İnsanların xərçəngə tutulmasının əsas səbəbi çirkli havadır Hadisə

İnsanların xərçəngə tutulmasının əsas səbəbi çirkli havadır

Telman Zeynalov: "Yerli ağaclar qırıldığından havada çirklənmənin səviyyəsi artıb"
Ərşad Hüseynov: "Avtomobillərin texniki sazlığı ilə yanaşı, yanacağın tərkibinin normal olması da vacibdir"

Beynəlxalq ekologiya təşkilatlarının məlumatına əsasən, Avropada havaya çirkli maddələrin buraxılmasına görə Polşa və Bolqarıstan liderdir. Fransada da təhlükəli vəziyyət var, burada 100 min nəfər xərçəng xəstəsidir. Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı xərçəngi ürək-damar xəstəliklərindən sonra dünyada ən çox yayılmış xəstəlik siyahısına salıb. Mütəxəssislərin proqnozlarına görə, qarşıdakı 20 ildə daha 25 milyon insan xərçəngə yaxalanacaq. Bu halların böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə baş verəcək.
Onkoloji Xəstəlikləri Öyrənmə Beynəlxalq Agentliyinin yeni hesabatına görə, insanların xərçəng xəstəliyinə tutulmasının əsas səbəbi çirkli havadır. Rusiya mətbuatının yazdığın görə, kanserogenlə zəngin çirkli havaya görə, 2010-cu ildə 223 min insan ölüb. Bu məsələdə ən ağrılı vəziyyət Çin və Hindistandadır. "Asiyada, Cənubi Amerikada, inkişaf etməkdə olan ölkələrdə xəstəliyə yaxalananların sayı durmadan artır. Çində havanın çox çirkli olmasına görə vəziyyətin bərbad olması hər kəsə məlumdur. Bir çox ölkələr oxşar problemlərə qarşılaşırlar. Amma bunu artıq hamı dərk eləməlidir ki, planetimizdəki hava hamıya məxsusdur və onun təmizliyinin qayğısına hər kəs qalmalıdır", - bu sözləri "BMT Radiosu"na müsahibəsinə adıçəkilən agentliyin nümayəndəsi Dana Lumis deyib.
Ekoloq Telman Zeynalov bildirir ki, hər adama ildə orta hesabla 400 kq oksigen lazımdırsa, hazırda Bakıda bu qədər oksigen yoxdur. Onun sözlərinə görə, paytaxtdakı oksigen qıtlığının səbəbi ağacların qeyri-planlı şəkildə əkilməsidir. Ekoloq deyir ki, çinar, şam ağaclarının tərkibində "çeçevit" adlı maddə var ki, həmin maddə havada olan bütün zəhərli maddələri tutaraq məhv edir: "Alimlər hesablayıblar ki, ağcaqayın, yabanı armud və digər bir sıra ağacların yaşıl yarpağının hər kiloqramı 15 nəfər adamı öldürə biləcək benzolu tutub saxlayır. İndi bütün yerli ağaclar qırıldığından havada çirklənmənin səviyyəsi artıb".
1989-1990-cı illər ərzində atmosferə 2846,17 min ton, o cümlədən sənaye müəssisələrindən 2008,6 min ton, avtomobil nəqliyyatından 737.57 min ton çirkləndirici maddələr daxil olub. Mütəxəssislərin bildirdiyinə görə, bu göstəricilər atmosfer havasına buraxılan maddələrin miqdarını heç də tam əks etdirmir. 1990-cı ildə respublika üzrə atmosferə stasionar mənbələrdən, sənaye müəssisələrindən atılan zərərli maddələrin miqdarı 2108,6 min ton, o cümlədən bərk maddələr 148,1 min ton, kükürd 4-oksid 9,3 min ton, karbon 2-oksid 70,6 min ton, azot oksidləri 59,2 min ton, karbohidrogenlər 1705,8 min ton və digər maddələr 7,3 min ton olmuşdur. Azərbaycanda yaranan tullantıların əsas hissəsi (66.1 faiz) Bakı şəhərinə aiddir. Bu göstərici Sumqayıt üzrə 4.5 faizi, Mingəçevir üzrə 2.1 faiz, Şirvan şəhəri üzrə isə 4.5 faiz təşkil edir. Bakı və Sumqayıt şəhərlərində ekoloji təhlükənin yaranmasına səbəb olan əsas kimyəvi tullantılar ammonyak, hidrogen-sulfid, fenol, xlor, polisiklik aromatik karbohidrogenlər hesab olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi saytında qeyd edilir ki, "Bakı şəhəri üçün havanın spesfik çirkləndiricilərindən toz, dəm qazı, azot 4-oksid, his və furfurolun miqdarı ayrı-ayrı günlərdə yol verilən qatılıq həddini ötür". Nazirliyin məlumatına görə, ölkədə havaya atılan tullantıların 75 faizindən çoxu avtomobil nəqliyyatının payına düşür. Məsələn, 2010-cu ildə ölkə üzrə havaya 957 min ton tullantı atılıb ki, bunun da 742 min tonunun (77 faizinin) mənbəyi avtomobillərdir. Bu, orta dünya göstəricisindən üç dəfə yüksəkdir - beynəlxalq təşkilatların məlumatına görə, hazırda dünya üzrə istixana qazlarının yalnız 25 faizi avtomobillərin payına düşür və beynəlxalq təşkilatlar 2035-ci ildə bu göstəricinin 46 faizə çata biləcəyindən də həyəcanla danışırlar.
