Əmək kitabçaları ləğv olunacaq Hadisə

Əmək kitabçaları ləğv olunacaq

Səlim Müslümov müavinlərinin hansı vəzifələri icra edəcəyini açıqlayıb

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məişət zorakılığından zərər çəkən şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzlərinə akkreditasiya attestatlarının təqdim olunması tədbiri keçirilib. APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, son illərdə qəbul olunan "Məişət zorakılığının qarşısının alınması haqqında" və "Sosial xidmət haqqında" qanunlar məişət zorakılığından zərər çəkmiş şəxslərin kompleks sosial xidmətlərlə təmin edilməsini bir vəzifə kimi qarşıya qoyur.
Onun sözlərinə görə, bu məsələdə əsas məqsəd yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınmasına, məişət zorakılığından zərər çəkən şəxslərin sosial müdafiəsinə, onların hüquqi yardımla təmin edilməsinə, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılmasına yönəlib. Nazir qeyd edib ki, bu sosial xidmətləri göstərəcək qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyanın müvafiq qanunvericiliyə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir: "Müraciət edən qeyri-dövlət yardım mərkəzlərinin ilk dəfə həyata keçirilən akkreditasiyası prosesində onların müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olmasının əsas meyarlar kimi diqqətdə saxlanıldığını bildirib. Əminik ki, bu meyarlara cavab verən və bizim tərəfimizdən akkreditasiya olunan qeyri-dövlət yardım mərkəzləri öz vəzifələrinin öhdəsindən layiqli şəkildə gələrək, məişət zorakılığından zərər çəkən şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin icrasına öz töhfələrini verəcəklər".
Nazir müavini, Akkreditasiya Komissiyasının sədri İlqar Rəhimov isə vurğulayıb ki, ötən müddətdə komissiyanın 3 iclası keçirilib və akkreditasiya üçün müraciət edən 8 qeyri-dövlət yardım mərkəzinin sənədləri yoxlanılıb, onların qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğu qiymətləndirilib. Onun sözlərinə görə, yekun olaraq 4 qeyri-dövlət yardım mərkəzinin - "Təmas" Regional İnkişaf İctimai Birliyinin, "XX Əsrin Qadınları" İctimai Birliyinin, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin və "Qadın təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin akkreditasiya olunması qərara alınıb.
Qeyd edək ki, məişət zorakılığından zərər çəkən şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyasını həyata keçirmək məqsədilə yaradılan komissiyanın tərkibi əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarətdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə edilən struktur dəyişikliyi və yeni təyin edilən müavinlərin hansı vəzifələri icra edəcəyini açıqlayıb. APA-nın xəbərinə görə, nazir Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, nazirliyin əhatəsi çox geniş spektri əhatə edir. Onun özlərinə görə, buraya insan alveri, məişət zorakılığı qurbanlarına yardımdan tutmuş, əmək bazarının öyrənilməsi, əmək müfəttişliyinin fəaliyyəti, demoqrafiya, əhali sakinliyi, əmək miqrasiyası, işçi qüvvəsinin daxildə və xaricdə miqrasiyası, sosial təminat, məşğulluq və digər məsələlər daxildir. Nazir qeyd edib ki, bütün bunlar üçün geniş spektri tam normal qaydada əhatə etmək üçün prezidentin sərəncamı ilə müavinlərin sayı 4-ə çatdırılıb: "Hər bir müavinin özünün nəzarət edə biləcəyi sahələr müəyyənləşdirilib. Müavinlərdən birincisi (İlqar Rəhimov) sosial təminat məsələlərini, ikincisi (Natiq Məmmədov) məşğulluq məsələlərini, üçüncüsü (Mətin Kərimli) əmək müfəttişliyi, əmək bazarına nəzarət məsələlərini, dördüncüsü (İdris İsayev) isə tibbi sosial-ekspertiza və reabilitasiya məsələlərini nəzarətdə saxlayacaq. İdarəetmədə bu prinsiplər düşünürəm ki, səmərə verəcək və mövcud sahələrə nəzarət gücləndiriləcək. Nazirliyin hazırda qarşıya qoyduğu və sürətlə həyata keçirilən islahatların daha da effektiv olmasına öz təsirini göstərəcək".
Azərbaycanda əmək kitabçaları ləğv olunacaq. Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, əmək kitabçalarının yerinə elektron bildirişlər fəaliyyət göstərəcək. Onun sözlərinə görə, cəmiyyətdə hər bir işəgötürən işə götürdüyü istənilən yeni adamla müqavilə bağlayan zaman onun haqqında bütün məlumatı elektron bazadan ala biləcək.
S.Müslümov qeyd edib ki, hər hansı bir əmək kitabçasına əlavə ehtiyac qalmayacaq: "Bu, dünyada sivil qaydadır və hər yerdə tətbiq olunur. Azərbaycanda da bu proses sürətlə həyata keçiriləcək. Hazırda qanun və Nazirlər Kabinetinin bizə göndərdiyi tapşırıqlara uyğun olaraq, müvafiq tədbirlər həyata keçiririk. Bütün müvafiq proqram təminatları hazırdır. Qayda layihələri hazırlanıb, hazırda digər mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Düşünürəm ki, yaxın günlərdə bu barədə artıq təchizata başlanacaq. Bu da yekun nəticədə Azərbaycanda əmək kitabçalarının ləğvinə gətirib çıxaracaq".