Susan xəritə... Hadisə

Susan xəritə...

Avropanı ikili standartlarda günahlandıran azərbaycanlılara nə deyək?

Tanınmış jurnalist, Litvanın www.slaptai.lt portalının rəhbəri Qintaras Visoskasın "Azərbaycanlılar Avropanın nə zaman ikili standart siyasətindən əl çəkəcəyini soruşurlar" məqaləsini qısa ixtisarla oxucularımıza təqdim edirik
II yazı

Terroçunun əhv edilməsi

Türk tolerantlığına parlaq misal gətirim. Türk tarixçiləri çox gözəl xatırlayırlar ki, həmin qarışıq dövrdə nüfuzlu türk sultanı Əbdül-Həmidə qarşı sui-qəsd təşkil edilib. Xoşbəxtlikdən sui-qəsd baş tutmur və sağ qalan sultan qatili ağır cəzalandırmaq əvəzinə onu bağışlayır. Daha dəqiq desək, terrorçu bir daha gələcəkdə müsəlmanlara əl qaldırılmayacaq şərti ilə azadlığa buraxılır. Amma cani türk mərhəmətinə qarşı eyni cavabı vermir. Azadlığa çıxan kimi yenidən türkləri təqib etməyə başlayır.

Türk taktikası

Belə olan halda Osmanlı imperiyasının həmin vaxtkı rəhbərliyinin erməni xəyanətini uzaqlaşdırmaq üçün qiyamçıları yaşadıqları sərhəd ərazilərdən ölkənin üsyan qaldıra bilməyəcəkləri dərinliklərinə sürgün etməsinə təəccüb etmək lazım deyil. Təəccüblü deyil ki, Osmanlı imperiyasının o zamankı səlahiyyətliləri erməni iğtişaş və təxribatlarının ən aktiv təşkilatçılarını həbs etməyi qərara alıblar.
Biz xristianların torpağımıza müsəlman nüfuzunun aqressiv şəkildə müdaxilə etməsi xoşumuza gəlmir, bəs nəyə görə tabeliyində olan torpaqlarda xristianların aqressiv surətdə genişlənməsi müsəlmanların xoşuna gəlməlidir?
Beləliklə, o zamankı Osmanlı imperiyasının daxili işlər naziri Mehmet Tələt paşa İstambulda fəaliyyət göstərən və sərhəd rayonlarda silahlı iğtişaşları qızışdıran erməni partiya fəallarının həbsinə göstəriş verir. Belə həbslər olması xəyanətə verilən cavab idi. Həm də ki, həbslər kütləvi xarakter daşımırdı.
Ermənipərəst tarixçilər və şərhçilər göstərirlər ki, 2350 nəfər erməni həbs olunmuşdu. Eyni zamanda Erix Fayql iddia edir ki, həmin vaxt cəmi 213 nəfər erməni barmaqlıqlar arasına salınmışdı. Amma türklər ermənilərə qarşı zorakılıq işlətməzdilər, əgər sonuncular xəyanətkar danışıqlara getməsəydilər. E.Fayqlın kitabında Van şəhərinin yerli sakininin belə bir şərhi də qeyd olunub ki, bəlkə müsəlmanlara ermənilərlə silahlı toqquşmalardan yayınmaq üçün Van şəhərini tərk etmək lazımdır. Osmanlı imperiyası başqa yol seçdi. Biz, avropalıların türkləri niyə təslim deyil, mübarizə yolunu tutduqlarına görə qınamağa mənəvi haqqımız yoxdur.

