Çiynimi bala ağzı islatmadı …. Hadisə

Çiynimi bala ağzı islatmadı ….

Övlad həsrəti ilə yaşayan ailələrə dəstəyi nəzərdə tutan reproduktiv sağlamlıq haqqında qanun layihəsinin qəbul olunmasına ehtiyac var

Bəziləri körpəsini valideyn himayəsindən məhrum edərək uşaq evlərinə atsa da bir çox ailələrdə körpə hərarətlə arzulanır. Övlad arzusunda olanlar illərlə müalicə alır, külli miqdarda vəsait xərcləyirlər. Mütəxəssislər sonsuzluğu dağılan ailələrin səbəblərindən biri kimi göstərirlər.
Bu barədə Azərbaycan Tibb Universitetinin mamalıq ginekologiya kafedrasının dissertantı Səidə Cəfərovanın bildirdiyinə görə, problem son 10 ildə əvvəlki illərlə müqayisədə daha qabarıq şəkildə özünü göstərir. Sonsuzluq daha çox endokrinoloji, yəni hormon pozğunluğu problemi ilə bağlıdır". Onun sözlərinə görə, sonsuzluq həm qadın, həm də kişi mənşəli olur: "Yəni bu, həm qadın xəstəlikləri, həm də kişi faktoru ilə bağlı ola bilər. Qadınla bağlı sonsuzluq neyrohumoral, endokrinoloji pozğunluq və boru faktorları nəticəsində ola bilir. Boru faktoru həm infeksiya, həm də keçirilmiş əməliyyatlar nəticəsində əmələ gələn bitişmələrdən olur. Bu səbəbdən əmələ gələn sonsuzluğu laparoskopik əməliyyat yolu ilə açmaq mümkündür. Bu baxımdan xəstə güclü infeksiyalara görə analiz olunmalıdır. Bilmək lazımdır ki, hansı güclü infeksiya fonunda boru keçiciliyi tutulub. Bundan sonra həmin infeksiyalara görə müalicə təyin edilməli, müalicədən sonra isə boruların keçiciliyini bərpa etmək lazımdır".
Ginekoloq bildirir ki, sonsuzluğa qarşı təyin edilən müalicələr nəticə vermədikdə laparoskopik əməliyyat yolu seçilir: "Bu yolla həm bitişmələr ayrılır, həm də borunun keçiriciliyi bərpa edilə bilir. Bu üsulların heç biri nəticə vermirsə, deməli, təbii mayalanmadan söhbət gedə bilməz, qadında süni mayalama həyata keçirmək lazımdır".
Endokrinoloji faktorlardan danışan Səidə Cəfərova qeyd edir ki, bu səbəbdən asılı olan sonsuzluqda əsas rolu qalxanvarı vəz oynayır. Qalxanvari vəzin funksiyasının pozğunluğu nəticəsində hormonal dəyişikliklər baş verir və bu zaman triyod hormonlar qalxır: "Bu hormonun qalxması digər ginekoloji hormonların pozulmasına gətirib çıxarır. Qadında kişi hormonları artır. Endokrinoloji faktorlar əsasən, sinir sistemi və qidalanma ilə bağlı olur. Ana olmağa hazırlaşan qadınlarda sinir sistemi sakit olmalıdır. Bundan başqa qalxanvari vəzinin profilaktik yoxlanılması həyata keçirilməlidir. Bizə müraciət edən qadınların 70 faizində demək olar ki, qalxanvari vəzində problem, ya da polikistoz var. Bunun səbəbi, 12-13 yaşlarda, sklin başlanması dövründə, yaranan problemlərlə bağlı həkimə müraciət etməməkdir. Bu, ən çox da rayon əhalisində müşahidə olunur, nədənsə, qız uşaqlarını həkimə gətirməkdən çəkinirlər. Şəhər əhalisi nisbətən aktivdir. Disfunksiyalar zaman keçdikcə daha ağırlaşmalar əmələ gətirir. Ana olmağa hazırlaşan qadınlar həm ginekoloji yoxlamadan keçməli, həm də qalxanvari vəzini yoxlatmalıdır".
Səidə Cəfərova problemdən çıxış yolu kimi qadınların tələsərək süni mayalanmalara üstünlük verməsini düzgün hesab etmir: "Qadınlar müalicədən nəticə görməyən kimi tez süni mayalanmaya gedirlər. Amma onlar anlamırlar ki, əgər təbii mayalanma alnmırsa, deməli, buna səbəb olan hansısa faktorlar var. Süni mayalama zamanı da həmin problemlər hamiləliyin inkişafına mane olacaq. Elə buna görədir ki, süni mayalanmaların 60-70 faizi baş tutmur. Hamiləlik ya inkişafdan qalır, ya da düşüklər baş verir".
