Pandemiya dövrünün telekanalları Hadisə

Pandemiya dövrünün telekanalları

Koronavirus pandemiyası uzandıqca bundan zərər görən sahələrin də çevrəsi genişlənir. Hər gün insanları cəmiyyətdə baş verən hadisələr barədə məlumatlandıran televiziyalar da pandemiyadan zərər çəkən sahələr sırasına əlavə olunmaqdadır. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov koronavirus pandemiyasının xüsusilə kommersiya telekanallarına vuracağı zərbədən danışıb.
MTRŞ-nin sədri hətta bu televiziyaların bağlanma ehtimalının olduğunu da söyləyib: “Ehtimal var ki, iqtisadi səbəblərlə bağlı kanalların sayında azalma olacaq. Elə telekanallar var ki, onlara ya dövlət, ya da digər kommersiya qurumlarından dotasiya ayrılır. Bu kanalların durumu o qədər də çətin deyil, çünki onların stabil, əvvəlcədən proqnozlaşdırılmış gəliri var. Azərbaycanda bir neçə kanal da var ki, onların büdcəsi ancaq kommersiya gəlirlərindən asılıdır. Onların əlavə dotasiyası, başqa biznesi, ehtiyatları yoxdur, iqtisadi durumları sırf reklamdan asılıdır.
Bu il reklam gəlirlərinin 15-30 faiz aralığında azalması gözlənilir. Hələ ki, kommersiya kanalları bunu hiss etməyib. Çünki televiziya biznesində işləyənlər bilirlər ki, adətən reklamdan gəlir 3-4 aydan sonra olur. İndi kommersiya kanallarının reklamla bağlı aldığı vəsaitlər faktiki fevral, mart, hətta yanvar ayında verilmiş reklam hesabına gəlir. Çünki 3-4 aylıq gecikmə həmişə olur, bu, normaldır. Karantin rejimi mart ayından başlayıb və indi kanallar azalmanı kəskin surətdə hiss etməyə başlayırlar. Getdikcə onların gəliri azalacaq. Ən ağır sentyabr, oktyabr, noyabr ayları olacaq.
Biz bilmirik ki, karantin müddəti nə qədər çəkəcək. Bütün kanallarda isə adətən sentyabr-oktyabr aylarında yeni televiziya mövsümü başlayır. İldə bir dəfə bizdə də, dünyada da bütün kanallarda yenilənmə gedir. Bir tərəfdən həmin dövrdə kanallar daha çox xərc çəkməlidir, digər tərəfdən həmin vaxt reklam gəlirləri çox kəskin surətdə düşəcək. Ona görə ən ağır dövr sentyabr-oktyabr aylarında gözlənilir. Kommersiya kanallarının həqiqətən əziyyət çəkəcəyi mümkündür. Vəziyyət lap kritik də deyil, ancaq müəyyən risklər var”.
İsmət Səttarov deyib ki, yaranmış situasiya telekanalların təqdim etdiyi kontentin səviyyəsinin düşməsinə gətirib çıxara bilər.
Bəs mövcud şəraitdə büdcəsi sırf reklam gəlirlərindən formalaşan özəl telekanalların vəziyyətdən çıxış yollarını nədə görürlər?
Azad Azərbaycan Telekanalının (ATV) icraçı direktoru İsmayıl Həsənov sözlərinə görə, koronavirus pandemiyası dövründə artıq reklam gəlirlərində azalma müşahidə olunur: “ATV 100 faiz kommersiya telekanalıdır. Bütün büdcəsi kommersiya gəlirlərindən formalaşır. Pandemiya dünyada olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın bir sıra sahələrinə ziyan vurub. Bundan KİV də öz “payını” aldı. Hazırda ATV də digər kommersiya telekanalları kimi reklam gəlirləri ilə bağlı problemlər yaşayır. Düzdür, bu gün biz maliyyə çatışmazlığını bir o qədər də hiss etmirik. Reklam yayımından sonra reklam ödənişlərində gecikmələr olduğu üçün, hazırda pandemiyadan öncəki dövrün reklam ödənişləri edildiyindən bu azalma bir o qədər də hiss olunmur”.
Amma İsmayıl Həsənov pandemiya dövründə kommersiya telekanallarında reklamdan gəlirlərin itkilərinin 20-30, bəzilərində isə 40 faizə çatdığını söyləyir. Onun sözlərinə görə, gəlirlərin daha da aşağı düşməsi isə payıza proznozlaşdırılır: “Çünki payızda pandemiyanın iqtisadiyyata daha çox zərər vurduğu ayların reklam satışlarının ödənişlərini alacağıq. Bu aylarda reklam yayımları azaldığından biz ən böyük zərəri də payızda görəcəyik. Bu daralma təkcə yerli istehsalçıların reklamlarını azaltması ilə bağlı deyil. Çünki telekanallar yerli şirkətlərlə yanaşı, qlobal şirkətlərin də reklamlarını yayımlayır. Təəssüf ki, pandemiya bütün dünyanı bürüdüyü üçün qlobal şirkətlərin də gəlirləri azalıb”.
O ki qaldı reklam gəlirlərinin telekanallarda ixtisarlara səbəb olub-olmayacağına, İsmayıl Həsənov deyir ki, ATV telekanalı çalışır ki, pandemiya dövründə heç kəs işdən azad olunmasın: “Bunun nə qədər davam edəcəyi isə pandemiyanın davam etmə müddətindən asılı olacaq. Odur ki, bu gün kommersiya kanalları üçün çıxış yolu xərclərin optimallaşdırılmasıdır”.
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin qənaətinə görə, pandemiyanın reklam bazarına təsiri telekanallardan yan keçməyəcək: “Azərbaycanda dövlət televiziyası, İctimai Televiziya dövlətin ayırdığı vəsaitlə maliyyələşir. Amma bu gün ölkəmizdə xeyli sayda müstəqil telekanal da var. Onlara biz müstəqil kanal desək də, həmin telekanallar kommersiya televiziyalarıdır. Onların büdcəsi 100 faiz reklamdan formalaşır. Sözsüz ki, reklam bazarındakı mövcud vəziyyət reklam yayımlarını azaldacaq. Bu isə öz növbəsində telekanallarda rəngarəngliyə, keyfiyyətə təsirsiz ötüşməyəcək. Çünki həm xəbərlər proqramının, həmçinin də müxtəlif verilişlərin hazırlanması üçün komanda çalışır. Onların bir neçəsinin azlığı mütləq şəkildə hazırlanan materiala, süjetə, verilişə təsir göstərir. Odur ki, mən çox istərdim ki, dövlət müstəqil telekanallara da ən azı pandemiya dövründə dəstək göstərsin. Çünki dövlətimizin müstəqil qəzetlərə yardımla bağlı təcrübəsi var. Bu təcrübəni pandemiya dövründə özəl televiziyalara da şamil etmək lazımdır. Çünki özəl televiziyalar da əhalinin maarifləndirilməsində böyük rol oynayır. Bəzilərinin tamaşaçı kütləsi dövlətdən maliyyə alan telekanallardan çoxdur. Unutmayaq ki, maariflçilik işini ləngitmək olmaz!”