Erməni terrorçularına Avropa güzəştləri

İndi isə ikili standartlara aid bir neçə qeyd. İlk tezisi belə formalaşdırıram: "Əgər terroru xristianlara qarşı həyata keçiriblərsə, bu pisdir, terror müsəlmanlara qarşı hazırlanıbsa, bu yaxşıdır". Gəlin təsəsvvür edək ki, əgər türklər 1896-cı ildə erməni bankına hücum edib siyasi tələblər irəli sürsəydilər, nə baş verərdi? Heç bir siyasi tələb yerinə yetirilməzdi, hücum edənləri isə sadəcə ya həbs, ya da məhv edərdilər. Çətin ki, türk terrorçularına mərhəmətlə yanaşmaq kiminsə ağlına gələrdi.
Amma o zaman 1896-cı ildə Osmanlı İmperiyasının bankına hücum etmiş terrorçulara tale xüsusi mərhəmətlə yanaşdı. Bankın meneceri cənab Edqar Vinsenti erməni terrorçularının bir neçə tələbini güzəştə getməyə məcbur etdilər, Qareuen Pastermadjanın rəhbərlik etdiyi 17 terrorçu isə Avropaya, təhlükəsiz yerə göndərildi. Onları Fransaya məxsus gəmi apardı.

Sui-qəsd hazırlayan erməni bəraət alır

Bir sözlə, türk və azərbaycanlılara qarşı terror hücumlarını təşviq etməklə Avropa özünü çox utanmaz apardı. Məsələn, əgər 1921-ci il Berlində türk terroristi erməni siyasətçisini və ya hərbçisini öldürüb bunu əsaslı və ya əsassız olaraq 1915-ci ildə türklərin ölümü ilə əlaqələndirsəydi, hansı səs-küy qopardı? Bu terrorist türk vəkillərinin onun hərəkətini "affekt vəziyyəti" ilə əlaqələndimə cəhdlərinə baxmayaraq ölüm cəzasından çətin ki qaça bilərdi.
Bəs erməni Avropa hakimləri üsyançılarını ölkənin dərinliklərinə deportasiya edilməsi haqda əmri imzalayan Türkiyənin daxili işlər naziri Tələt paşanı 1921-ci ildə güllələmiş erməni tələbə Salamon Teyleriyan necə oldu? Erməni qatil bəraət aldı. Avropa hakimləri bu nəticəyə gəldilər ki, Tələt paşanın məlum əmri nəticəsində yaxınlarının itkisini yaşayan tələbə başqa cür edə bilməzdi.

Avropa türklərə anlayış və alicənablığa görə təşəkkür etmədi

İkili standartlara dair daha bir misal gətirim. E.Fayqlın əsərində erməni terrorçularının 1973-1994-cü illərdə türk diplomat və siyasətçilərinə qarşı Parisdə, Vatikanda, Santa-Barbarada, Belqradda, Vyanada, Ottavada, Lissabonda, Brüsseldə, Bostonda, Los-Anjelosda, Jenevrədə həyata keçirdikləri 29 terror hadisəsi qeyd edilir...
Tarixlərə fikir verin - terror hadisələri Avropanın ən böyük şəhərlərində son vaxtlarda keçirilib. Bu hücumlar çox təhlükəli idi. Bu teraktlar zamanı həlak olan fransızlar, danimarkalılar, almanların heç bir günahı yox idi. Bəs Avropa bu erməni aksiyalarını qınadı? Avropa ictimaiyyətinin güclü qınağına rast gələ bilmədim. Eləcə də iqamətgahı Avropa və Amerikada yerləşən erməni diplomat və siyasətçilərini öldürmək kimi vəhşi erməni tədbirlərinə əl atmayan türklərin ünvanına da səs-küylü təşəkkür eşitmədim. Əgər türklər "türk diplomatının həyatına bir erməni diplomatının həyatı" deyib erməni terrorçularına eyni cavabı versəydilər Avropada qopacaq xaosu təsəvvür etmək çətin deyildi.