Həkim-ginekoloq Aybəniz Xəlilova deyir ki, sonsuzluq yüzlərlə səbəbdən yarana bilən və tibb elminin inkişafına baxmayaraq, müalicəsi çətin, bəzən isə mümkün olmayan xəstəliklərdən biridir. Bu xəstəlik mütləq və nisbi ola bilər. Ginekoloqun sözlərinə görə, mütləq sonsuzluqda ailənin ömürlük uşaq sahibi olması mümkün deyil. Nisbi sonsuzluq zamanı isə yaranan problemin aradan qaldırılması, müalicə nəticəsində uşağın dünyaya gəlməsi mümkündür.
Aybəniz Xəlilova toksoplazmoz və ortimoz viruslarının qanda mövcudluğunun da sonsuzluq yaratdığını söylədi. Belə ki, qadınlarda hamiləlik olsa da, virusun təsirilə uşağın vaxtsız düşməsi baş verir. Təkrar olunan bu proses də sonsuzluq yaradır: "Toksoplazmoz prazoyl xəstəliyidir, törədicisi isə toksoplazma qondi parazitləridir. Bu xəstəlik bütün toxumalara təsir etsə də, əsasən, nevrotrop xasiyyətə malikdir. Bu virus insanlara bit, birə, taxtabiti, ağcaqanad və it dişləməsi vasitəsilə keçir. Onların dişləməsi zamanı sekret və ekssekret adlı viruslar orqanizmə daxil olur və toksoplazmoz xəstəliyi yaradır. Sözügedən virus hətta cinsi hüceyrələrin genlərinə də təsir edir. Əgər virus hamiləlikdən öncə aşkarlanarsa və dərhal müalicəyə başlanarsa, qadının yenidən hamilə qalması mümkündür. Ancaq virus gec aşkarlanan zaman müalicəsi çətinləşir, bəzən isə mümkünsüz olur". Həkim qana digər bir virusun - ortimozun əsasən çiy qidadan keçdiyini bildirdi. Yaxşı bişməmiş süd, yumurta və ət vasitəsilə keçən bu virusun qandan tamamilə təmizlənməsi üçün müalicə 3-9 ay ərzində aparılır. Orqanizmin müqaviməti zəif olan zaman isə müalicənin müddəti uzanır.
Ginekoloq müxtəlif itihabi və cinsi yolla keçən xəstəliklərdən sonra da sonsuzluğun yarandığını deyir. Həmçinin, sonsuzluğun yaranmasında qadınların daxili orqanlarının quruluşu da mühüm rol oynayır. Aybəniz xanım deyir ki, psixolojı amillər, stress törədən faktorlar da cütlüyün övlad sahibi olmasına maneçilik törədir: "Gündəlik stress qadınların sinir sisteminə mənfi təsir edir. Onun mayalanma prosesində bilavasitə iştirak edən daxili orqanlarının funksiyasını pozur. Bu da tədricən sonsuzluğa gətirib çıxarır". Həkim qeyd edir ki, iltihabi xəstəliklər nəticəsində yaranan sonsuzluq zamanı müəyyən müalicə kursundan sonra hamiləlik mümkündür.
Qan qrupu birində mənfi, digərində müsbət rezurslu olduqda, sonsuzluq ehtimalı artır, ailələrin övlad sahibi olmaları çətinləşir: "Ailə qurmağa hazırlaşan gənclər bu fakta elə də məhəl qoymurlar. Çünki onlar gələcəkdə yarana biləcək problem haqda məlumatlı deyillər. Ancaq bizdən fərqli olaraq, ABŞ-da bu məsələyə çox ciddi yanaşırlar. Hətta bu ölkədə evləndikdən sonra gənclər problemlə üzləşməsinlər deyə, rezursları əks olanları bir-biri ilə evlənməyə icazə vermirlər". Həkim deyir ki, cütlüyün spirtli içkilər, tütün məmulatları, narkotik maddələrdən istifadə etməsi də sonsuzluğa gətirib çıxarır.
Ginekoloqun söylədiyinə görə, sonsuzluq problemilə üzləşənlər ilk öncə peşəkar həkimə müraciət etməli və bunun səbəblərini öyrənməlidirlər: "Cütlüyün ailə qurmasından 1 il ötübsə və uşaq yoxdursa, deməli, bunun ciddi səbəbləri var. Onlar mütləq bu işdə təcrübəsi olan peşəkar həkimə üz tutaraq, onun qoyduğu diaqnoz üzrə müalicəyə başlamalıdırlar. Bu vəziyyətdə ilkin yol kimi ginekoloqa müraciət edənlər də az deyil. Mən bunu doğru seçim hesab edirəm.
