qayda-qanunlarını bilməmiş kimi davrandığını və ondan xidməti vəsiqəsinə baxmağımın mümkün olub-olmadığını soruşdum. "Mən "montyoram" nə vəsiqə, nə qanun. Mənə tapşırılan işi görürəm",- deyib yenidən fəaliyyətə başladı. İzah etməyə çalışdım ki, nəinki xəstəxanalara (nəzərə alsaq ki, əməliyyat otağında əməliyyat masasının üstündə xəstə var, bu lap qorxuncdu), heç yaşayış binalarına, evlərə də xəbərdarlıq etmədən elektrik enerjisinin kəsilməsi yolverilməzdir. O da cavabımı çox gözlətmədi. "Nə qayda-qanundan danışırsan eee. Mən qayda-qanun tanımıram. Sözün var idarəyə zəng vur şikayətini et",- deyib ardınca da bir nömrəni əzbərdən dedi. Məsələni araşdırmaq üçün həmin nömrəyə zəng vurdum. Telefon məşğul idi. Elə u vaxt diş sinirlərimin göynəməsindən əməliyyat otağına qaçdım. Həkim də ardımca gəlib vəziyyəti başa düşərək tibb bacısının köməyi ilə telefon işığında yenidən keyləşdirici iynələrlə sinirlərimi sakitləşdirdi. Bir müddət sonra elektrik enerjisinin verilməsi bərpa edildi. Uzun sözün kəsəsi xəstəxanadan çıxandan sonra "montyor"un verdiyi nömrəni yenidən yığdım. Özünü Nəsimi rayon Elektrik İstismar İdarəsinin işçisi kimi təqdim edən xanım şikayətərimi dinlədikdən sonra mənə bir nömrə verib bildirdi ki, şikayətlərinizi bizə yox, nəzarətçilərə deyin. Həmin nömrəni də yığıb telefonu açan xanıma özümü təqdim edərək və problemi təfsilatı ilə anladaraq açıqlama xahiş etdim. Xanım da mənə heç nə deyə bilməyəcəyini və bunun üçün idarəyə baş vurmağımın daha yaxşı seçim olduğunu çatdırdı. Bir kəlimə sözdən ötrü burdan durub idarəyə getməyə lüzum görmədim və "biz aydınlaşdırıb tədbir görərik",- demək əvəzinə məni əsəbi tonla idarəyə çağıran xanıma deyəcək söz tapmadım. Buradan deyə bilərəm ki, evlərin elektirk enerjisinin verilməsinə nə hoqqalar açırsız deyə bilmərəm, heç olmasa xəstəxanalara müdaxilə etməmişdən xəbərdarlıq edin. Əməliyyat masasında ölə biləcək insanları düşünün. Bunlar sizin də doğmanız ola bilər...