“Reklam haqqında qanun bütün neqativ halların qarşısını almalıdır” Hadisə

“Reklam haqqında qanun bütün neqativ halların qarşısını almalıdır”

Əli Həsənov: "Təklif olunan qanun layihəsi reklam bazarının inkişafına xidmət etməklə yanaşı, həm də yerli və xarici şirkətləri reklama həvəsləndirməlidir"

"Reklam haqqında" qanun layihəsi üzərində iş davam etdirilməlidir. Bunu Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Reklam haqqında" qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirəsi zamanı deyib.
Ə.Həsənov qeyd edib ki, layihədə mübahisə yaradacaq və reklam fəaliyyəti subyektlərinin narahatlığına səbəb ola biləcək müddəalarla bağlı ciddi müzakirələr aparılmalıdır.
"İşçi qrup həm müvafiq dövlət orqanlarından, həm də reklam istehsalçısı və yayımçılardan daxil olmuş təklifləri diqqətlə aradırmalı, reklam bazarının inkişafına xidmət edən əsaslı rəy və təklifləri nəzərə almalıdır".
Prezident Administrasiyası rəsmisi vurğulayıb ki, təklif olunan qanun layihəsi reklam bazarının inkişafına xidmət etməklə yanaşı, həm də yerli və xarici şirkətləri reklama həvəsləndirməli, reklam subyektlərinin fəaliyyətinə yersiz müdaxilələrin, ağır maliyyə sanksiyalarının, süründürməçiliyin, bürokratik əngəllərin və digər neqativ halların qarşısını almalıdır.
"Bundan başqa, qanun layihəsində reklamın verilməsi, hazırlanması və yayılması prosesini ağırlaşdıran, reklam subyektlərinin fəaliyyətini məhdudlaşdıran bir çox müddəalar yenidən nəzərdən keçirilməli, prosedur qaydaları maksimum sadələşdirilməli və şəffaflaşdırılmalı, sui-istifadə amili istisna edilməlidir".