Yeni tikilən və dağılan yollarımız Hadisə

Yeni tikilən və dağılan yollarımız

Asfaltın kefiyyəti aşağı olduğundan yollar tez sıradan çıxır
Ağır tonnajlı avtomobillər də yolların dağılmasına səbəb olur

Bu bir faktdır ki, yeni çəkilən yolun rahatlığını doyunca yaşamamış o artıq dağılmağa başlayır. Onun təmiri zamanı tıxaclar, qazılmış çuxurlar nəticəsində yaranmış narahatlığı yenidən yaşamalı oluruq. Mütəxəssislərin fikrincə, xüsusilə Bakıda şəhər daxili yollar çəkilərkən şirkətlər ucuz asfalta qaçırlar və belə asfaltda parafinin səviyyəsi yüksək olur. Şirkətlər asfaltın tərkibindəki parafini təmizləmirlər, çünki bu, ayrıca prosesdir və asfaltın qiymətini artırır. Məhz bu səbəbdən şirkətlər ucuz asfaltdan istifadə etməyə üstünlük verirlər. Nəticədə, az xərc çəkməklə daha çox qazanc edirlər.
Əslində isə yol çəkilişi nəzəriyyəsinə görə yola tökülən asfaltın keyfiyyəti onda işlədilən bitumun tərkibindəki parafindən asılıdır. Adətən, bitumun tərkibində parafin çox olduqda asfaltın keyfiyyəti aşağı düşür. Aşağı temperaturlarda parafini yüksək olan bitum əsasında çəkilmiş asfaltda kristallaşma prosesi baş vermiş yollarda çatlar yaranır, bu isə daha sonra dərinləşərək bəzi yerlərdən asfalt laylarının qopmasına və çalalar yaranmasına səbəb olur.
Mütəxəssislər qeyd edir ki, sadalananlarla yanaşı yol tikintisi ilə məşğul olan podratçı şirkətlər yolun keyfiyyətinə də zəmanət verməlidir. Avropa ölkələrində bu təcrübə geniş yayılıb. Məsələn, Almaniyada Hitlerin vaxtından salınan yollar hələ də istifadə olunur və heç bir təmirə ehtiyac yoxdur. Bəzi ölkələrdə isə yol tikinti şirkətləri asfalt-beton örtüyünə 50 illik zəmanət verirlər. Şirkət yolun örtüyündə baş verən hər hansı qüsura birbaşa məsuliyyət daşıyır və ehtiyac olduğu təqdirdə bütün təmir işlərini öz öhdəsinə götürür. Amma təəssüf ki, bizdə bu təcrübədən elə də geniş istifadə edilmir.
Nəqliyyatçıların hüquqi problemlərinə yardım ictami birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun fikrincə, yolların keyfiyyəti şirkətlərin yol çəkilişi texnologiyasına düzgün riayət etməməsi ilə bağlıdır: "Bizdə yolların çoxunu qış vaxtı - noyabr, dekabr aylarında çəkirlər. Yəni yol nəm və soyuq olur, asfalt yaxşı bərkimir. Həmçinin qruntu yaxşı presləmirlər, məsələn, hər hansı kommunikasiya xəttini çəkmək üçün xəndək çəkilir və ya çala qazılır, sonra onun üstü torpaqlanır, malalanır və yaş-yaş üstü asfaltlanır. Belə asfalt nə şaxtaya, nə də istiyə duruş gətirə bilməz".
Ekspert bildirir ki, yağışlı-qarlı başqa ölkələrdə yollar, əsasən, şaxtalı havalarda yola səpilən duzlar və ya başqa kimyəvi qatışıqlar üzündən dağılır. Amma qışda duz, qum səpilməyən yollar buz bağlayır və buz açılandan sonra darmadağın olur. Mütəxəssisin fikrincə, bu, o deməkdir ki, yol çəkilişi zamanı istifadə edilən komponentlər keyfiyyətsizdir. Aparılan araşdırmalar onu da göstərir ki, həddən artıq yüklənmiş yük maşınları da yolları dağıdır. Xüsusən gecə vaxtı yola çıxan yük maşınları həddən artıq yüklənməklə böyük həcmdə vəsait xərclənərək ərsəyə gələn avtomobil yollarının tez bir zamanda sıradan çıxmasına səbəb olur.
