Azərbaycan səfirliyinin işçilərinə hücum Hadisə

Azərbaycan səfirliyinin işçilərinə hücum

Argentinada ermənilər Xocalı soyqırımı ilə bağlı tədbirin keçirildiyi binaya soxulmağa cəhd göstəriblər

Argentinada ermənilər səfirliyimizin əməkdaşlarına zor tətbiq etmək istəyiblər. Bu barədə XİN mətbuat xidmətindən məlumat verilib.
Belə ki, 24 fevral tarixində Azərbaycanın Argentinadakı səfirliyi və La-Plata Dövlət Universitetidəki Azərbaycanşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımı ilə bağlı tədbir zamanı ermənilər binaya soxulmağa cəhd göstəriblər.
Tədbirin başlanmasından öncə Argentina erməni icmasının nümayəndələri səfirliyin qarşısına toplaşaraq, bura gələn şəxslərin binaya girişinə mane olmağa çalışıb və tədbir iştirakçılarının ünvanına təhqiramiz ifadələr səsləndirib. Bununla yanaşı, səfirliyin əməkdaşlarına zor tətbiq etməyə cəhd göstəriblər.
Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində erməni icmasının təxribatının qarşısı alınıb. Tədbirə mane olmaq cəhdlərinin faydasızlığını görüncə erməni icmasının nümayəndələri 26 fevral tarixində Azərbaycan səfirliyinin qarşısında növbəti aksiyaya toplaşacaqlarını bəyan edərək, oradan uzaqlaşıblar.
Məlumat üçün bildirək ki, "Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasının regiondakı vəziyyətə təsiri" mövzusunda keçirilən seminarda Argentina rəsmi qurumları, diplomatik korpus, akademik çevrələr, müxtəlif dini və milli icma təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Xocalıda baş verənlər barədə məlumat verilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra La-Plata Universitetinin Azərbaycanşünaslıq kafedrası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi "Mən Azərbaycan haqda nə bilirəm?" inşa müsabiqəsinin qalibləri Rosario Universitetindən Alexandro Cardenas və Kordoba Universitetindən Clara Trillini müvafiq olaraq "Dağlıq Qarabağ məsələsi" və "Ermənistan-Azərbaycan münaqişəsi və BMT" mövzularında hazırladıqları yazılar əsasında çıxış ediblər. Habelə, hər iki natiq Azərbaycana səfərlərində ölkənin dinamik inkişafının, çoxmədəniyyətliliyinin, ölkədə təhsilə və gənclərin inkişafına verilən önəmin şahidi olduqlarını və Dağlıq Qarabağın erməni icmasının bu məqamları nəzərə almalarının vacibliyini bildiriblər.
La-Plata Universitetindəki Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi professor Paulo Botta Cənubi Qafqazdakı geosiyasi vəziyyət, Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirən strateji əhəmiyyətli enerji, infrastruktur və nəqliyyat layihələri, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bu layihələrdən kənarda qalmasından danışıb. Güc tətbiq etməklə bir dövlət tərəfindən digər dövlətin ərazilərinin işğalının yolverilməz olduğunu vurğulayan natiq, Ermənistanın inkişafı üçün ən optimal yolun Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına qoşulması olduğunu, bunun üçün ilk öncə Ermənistanın öz hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalı olduğunu deyib.
Səfir Məmməd Əhmədzadə münaqişənin kökləri, Ermənistanın təcavüzünün nəticələri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlər, münaqişənin nizamlanmasına dair Azərbaycanın mövqeyi barədə danışıb. Azərbaycanın regionun inkişafına verdiyi töhfələr və ölkəmizin təşəbbüskarı olduğu strateji layihələr barədə məlumat verən M.Əhmədzadə müxtəlif iqtisadi-sosial göstəricilərin qarşılıqlı müqayisəsini verməklə qısa müddət ərzində Azərbaycanla Ermənistan arasında Azərbaycanın xeyrinə formalaşmış böyük fərqi diqqətə çatdırıb. O, bu fərqin getdikcə daha da dərinləşəcəyini bildirərək, münaqişənin tezliklə nizamlanmasının Ermənistana və ümumilikdə regiona gətirəcəyi faydalardan bəhs edib.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xüsusi hazırlanmış materiallar paylanıb.

TURQUT