Ancaq bir faktı da unutmamaq lazımdır: hətta ginekoloq da sonsuzluq üzrə mütəxəssis deyil, onlar sadəcə, düzgün məsləhət verə bilərlər. Gənc qadının müraciət edəcəyi mütəxəssis lazımi təcrübəyə, diaqnostik aparatdan istifadə qabiliyyətinə və təcrübəli əməkdaşları ilə məsləhətləşmək imkanına malik olmalıdır. Sonsuzluğu doğuran səbəblər çoxdur. Onu müəyyən etməkdən ötrü birinci növbədə ultrasəs, infeksion, immunoloji müayinələrdən keçmək lazımdır. Müalicəyə yalnız sonsuzluğun səbəbləri dəqiqləşdirildikdən sonra başlamaq olar. Tələsik müdaxilə işləri korlaya bilər".
Aybəniz xanım çox vaxt belə halların baş verdiyini deyir. Sonsuz cütlük müasir diaqnostika vasitələri olmayan klinikaya üz tutur. Müayinə və müalicə imkanlarının kasad olmasına baxmayaraq, klinikanın həkimləri sınaq metodu ilə hərəkət etməkdən çəkinmirlər. Bir hormon digəri ilə əvəz olunur, bir neçə antibiotik kursu təyin edilir və s. Lakin müalicə nəticəsiz qalır. Pasientlər istəklərinə zərrə qədər də yaxınlaşmırlar. Əvəzində onlara xeyli vaxt və pul itkiləri qalır. Odur ki, uşaq sahibi olmaq istəyən gənclər problemləri ilə bağlı ilk növbədə xüsusi klinikalara müraciət etməlidirlər.
Həkimin dediyinə görə, uzunmüddətli müalicə zamanı ilk öncə xəstələrə dərmanların dərhal təsiri olmayacağını başa salmaq lazımdır. Çünki bir neçə müalicə kursundan sonra qəbul olunan preparatlar öz effektiv nəticəsini göstərir. Əlbəttə, əgər sonsuzluğa gətirib çıxaracaq ciddi bir səbəb yoxdursa: "Peşəkar həkim tərəfindən təyin olunan müalicə mütləq müəyyəm müddən sonra öz nəticəsini verir. Bəzi hallarda müalicənin heç bir təsiri olmur. Bu zaman isə ən sonuncu üsul, yəni, ekstrakorporal (süni) mayalanma məsləhət görülür: "Vəziyyət çarəsizdirsə, qadın yumurtalıqları lazımi inkişafdan qalıbsa, müalicə heç bir nəticə vermirsə, onda süni mayalanma metodunu tətbiq etmək məsləhətdir".
Həkim-psixoloq Xəyalə Məmmədovanın dediyinə görə, əksər hallarda ailə qurduqdan 1-2 il sonra cütlük hamiləliyin olmadığını görüb ciddi narahatlıq keçirir. Kişilər bu məsələdə təmkin göstərsələr də qadınlar buna ciddi reaksiya verirlər. Onlarda özünəqapanma, əhval-ruhiyyə düşkünlüyü özünü büruzə verir: "Hamilə ola bilməmələri onlara hər an mənfi təsir edir və bu da sonda depressiyaya gətirib çıxarır".
Elə Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun həkimi Leyla Məmmədova mətbuata verdiyi açıqlamasında bildirib ki, sonsuzluq probleminin artıq 10 faizi keçidiyini nəzərə alsaq, parlamentdə təcili olaraq bu cür ailələrə dəstək nəzərdə tutan reproduktiv sağlamlıq haqqında qanun layihəsi müzakirəyə çıxaılmalı və qəbul edilməlidir. Bu qanun layihəsinin qəbulunun gecikməsi sonsuz ailələrin sayının günü-gündən artmasına gətirib çıxarır. Ginekoloq bildirir ki, qanunun qəbulu ilk növbədə yeni nəsildə sonsuzluq probleminin xeyli qarşısını alacaq: "Bu qanunun qəbulu olduqca zəruridir. Çünki qanun layihəsində təkcə süni mayalanma nəzərdə tutulmayıb. Bu qanun layihəsində yeniyetmə dövrdə əhalinin həkim müayinəsindən keçirilərək sonsuzluğa səbəb olacaq xəstəliklərin erkən aşkarlanması kimi vacib məqam var. Hansı ki, yeniyetmə dövrdə əhalinin həkim müayinəsindən keçirilməsi gələcəkdə sonsuzluq təhlükəsi ilə qarşılaşan ailələrin sayını azalda bilər. Digər həssas məqam qanunun layihəsində ailə planlamasının, eləcə də maarifləndirmənin aparılmasıdır ki, bu məsələlər çox önəmlidir".

Ülviyyə Tahirqızı