“Bələdiyyə seçkiləri böyük seçkidir” Hadisə

“Bələdiyyə seçkiləri böyük seçkidir”

Siyavuş Novruzov: "Radikal müxalifətin isə belə potensialı yoxdur"

Müxalifətin bələdiyyə seçkilərində iştirak etməməsinin iki səbəbi var. Bunu mətbuata açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dilə gətirib. "Bələdiyyə seçkiləri böyük seçkidir. Bu seçkilərdə 15 mindən artıq fəal insanın namizədliyi irəli sürülməlidir. Onlar əhali tərəfindən tanınmalı, imza toplayıb qeydiyyatdan keçməlidir", - deyən Novruzovun mətbuata açıqlamasında qeyd etdiyinə görə, radikal müxalifətin isə belə potensialı yoxdur. YAP rəsmisinin fikrincə, bu potensial, sosial baza, elektorat olmadığı üçün onlar çalışırlar ki, seçki prosesinə kölgə salsınlar, guya bələdiyyələrin səlahiyyətləri yoxdur və sair: "Amma əslində, hər hansı siyasi partiyanın yerli strukturlarının möhkəmlənməsi, formalaşması, əhali arasında nüfuzun artması üçün bələdiyyə seçkiləri ən vacib seçkilərdir. Nəzərə alsaq ki, gələn il parlament seçkiləri keçiriləcək, bələdiyyə seçkilərində iştirak hər bir partiya üçün sınaq ola bilər. Amma proseslər onu göstərir ki, müxalifət düşərgəsinin potensialı yoxdur. Onlar bir qrup adamlardır ki, qərargahda toplaşıb mətbuat üzərində fəaliyyət göstərirlər. İkinci səbəb ondan ibarətdir ki, müxalifət partiyalarının daxilində çox ciddi qarşıdurmalar mövcuddur. Həm "Müsavat", həm də AXCP-də gərginlik var. Həmin partiyalar parçalanmaq ərəfəsindədir. "Müsavat"ın qurultayında keçirilən qeyri-obyektiv seçkilər üzvlərin etirazına səbəb olub. Onlar ədalətli seçkilər tələb edir, yaxud da alternativ Müsavat Partiyası yarada bilərlər. Acınacaqlı durum AXCP-də də hökm sürür. Görürlər ki, bu partiya xalqın maraqlarına deyil, xarici qüvvələrin, erməni lobbisinin maraqlarına xidmət edir, antiazərbaycançılıq fəaliyyəti göstərir. AXCP-də az-çox öz dövlətini istəyən insanlar partiya sıralarını tərk edirlər. Bu partiyalar öz daxili problemlərini həll edib başa çatdıra bilməyiblər ki, bələdiyyə seçkilərinə də qoşulsunlar".

Əli