ETSN saytından o da görünür ki, son illərdə Azərbaycanda havaya atılan tullantıların miqdarı ildən ilə artmaqdadır. Əgər 2002-ci ildə respublika üzrə havaya 0,75 milyon ton tullantı atılırdısa, hazırda bu rəqəm 1 milyon tonun ətrafında dəyişir. Halbuki, son illərdə sənaye sektorunun restrukturizasiyası nəzərə alındıqda, bu, baş verməməli idi. Çünki son on ildə ölkə üzrə mazutla işləyən bütün istilik elektrik stansiyaları (İES) havaya qat-qat aşağı tullantı atan buxar-qaz generatorları ilə əvəzlənib. Mənəvi köhnəlmiş bir sıra kimya, maşınqayırma, neft-kimya, tikinti materialı müəssisləri bağlanıb və az sayda açılan müəssisələr isə atmosferi qat-qat aşağı səviyyədə çirkləndirir. Amma bununla belə, ölkə üzrə havaya atılan tullantıların miqdarı artır. Tanınmış ekoloq, Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun əməkdaşı, professor İslam Mustafayev bunu ölkə üzrə avtomobillərin sayının artması ilə bağlayır: "Əgər Bakıda 2000-ci ildə 400 mindən az avtomobil vardısa, indi 1,1 milyonu keçir". Onun sözlərinə görə, əsas problem avtomobil parkının köhnə olmasındadır: "Mühərriklər saz vəziyyətdə işləmir, qaz-toz tutucu avadanlıqla təchiz olunmayıb. Bir çox hallarda yapon maşınlardan katalik absorbent süzgəcləri baha olduğundan çıxarılır və buna görə də avtomobillərin havaya atdığı tullantıların miqdarı artır".
Professor Nizami Süylemanovun fikrincə ən müasir avtomobillərdə belə, yanacaq tam yanmır və yanacağın 20 faizdən 40 faizə qədəri yanmamış və ya yarım yanmış halda çölə atılır. Alimin sözlərinə görə, onun rəhbərliyi altında yaradılmış nanokatalizatorlar mühərriklərə bağlandıqdan sonra 100 faizə yaxın yanma göstəricisi almaq mümkündür: "Nanokatalizatorların verdiyi pozitiv enerji yanacaqda molekulyar səviyyədə boşalma verir. Adi halda yanacağın dipollar arası əlaqəsində həmişə sıxılma olur, həmin sıxılma enerjisini neytrallaşdırdıqda, yanacaq injektordan və karbüratordan keçən zaman bir damla əvəzinə, minlərlə damla yaranır, nano ölçülərə qədər xırdalanma gedir və yanma təmiz gedir". Alimin sözlərinə görə, indiyə qədər nanokatalizatorlar quraşdırılmış mühərriklərin verdiyi nəticələr Azərbaycanın bütün avtomobil parkını çağdaş standartlara uyğunlaşdırmağa imkan verər.
Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun bildirdiyinə görə, ətraf mühitin mühafizəsində istifadədə olan avtomobillərin texniki sazlığı ilə yanaşı, yanacağın tərkibinin normal olması da vacibdir. Onun fikrincə, Azərbaycanda avtomobillərə sərf edilən yanacağın keyfiyyətini müəyyənləşdirən müstəqil laboratoriyalar fəaliyyət göstərməlidir: "Azərbaycanda əsasən A-92 və A-95 benzinləri işləkdir. Bu rəqəm benzinin tərkibində oktan ədədinin göstəricisidir, oktan ədədi yanmaya kömək edir. Benzinin tərkibində oktan ədədi aşağı olduqda yanma normal getmir, oksidləşmə tam baş vermir və his, ən təhlükəli qaz olan dəm qazı əmələ gəlir və yolverilən hədlər pozulur. Həm avtomobili sıradan çıxır, həm də ətraf mühit zəhərlənir. Amma A-92 əvəzinə A-85 olduqda ən müasir avtomobil də işləyə bilir, amma sürücü bunu anlamır. Anormal yanma zamanı əməl gələn nitrat birləşmələri, azot-oksidləri xərçəng törədən zəhərli qazlardır. Ən təhlükəlisi benzo-prin deyilən maddədir, o orqanizmə daxil olduqda, xaric olmur.