Fransanın ikiüzlü davranışı

Erməni terrorizminin varlığını müzakirə etmək Avropanın bir çox ölkələri üçün çətin işdir. Hər halda çoxsaylı və nüfuzlu erməni diasporasının yaşadığı Fransa üçün belədir. Amma Fransanı əxlaq, düzgünlük və ədalət narahat edirsə, ernəni-azərbaycan münaqişəsi ilə bağlı qərar verə bilməyəcəyini etiraf etməlidir. Hər halda rəsmi Paris 1915-ci il faciəsini erməni soyqırımı kimi qəbul edib.
Bilirsiniz, bu fransız addımını Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov necə qiymətləndirir? O iddia edir ki, 1915-ci il hadisələrinin analizi bir çox mübahisəli məqamları ortaya qoyur ki, ermənilərin onu sübut etmək üçün əsaslı dəlilləri yoxdur. Axı o zaman bütün detalları saxtalaşdırmaq üçün müasir texniki vasitələr yox idi, canlı şahidlər qalmamışdı, ən əsası onilliklərdən gələn qarşılıqlı düşmənçiliyin səbəbi çox zaman nəzərə alınmırdı. Bütün bu məqamlara baxmayaraq Fransa ermənilərin 1915-ci il hadisələrinin erməni soyqırımı kimi qəbul edilməsinə dair təklifini qəbul etdi.

Xocalı niyə soyqırım deyil?

Amma azərbaycanlılar ermənilərin 1992-ci il 26 fevralda Xocalıda yerli əhaliyə qarşı törətdikləri qırğını soyqırım kimi qəbul edilməsi üçün müraciət etdikdə, fransızlar özlərini bunu eşitməmiş kimi apardılar. Halbuki O.Əkbərovun sözlərinə görə, azərbaycanlıların əlində erməni silahlılarının göstərilən tarixdə Xocalı şəhərinin uşaqlar daxil olmaqla bütün əhalisini məhv etdikləri haqda inkaredilməz dəlilləri var.
Dağlı Qarabağın Azərbaycanlı icmasının sədri Bayram Səfərov əmindir ki, ermənipərəst Fransa Dağlıq Qarabağ problem ilə məşğul olmalı deyil. Amma özünün qərəzli mövqeyini qəbul etmək istəmir və sülh yolu ilə erməni-Azərbaycan münaqişəsinin həllinə çalışan bütün beynəlxalq komissiyalarda aktiv iştirak edir. B.Səfərov bildirir ki, "elə bu cür "köməkçilərin" ucbatından biz indiyə kimi işğal edilmiş 20 faiz torpağımızı qaytara bilməmişik".
Fransa Milli Assambleyasının ofisində azərbaycanlı tələbələr döyülüblər. İkiüzlülük mövzusunu davam etdirirəm. Belə bir situasiyanı təsəvvür edək: azərbaycanlılar Fransa parlamentində Xocalı faciəsi ilə bağlı tədbir keçirməyə, hesabatlara qulaq asmağa icazə alırlar. Tədbirə gözlənilmədən erməni diasporasının nümayəndələri daxil olurlar; bundan hiddətlənən azərbaycanlılar onları itələməyə və döyməyə başlayırlar... Bütün Avropa, o cümlədən biz litvalılar, səsləri gələnə qədər bağırardılar ki, bu cür davranış vəhşilikdir, antidemokratikdir. Amma Fransa Milli Assambleyasının ofisində azərbaycanlıların terrora məruz qalması Avropa Femidasının diqqətindən kənarda qaldı.
Həmin gün hadisə belə baş verdi. 2013-cü il fevralın 26-da erməni icmasının nümayəndələri tərəfindən Fransa Milli Assambleyasının ofisində təşkil edilmiş "Sumqayıt hadisələrindən 25 il sonra; mövcud vəziyyət və Dağlıq Qarabağ xalqının gələcək perspektivləri " adlı tədbirdə Parisdəki Azərbaycan evinin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov vəhşicəsinə döyülüb. Tədbirin təşkilatçısı – assambleyanın üzvü, özünün ermənipərəst mövqeyi ilə məşhur olan millət vəkili Fransua Roşbluan olub. Tədbir iştirakçıları zalın qapısını bağlayaraq azərbaycanlı tələbələri döymüşdülər.
Hadisə yerinə polis nümayəndələri və həkimlər gəlib. Öz həmyerlisini qorumaq üçün Vüsal Hüseynov özünə daha böyük zərbələri qəbul etdiyindən ağır xəsarətlər almışdı: daxili orqanları zədələnməsi, qabırğaların sınığı. İnsidentlə əlaqədar cinayət işi açılsa da hazırda bağlanıb. Döyülən azərbaycanlılar, eləcə də M.Fətəliyeva vesti.az portalının jurnalisti Vüqar Həsənova bildiriblər ki, "Yaxında biz Paris Ali Məhkəməsinə cinayət işinin yenidən qaldırılması ilə bağlı müraciət etmişik. Belə ki, Paris prokurorluğunun cinayətkarları cəzalandırmadan işə xitam verməsi Fransada yaşayan azərbaycanlıları sarsıdıb. Ona görə də biz yüksək orqanlara müraciət ünvanlamışıq. Hadisə yerində kifayət qədər adam olub, hadisənin fotoları və həkim rəyi var. Ona görə də biz hadisəni törədənlər tutulub cəzalandırılmayana qədər sakitləşməyəcəyik".
Azərbaycanlıların öz şərəf və ləyaqətini belə təkidlə müdafiə etməsini yalnız alqışlamaq lazımdır. Bəs fransızların davranışını necə anlamaq olar? Azərbaycanlı tələbələr bildirir ki, "həmin vaxt zalda fransızlar da var idi, amma onlar da köməyə gəlmədilər. Bizə heç kim kömək etmədi".