Hüquqşünas Ərşad Hüseynov deyir ki, Nəqliyyat Nazirliyində yollara nəzarət edən xüsusi orqan var. Xaricdən xüsusi tərəzilər gətirilib. Tərəzilər avtomobilin xəbəri olmadan da onun çəkisinin normadan artıq olmasını müəyyənləşdirə bilər. Ərşad Hüseynov burda şirkətlərin də günahının olduğunu deyir: "Əksər hallarda sürücü işinə görə sadəcə əmək haqqı alır. Avtomobil isə hansısa şirkətə aid olur. Sürücü də, yükün sahibi, onu göndərən və qəbul edən də bilir ki, bu avtomobilin icazə verilən maksimum kütləsi var. Nazirlər Kabinetinin qərarı var ki, hər bir oxa görə maksimum nə qədər yük düşür. Yük parametrlərinin dəqiq meyarları, göstəriciləri var. Normadan artıq olanda yola çıxmaq olmaz. Bundan başqa, İnzibati Xətalar Məcəlləsində bununla bağlı kifayət qədər sərt cəza var. 1500 manat cərimə nəzərdə tutulur. Əgər təkrar törədilərsə, məsələ sürücülük vəsiqəsinin şəxsin əlindən alınmasına qədər gedə bilər".
"Müstəqil Nəqliyyatçılar" ictimai birliyinin sədri Natiq Ələkbərov isə bildirdi ki, görülən işlərə rəğmən, yenə də qaydalar pozulursa, demək ki, bu istiqamətdə nəzarət artırılmalı, daha sərt olmalıdır: "Davamlı şəkildə ciddi nəzarət edilməlidir. Başqa yolu yoxdur".
Memarlıq və İnşaat Universitetinin Nəqliyyat Tikintisi və Yol Hərəkətinin Təşkili Kafedrasının müəllimi Alim Binnətov bu barədə deyir: "Avtomobil də istənilən qurğu kimi hər hansı bir yükə hesablanıb. Yollar elə salınmalıdır ki, ən azı 15 il, ən çoxu 18 il örtüyü dağılmadan xidmət etsin. Eyni zamanda icazə verilən yük həddinə də diqqət edilməlidir. Ancaq cəmiyyətdə bu qaydaya riayət etməyən xeyli sayda insan var. Təbii ki, onlar normadan artıq yük daşıyanda yol geyimi dözməyib dağılır. Bunun qarşısını almaq qeyri-mümkündür. Necə ki, cinayətkarların, oğurluq hallarının qarşısını tam və birdəfəlik ala bilimirik, eynilə də bunun qarşısını ala bilmirik. Bu, bütün dünyada belədir. Onu da qeyd edim ki, bir çox ölkələrdə yük daşınması üçün ümumi avtomobil yollarından deyil, təsərrüfat yollarından, onlar üçün ayrılmış xüsusi yollardan istifadə edirlər. Azərbaycanda da belə yolların salınması məqsədəuyğun olardı".
Yükü normadan artıq olan maşınların sürücüləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, cərimələnirlər. Yük hissəsi açıq olan maşınların sürücüləri də müəyyən məbləğdə cəriməyə məruz qalırlar. Hazırkı vəziyyət göstərir ki, ağır tonnajlı avtomobillər həqiqətən də yolların tez sıradan çıxmasında müəyyən rol oynayır. Ən azından ona görə ki, avtomobil yolları layihələndirilərkən və inşa edilərkən müəyyən buraxıla bilən yükə hesablanır. Amma reallıqda məsələn, tikinti materialları, daş, sement, çınqıl və s. daşınmasına xidmət edən maşınlar o normaları gözləmir.
Həqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov yolların dözümsüzlüyünü asfaltın keyfiyyətsizliyi ilə deyil, ifrat yüklənmə ilə izah edir: "Yolu çəkəndə hesablanır ki, buradan gündə 50 min avtomobil keçəcək. Amma sonra məlum olur ki, buradan gündə 200 min avtomobil keçir və onların da tonnajı normadan xeyli yüksəkdir. Həmçinin yolların keyfiyyətdən düşməsində ikinci səbəb oradan keçən kommunikasiya xətlərinin problemləridir. Bu xətləri çəkərkən yolun birbaşa yatağını dağıdırlar, nəticədə üzəri asfaltlandıqdan sonra yolda dalğalar əmələ gəlir. Aparılan araşdırmalara görə, iritonnajlı yük maşınları bu gün yol infrastrukturunun daha tez sıradan çıxmasında mühüm rol oynamaqda davam edir. Bununla bağlı müvafiq dövlət strukturları nəzarəti daha da sərtləşdirib".
