12:27
315
“Azərbaycanda dinə rəsmi basqı təbliğatı heç bir əsasa dayanmır. Təsəvvür edin, ölkədə bütün məscidlər, digər dinlərə məxsus məbədlər dövlət tərəfindən təmir olunub, yeniləri tikilib. İşğaldan azad olunmuş ərazilərdə artıq, 12 məscid fəaliyyət göstərir. Şuşanın ən hündür yerində, regionun ən böyük məscidi tikilir. Bu ibadət yerləri kimin üçündür Əlbəttə, müsəlmanlar üçün, ibadət əhli üçün...”.
Bu sözləri xalqcebhesi.az-a “Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.
A.Camal əlavə edib ki, vaxtaşırı bütün dini konfessiyalara, icmalara dövlət tərəfindən maliyyə yardımı edilir: “Azərbaycanda davamlı olaraq İslam ölkələrinə dair tədbirlər keçirilir. Bu siyahını nə qədər istəsək uzatmaq olar. Ona görə də, ölkədə rəsmi səviyyədə dinə qarşı hər nansı hücum haqda deyilənlər kökündən yanlışdır və qərəzlidir”.
O söyləyib ki, məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qanuni tələbin ciddi icraya yönəldilməsindən sonra yaranan ajiotaj isə gözlənildiyi kimi bəlli xarici mərkəzlər tərəfindən yaradıldı: “Bu işdə xüsusilə İrana məxsus media resursları fəal rolda çıxış edir. Məktəblərdə tətbiq olunan qaydalara etiraz edənlərin səsləndirdiyi şüarlara diqqət edəndə, sanki, hadisələr İranın Qum şəhərində baş verir. Məsələnin ironik tərəfi isə budur ki, İrana bağlı media resurslarında, həmçinin idarə etdiyi troll şəbəkəsi tətbiq olunan qadağanı “insan haqlarının, bərabərliyinin pozulması” kimi qələmə verməyə çalışırlar. Bilirsiniz ki, İranda qadınların nəindi məktəbə başı açıq gəlməsi, ümumiyyətlə, evindən başı açıq çıxması qadağandır. İranda məktəbə başı açıq gəlmək istəyənlərin qarşısının alınması nə üçün insan haqlarının pozulması sayılmır? O qayda məktəblərlə bağlı İranın rəsmi geyim tələbidirsə, bu qayda da Azərbaycanın rəsmi tələbidir”.
Baş redaktorun sözlərinə görə, bu baxımdan, valideynlər kənardan yönləndirilən hərəkətlərin iştirakçısı olmamalı, övladlarını təhsildən kənarda saxlamamalıdırlar: “Azərbaycan dövlətinin və xalqının özünəməxsus inkişaf yolu var. Bu ölkədə yaşayan, özünü vətəndaş sayan hər kəs bu yola hörmətlə yanaşmalı və qaydalara əməl etməlidir”.
Röya İsrafilova