Yanacağın keyfiyyətsizliyi yanacaqdoldurma məntəqələrində də baş verir. Benzin çəndə uzun müddət qalanda da keyfiyyəti aşağı düşür. Benzin uçucu maddə olduğundan oktan ədədinin əmələ gətirən maddə ən tez buxarlanır. Azərbaycanda 1 milyon avtomobil var, amma tək bir ekologiya postu fəaliyyət göstərir".
Neft emalı üzrə mütəxəssis Allahverdi Nuriyevin bildirdiyinə görə, Bakı neftinin tərkibi hərtərəfli öyrənilməli, sonra tətbiq olunmalıdır: "Məsələn, neftin tərkibində kükürd artıq olduqda, ondan istehsal edilən benzinin tərkibi yanma zamanı daha çox zəhərli qaz buraxır. Digər tərəfdən, neft qiymətli məhsuldur. Mendeleyevin bir fikri var: "Əskinası yandırmaq olar, nefti yox", neftdən 10 mindən çox sintez alınır. Bakı nefti də tərkibinə görə zəngin olduğuna görə geniş tədqiq olunmalıdır. Neftayırma zavodlarında alimlər elə üsul tapa bilər ki, istehsal edilən benzinin tərkibinə vurduqda yanma zamanı zəhərli qaz buraxmasın. Həm də Bakı dağlar əhatəsində və çökəkdə olan yerdir, Xəzər dənizi okean səviyyəsindən 24 metr aşağıdadır, bu da çirklənməni artırır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərov bildirir ki, departament qanunvericilikdən irəli gələn müvafiq nəzarət işini həyata keçirir: "Məsələn, ətraf mühitdə normativdən yuxarı olan inzibati xətalar baş verdikdə cəzalar tətbiq edirik. Ətraf mühitə dəyən ziyana görə iddialar veririk". Mirsalam Qəmbərovun bidirdiyinə görə, nəqliyyat vasitələrinin mühərriklərindən il ərzində 500 min tondan da artıq çıxan dəm qazı, azot birləşmələri, dizel yanacağı ilə işlədikdə isə daha zərərli oksigenli birləşmələr atmosfer havasını çirkləndirir: "Avtonəqliyyat vasitələrinin sayı sıçrayışla artır. Burada bir səbəb nəqliyyat vasitələrinin mühərriklərinin saz olmaması ilə bağlıdırsa, digər səbəb yanacaqla əlaqəlidir. Əsas məsələ isə yanacağımızın standarta uyğun olmamasıdır. Doğrudur, Abşeron yarımadasında çıxarılan neftin tərkibi aromatik karbohidrogenlərlə zəngin olduğu üçün yanma zamanı ətraf mühitə parafinlə, kükürd birləşmələri ilə zəngin olan neft tullantısı qədər ziyan dəymir. Amma bu, o demək deyil ki, Bakı nefti emal olunmamalıdır. Emal prosesində bu yanacaqlar müvafiq standartlara uyğun olmalıdır. Bizdə iki neftayırma və bir qaz emalı zavodu var ki, bu zavodlar mütərəqqi texnologiyalara cavab vermir, istehsal olunan yanacaq standarta uyğun qurğularla təmizlənməlidir. Kükürd, parafin birləşmələrindən təmizlənmələr olur, amma digər ölkələrdəki ekoloji qurğular hələ ki, bizim ölkədə yoxdur. Biz Ekologiya Nazirliyi olaraq Azərbaycanın mövcud vəziyyətinə uyğun 4-5 dövlət proqram hazırlayıb hökumətə vermişik, qəbul olunub. Alternativ nəqliyyat vasitələri - tramvaylar, trolleybuslar, elektron idarəolunma maşınları, sıxlığı çox olan şəhərlərdə velosipeddən istifadə kimi təkliflər irəli sürmüşük. Hesab edirəm ki, bu məsələdə geniş maarifləndirmə işləri də aparılmalıdır".

Ülviyyə Tahirqızı