Ermənistanın Azərbaycana qarşı cinayət faktları ilə bağlı Beynəlxalq Dəniz Təşkilatına müraciət edilib Hadisə

Ermənistanın Azərbaycana qarşı cinayət faktları ilə bağlı Beynəlxalq Dəniz Təşkilatına müraciət edilib

Azərbaycan Respublikası Dövlət Dəniz Agentliyi qədim dənizçilik tarixinə malik olan Azərbaycan dənizçilərinin adından BMT–nin nüfuzlu orqanı, 175 dəniz dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatına (IMO) müraciət ünvanlayıb.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən bildirilib ki, müraciətdə Ermənistanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri icra etməməsi, humanitar atəşkəs rejimini, habelə 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutması, Ermənistanın dəfələrlə atəşkəs rejimini pozması, nəinki münaqişə gedən Dağlıq Qarabağ ərazisində Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə də hücum cəhdləri, sentyabrın 27–də Ermənistanın növbəti təxribatı və bu günə qədər Azərbaycanın müharibə zonasından kənarda yerləşən, mülki əhalinin yaşadığı şəhər və qəsəbələrə eyni zamanda gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə çoxsaylı insan tələfatı və yaralanması ilə nəticələnən misli görünməmiş zərbə endirilməsi, dinc sakinlərə qarşı törədilən terror və cinayət əməlləri barədə faktlar qeyd olunub.

Dəniz Agentliyi BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının baş katibinə müraciətində Ermənistanın BMT-nin qəbul etdiyi qətnamələrin icrasına laqeyd mövqe nümayiş etdirməsinə xüsusi diqqət yetirmələrini önə çəkib.

Müraciətdə xüsusi vurğulanır ki, Azərbaycan 30 il ərzində münaqişənin dinc yolla həlinə çalışıb və hər zaman sülh tərəfdarı olub. Hətta dəfələrlə erməni tərəfinin mülki əhaliyə qarşı təxribat törətməsinə baxmayaraq, Azərbaycan heç zaman dinc əhaliyə qarşı hərbi güc tətbiq etməyib.