ATƏT Azəbaycanın səylərini dəstəkləyir Hadisə

ATƏT Azəbaycanın səylərini dəstəkləyir

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Macarıstanın Daxili İşlər Nazirliyi ilə birgə insan alverinin qarşısının alınması və ona qarşı mübarizə sahəsində çalışan Azərbaycanın hökumət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələrinin Budapeştə səfərini dəstəkləyir.
Beş günlük təcrübə səfəri Layihə Əlaqələndiricisinin "İnsan alverinə qarşı mübarizə" layihəsinin tərkib hissəsidir. Layihədən əsas məqsəd insan alverinə qarşı mübarizədə uğurlu təcrübələrin mübadiləsi və çıxarılmış nəticələrin müzakirəsini dəstəkləməkdir.
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski layihə ilə bağlı öz fikrini belə ifadə edib: "ATƏT istismar və müasir köləliyin hər formasına qarşı Azəbaycanın mübarizə səylərini dəstəkləyir. İnsan alveri ATƏT regionunda transmilli təhdiddir və biz bu ilin iyulun 25-də Azərbaycan Prezidentinin təsdiqlədiyi üçüncü Milli Fəaliyyət Planının icrasında Azərbaycana köməklik göstəririk. İnanıram ki, ATƏT-in iştirakçısı olan digər dövlətlərin uğurlu təcrübələrinin mübadiləsi insan alverinin qarşısının alınması və təqibi, eləcə də insan alveri qurbanlarının müdafiəsində daha da irəliləmək üçün Azərbaycana kömək edəcək".
Azərbaycan nümayəndə heyətinə Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin üç vətəndaş cəmiyyəti təşkilatının nümayəndələr daxildir. Onlar Macarıstanın Daxili İşlər Nazirliyi, Milli Təhqiqat Bürosu, İctimai İdarəçilik və Ədliyyə Orqanı, həmçinin İnsan Alveri Qurbanlarına Dəstək Xidməti, Ailə və Sosial Siyasət İnstitutu, Milli Böhran Telefon Məlumat Mərkəzi və digər hökumət agentlikləri ilə görüşlər keçirəcəklər.
Nümayəndə heyəti həmçinin Mosonmagyarovar şəhərində insan alveri qurbanları üçün olan sığınacağı ziyarət edəcək.