15 yaşlı hərbi girov – erməni generalının şəxsi qulu

Müqayisə üçün daha bir Avropaya üzüağlıq gətirməyən misal. Avropa yüksək rütbəli azərbaycanlı zabit hərbi əməliyyatdan qayıdanda özü ilə onlarla hərbi əsir gətirdiyini bilsəydi, hansı münasibəti göstərədi? Avropa səsi gəldikcə bağırardı ki, "Vəhşi azərilərdən nə gözləmək olar?" Əgər məlum olsaydı ki, həmin general 15 yaşlı yeniyetmə girovu iki il evində saxlayıb, anti-Azərbaycan əhvallı qüvvələr daha bərkdən qışqırardılar.
Heç şübhə etmirəm ki, həmin antiazərbaycan əhvallı qüvvələr yeniyetməni qula çevirərək bütün beynəlxalq qanun və konvensiyaları, o cümlədən hərbi əsirlərlə rəftarı dəqiq göstərən Jenevrə konvensiyasını pozan azərbaycanlı hərbi qulluqçunun hərbi cinayətkar elan edilməsinə çalışardılar. Azərbaycanı sevməyənlər Avropadan həmin generalın tutulub, belə deyək, keçmiş Yuqoslaviyanın hərbi cinayətkarları ilə birgə həbsə atmağı da tələb edərdilər.
Mübahisə etmirəm ki, Avropanın bu cür reaksiyası mənimçün anlaşılan və qəbul edilən olardı. Ancaq mənim üçün anlaşılmaz olan Avropanın tam aydın olan fakt önündə susmasıdır, yəni məhz erməni generalı Manvel Qriqoryan Simon adlandırdığı azərbaycanlı girovu iki il öz evində saxlayıb. Avropanın reaksiyası sıfra bərabərdir. Hətta generalın özünü müdafiə etmək üçün 15 yaşlı yeniyetmənin güya xüsusi təyinatlı qüvvələrin peşəkar döyüşçüsü olduğunu deməsi belə Avropada narazılıq yaratmadı... Bu hadisə Azatatiun radiosu (Azadlıq radiosu / Ermənistan) verilişlərinin birində səsləndirilib. Amma Avropa KİV-ləri nədənsə bu sensasiya ilə maraqlanmağa tələsmirlər.
Neyləmək olar, əgər maraqlanmadılarsa, deməli maraqlanmadılar. Axı güclə maraqlandırmaq olmaz.