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev hər bir avtomobil üçün norma müəyyənləşdirildiyini vurğuladı: "Maşınların çəkisi onların ölçüsü ilə müəyyən edilir. Yük avtomobilinin hündürlüyü 4 metri keçməməlidir. Uzunluğu 20 metr, eni isə 2 metr 55 santımetrdən artıq olmamaq şərtilə avtomobilin çəkisi yüklə birgə maksimal 44 ton olmalıdır. Əslində Bakı və Abşeron ərazisində iri tonnajlı avtomobillərin ümumi çəkisi 44 tonu ötməməlidir. Lakin yük maşınlarının əksəriyyətində bu normativə əməl edilmir. Maşınların 95 faizi normadan artıq yük daşıyır ki, bu da hərəkət zamanı yolların dağılmasına səbəb olur".
P.Mürsəliyevin sözlərinə görə, keçirilən reydlər zamanı başqa bir problem də aşkarlanıb: "Maşınlara yük qeyri-bərabər yüklənir. Bu, avtomobillərin çəkilməsi zamanı məlum olub. Tutaq ki, yük maşınının qabaq tərəfi 8 ton gəlməli olduğu halda, bu rəqəm 12-16 ton arasında dəyişir. Reydlər Nazirlər Kabinetinin 104 saylı qərarına əsasən keçirilir. Bununla əlaqədar müxtəlif ərazilərdə xüsusi tərəzi postları da quraşdırılıb. Normadan artıq yük vuran maşınların sürücüləri barədə İnzibati Xətalar Məcəlləsinin 164.0.10-cu maddəsi ilə protokol tərtib olunur. Bu zaman fiziki şəxslər 31-51 manat arası cərimələnir. Vəzifəli şəxslər üçün cərimə 500 manata çatır. Hüquqi şəxslərsə 2000 manata qədər cərimələnə bilər".
P.Mürsəliyevin sözlərinə görə, saxlama əmrinə tabe olmayan yük avtomobilləri ilə bağlı məlumatlar aidiyyəti qurumlara göndərilir: "Biz sadəcə öz səlahiyyətlərimiz çərçivəsində tədbirləri davam etdiririk. Eyni zamanda bütün sahibkarlar, yükdaşıma ilə məşğul olan sürücülər, həmçinin karyer sahibləri maarifləndirilib. Onlara müvafiq qanunvericiliyin tələbləri izah olunub. Onlara bildirilib ki, artıq yükləmə nəticəsində sıradan çıxan yollar həmin şəxslərin hesabına təmir ediləcək. Amma, hələ ki, real nəticə yoxdur".
Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov bildirir ki, ağırtonnajlı avtomobillərin şəhərdə hərəkəti ilə bağlı hələ 2006-cı ildə tədbirlər planı hazırlanmışdı: "Planda göstərilirdi ki, ağırtutumlu avtomobillərin Bakı şəhərinin mərkəzi yollarına girişi qadağan olunsun. Lakin buna əməl edilmədi. Ona görə də bu gün Bakı şəhərində tıxacların yaranmasının və yolların bərbad hala düşməsinin ən başlıca səbəbkarları məhz iritutumlu yük maşınlardır. Avropa ölkələrində nəqliyyat sisteminə öz yanaşma proqramları var. Məsələn, orada hər bir ölkədə iritutumlu maşınlar, eləcə də ictimai nəqliyyat üçün xüsusi yollar hazırlanır.
Bütövlükdə götürəndə Bakı şəhəri yenidən tikilir, hər yerdə tikinti işləri gedir. Hündürmərtəbəli binalarla yanaşı, böyük ticarət mərkəzləri inşa edilir. Halbuki belə tikililər şəhərin kənarına çıxarılmalıdır. Yaxud tikilən binalara ağırçəkili avtomobillərin gəliş-gedişi qaydaya salınmalıdır. Nə qədər ki, bu məsələlər həll edilməyib, Bakı yolları problemli olaraq da qalacaq".
Xatırladaq ki, dəfələrlə yollarda ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkətinə qadağalar qoyulsa da, bunun qarşısını hələ də almaq mümkün olmayıb. Hazırda bununla bağlı aparılan reydlər davam etdirilir, cərimələrin məbləği artırılıb. Fiziki şəxslər 600 manatdan 700 manatadək, vəzifəli şəxslər 1200 manatdan 1800 manata qədər cərimə ödəyir. Hüquqi şəxslər üçün isə 4 min manatdan 5 min manatadək cərimə nəzərdə tutulub.

Ülviyyə Tahirqızı