Pas basmış düşüncə sahibləri... Hadisə

Pas basmış düşüncə sahibləri...

Arzu Şirinova

Müsavatın qurultayında Arif Hacılı başqan seçiləndən sonra gözlənilənlər və proqnozlaşdırılanlar baş verdi. Yəni Müsavatda dəngələr pozuldu. Arif Hacılını qəbul etməyənlər bir-br istefa verdilər. Və bu prosesin davam edəcəyi bildirilir. Müsavat Partiyasında əməyi olan Nəsib Nəsibli də istefa verdi. Qadınlar Birliyinin sədri Ellada Məmmədli Nəsib Nəsiblinin istefasının səbəblərini bu cür açıqlayıb:"O, başqan seçkilərinin nəticələrindən razı qalmayıb və Qubad İbadoğlunun başqan olmasını çox istəyirdi. Müsavata ziyalı, alim olan bir şəxsin rəhbərlik etməli olduğunu düşünürdü. Lakin seçkidə hər şey başqa cür oldu. Qurultaydan iki gün sonra mənə zəng edərək Arif Hacılının başqan seçilməsi ilə əlaqədar başsağlığı verdi. Bir az fikir mübadiləsi etdik.
Partiyada fəaliyyəti ilə bağlı qərarını verəcəyini dedi. Üstündən bir qədər keçdikdən sonra yenidən zəng edərək istefa verəcəyini bildirdi. Mən çalışdım getməsin. Axırda bir həftə gözləməsini xahiş etdim. Çünki Nəzarət-Təftiş Komissiyasının ədalətli qərar verəcəyini düşünürdüm. Elə olsaydı, Nəsib bəy də istefa verməyəcəkdi. Nəzarət-Təftiş Komissiyası da hər şeyi olduğu kimi saxladı. Bütün saxtakarlıqlara, pozuntulara göz yumdu. Ondan sonra Nəsib bəy dedi ki, heç nə dəyişməyəcək. Bunlar özləri deyib, özləri eşidəcək. Daha heç nə deyə bilmədim. O da istefa ərizəsini yazdı. Hətta mən bəyanat verib getməsini təklif etdim. Amma o imtina etdi. Müsavatın onun üçün doğma olduğunu, partiyanı nüfuzdan salacaq addım atmaq istəmədiyini dedi".
Görünən odur ki, Qadınlar Birliyinin sədri də eyni addımı atmağa köklənib. Çünki Nəsib Nəsibliyə bəyanat verərək Müsavatdan getməsini məsləhət görən birinin Müsavatda qalması mümkünsüzdür. Bu illər ərzində İsa Qəmbərin başqan olaraq apardığı yanlış siyasətin nəticəsində Müsavatdan tanınan və hörmət olunan insanlar istefa veriblər. Bu sayaq insanlar Müsavatda çox az sayda qalmışdı. Artıq onlar da qırarlarını verib partiyadan gedirlər. Vəziyyətin bu həddə şatmasında yenə də İsa Qəmbər günahkar olsa da hələ ki, susur. Müsavatın dağılmasına seyirçi qalır. Əslində onu qınamağa lüzum yoxdur. Bütün bunları bilərək, bu insanların Müsavatdan gedəcəyini dərk edərək Arif Hacılıya qurultayda dəstək verib.
Əslində toxunacağım məsələ başqadır. Qeyd etdiyim kimi Müsavatda tanınan və hörmət olunan şəxslər olub və onlar istefa veriblər. Onlardan biri də Vurğun Əyyubdur. O Vurğun Əyyub ki, AXC hakimiyyəti dövründə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. Və bütün sahələrdə nöqsan axtarmağa çalışanlar bu sahədə heç nə tapmayaraq sadəcə susublar. Halbuki, həqiqət bundan ibarət olub ki, bir illik hakimiyyət dövründə təhsil sahəsindəki yenilik indi də davam etdirilir və təqdir olunur. Vurğun Əyyubun da necə işlədiyi hər kəsə bəllidir. Test imtahanından bəlli ballı toplaya bilməyən öz doğmasına belə güzəştə getməyən Vurğun Əyyubu bu gün Arif Hacılının qardaşı Mustafa Hacıbəyli qınayır ki, niyə Xəzər Universitetinə kafedra müdiri təyin olunub: "Vurğun bəyin yaxşı mütəxəssis olmasını danmıram. Amma Azərbaycanda yetərincə savadlı mütəxəssislər var ki, hakimiyyətlə əlaqələri olmadığı, naxçıvanlı olmadıqları, eləcə də müxalifətçi olduqları üçün vəzifə üzünə həsrətdirlər. Mən şadam ki, Vurğun bəy bu məhrumiyyətlərin üstündən keçə bilib. Son dövrlər Vurğun bəyin özünü İsa Qəmbərdən daha yüksək müsavatsevər göstərməsində suallar yaranır. Onu da düşünürəm ki, Vurğun bəyin də ailəsi var, onları dolandırmalıdır. Əminəm ki, Vurğun bəyin Xəzər Universiteti kimi bir yerdə kafedra müdiri təyin edilməsi Prezident Administrasiyasından gizli ola bilməzdi".
Mustafa Hacıbəyli Vurğun Əyyubun yaxşı mütəxəssiz olduğunu etiraf edir, ancaq sonra qınayır ki, nədən vəzifəyə gedib. Onun düşüncəsinə görə, vəzifəyə gedən hər kəs hakimiyyətlə yaxın olmalıdır. Həqiqətən də radikal müxalifət düşərgəsində olan bir qrup insanların düçüncəsində zərrə qədər də dəyişiklik olmayıb. İllər bundan öncə necə düşünürdülərsə, yenə də eyni pas bağlamış düşüncənin daşıyıcılarıdırlar. Düşüncənizdə elə də qalın. Ancaq bilin ki, Azərbaycanın güclənməsini istəməyən beynəlxalq təşkilatların və xarici ölkələrin pulu hesabına yaşayıb ailə dolandırmaqdansa, bu hakimiyyətin adamı olmaq daha şərəflidir.