Rəsmi Bakının Avropa davranışı

Onda biz avropalılara azərbaycanlı zabiti bir neçə il öncə Şərqi Avropanın hərbi kolleclərinin birində erməni zabiti ilə ədavətinə və onu öldürməsinə təəccüblənməməliyik. Şübhəsiz, Azərbaycan hökumətinin hərbçinin cəzasını çəkməsi üçün Vətənə qaytararaq həmin gün onu amnistiya etməsi addımı yolverilməz görünür. Bir çoxumuza elə gəlir ki, Azərbaycanın belə iş tutmağa haqqı yox idi. Amma diqqətlə baxsaq, azərbaycanlı zabitə amnistiya verməklə rəsmi Bakının özünü vəhşi kimi deyil... Avropa standartlarına uyğun apardığını görərik.
Avropanın türk və azərbaycanlı siyasətçilərə hücumlar təşkil etmiş erməni terrorçularını tez-tez və kütləvi surətdə azadlığa buraxdığını yadımıza salsaq, Azərbaycan Prezidentinin əhfinin məntiqli olduğunu anlayarıq. Əgər erməni "affekt vəziyyətinə" düşə bilirsə, o zaman nə üçün azərbaycanlı "yaxınlarının öldürülməsi və torpağının ititrilməsinin həyəcanını yaşaya bilməz"?

Erməni və gürcülər arasındakı mübahisə

Eləcə də ermənilər yalnız azərbaycanlılar və türklər arasında yaşaya bilmir kimi erməni mifinə də inanmağa dəyməz. Sən demə, ermənilər gürcülərlə də yola getmir. Fikir ayrılığının səbəbi elə azərbaycanlılar və türklərlə olan mübahisənin səbəbləri ilə oxşardır. Belə ki, Ermənistanın bəzi qüvvələri əmindir ki, gürcü bölgələri olan Cavaxetiya və Kartli erməni torpaqlarıdır və onları qaytarmaq lazımdır. Bu fikir hələ 1828-ci il çar Rusiyasının erməniləri Zaqafqaziyada – azərbaycanlıların və gürcülərin torpağında yerləşdirərən zamandan erməni millətçilərin beynində dolaşır. Yeri gəlmişkən, gürcü və azərbaycanlılar köçürülmüş erməniləri dostcasına qarşılamışdılar. Amma Gürcüstanın qarşısında kiçik xarici təhlükə dayanan kimi ermənilər həmişə düşmənə dəstək oldular. Beləliklə, gürcülərin əlində bu – bir erməni yaşayan arazi artıq ermənilərin olduğunu hesab edən milli azlığa inanmamaq üçün kifayət qədər əsas var.
Suxumi dövltət Universitetinin professoru, tarixçi Quram Marxuliya iddia edir ki, 1918-ci ildə erməni-gürcü hərbi konflikti məhz ermilərin dənizdən dənizə Böyük Ermənistan ideyasından doğmuşdu. Gürcülər sadəcə olaraq öz torpaqlarını ermənilərə vermək istəmirdilər.
Məlumdur ki, 1985-ci ildə yunan şəhəri Afinada yığışmış erməni diasporasının nümayəndələri qarşılarında duran Ermənistan ərazisinin başqa ölkələrin hesabına genişləndirilməsi vəzifəsini açıq surətdə elan etdilər. Onlar israrla bu məqsədə doğru gedirlər. Məsələn, ermənilər kütləvi surətdə gürcü torpaqlarını alıb orada öz adamlarını yaşamaq üçün yerləşdirirlər. Eləcə də gürcülərin 2008-ci ildə Rusiya ilə müharibədə itirdiyi torpaqlarda məskunlaşmağa can atırlar. Məsələ ilə maraqlananlara Q.Marxulinin "1918-1920-ci illərdə erməni-gürcü mansibətləri" elmi işini oxumağı məsləhət görürəm.
Ən əsası isə Avropanı ikili standartlarda günahlandıran azərbaycanlılara nə deyək?

Tərcümə etdi: Ülviyyə Tahirqızı