İnformasiya cəmiyyətinin inkişafı üçün yeni strategiya hazırlanır Hadisə

İnformasiya cəmiyyətinin inkişafı üçün yeni strategiya hazırlanır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən cari ilin 9 ayı ərzində informasiya cəmiyyətinin inkişafı, "E-hökumət" həllərinin tətbiqinin genişləndirilməsi, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülüb.
Nazirliyin mətbuat xidmətindən "Trend"ə daxil olan məlumata görə, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" təsdiq edilib. Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb, tədbirlər üzrə tələb olunan maliyyə vəsaitləri müəyyənləşdirilib və hazırda Maliyyə Nazirliyi ilə razılaşdırılır.
Bu ilin 9 ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mobil cihaz qeydiyyat sisteminin fəaliyyəti davam etdirilib.
Hesabat dövründə 779,8 min ədəd cihaz qeydiyyata alınıb. Eyni zamanda "Elektron hökumət" portalı üzərindən mobil cihazların qeydiyyata alınması təmin edilib. Hazırda isə mobil cihazların qeydiyyatının elektron formada təşkil edilməsi ilə bağlı müvafiq işlər aparılır.
Qeyd edək ki, sözügedən strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir.