Üstümə doğacaq günəşlərdən bezdim mən... Hadisə

Üstümə doğacaq günəşlərdən bezdim mən...

Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan və sovet hakimiyyəti qurulduqdan sonra dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılardan biri də Dilşad xanım Elbrus Talıbxan olmuşdur. Dilşad xanım Türkiyənin İzmir şəhərində Egey Universitetində işləmiş, nüvə fizikası sahəsində ilk elmlər doktoru olmuş azərbaycanlı qadın, professordur. Dilşad xanım kiçik yaşda ayrıldığı Azərbaycana hədsiz bağlıydı. Vətəninin sovet hakimiyyəti altında olmasını heç vaxt qəbul edə bilmədi.
Dilşad xanım 1916-cı ildə may ayının 31-də Qarabağ quberniyasında Qarabağ xanlarının nəslindən olan Talıb xanın ailəsində dünyaya göz açmışdı. Atası Talıbxan bəy Talıbxanbəyov çar dövründə və Cümhuriyyət illərində Şamaxıda, Qubada və başqa yerlərdə polis rəisi kimi çalışıb. Azərbarcan kommunist Rusiyası tərəfindən işğal olunduqdan sonra onu öldürdülər, bütün əmlakını isə müsadirə etdilər. Ailə başçısının qətlindən sonra anası Xeyrənnisa xanım, bacıları Qəmər xanım və Sürəyya xanım dayısı Hüseyn Camal Yanar bəy (Hüseyn bəy Mirzəcamalov) tərəfindən 1920-ci ildə Türkiyəyə gətirilərək İstanbulda yerləşdirilirlər.
Ailə İstanbulda məskunlaşdıqdan sonra Dilşad xanım təhsilə başlayır. Əvvəlcə İstanbul Qız Litseyi qəbul olur, 1931-ci ildə oranın məzunu olduqdan sonra İstanbul Universitetinin fizika-kimya bölümünü bitirir. 1934-cü ildə bitirdiyi fakültənin Təcrübi Fizika İnstitutunda assistent kimi işə başlayır və 1949-cu ildə dissertasiya müdafiə edir, 5 ildən sonra dosent adını alır.1961-ci ildə İzmirdə Egey Universitetinin professoru olur. Elmi fəaliyyəti boyunca Dilşad xanımın 2 kitabı, 6 elmi məqaləsi çap olunub.
Dilşad xanım nüvə fizikası sahəsində apardığı dərin elmi axtarışlar nəticəsində Türkiyə və Avropanın tanınmış mütəxəssislərindən sayılıb. Seçdiyi ixtisasın xarakteri onun Almaniya, İngiltərə və Amerikada uzunmüddətli elmi-tədqiqat işləri aparmasını zəruri etdiyindən alman, ingilis, fransız dillərini mükəmməl öyrənir.
Türkiyə Cümhuriyyəti, Milli Təhsil Nazirliyinin müşaviri Ömər Özcan yazır ki, Dilşad xanım Vətəni kiçik yaşlarında tərk etsə də, ona bütün varlığı ilə bağlı insan olub. Dayısı Hüseyn bəy 28 May 1929-da Azərbaycan Cümhuriyyətinin 11-ci ildönümü münasibətiylə İstanbuldakı azərbaycanlıların "Odlu Yurd" məcmuəsinin redaksiyasındakı mərasimə fəal olaraq qatılıb, Milli Azərbaycan Bayrağını Azərbaycan istiqlal davasının öndəri Məhəmmədəmin Rəsulzadəyə təqdim edib. 30 may axşamı "Union France" salonunda keçirilən Milli Azərbaycan gecəsində xor Azərizadənin "Vətən" şeirini oxuyub, Dilşad xanım da Əli Ustanın (təqaüddəki Böyükelçi Azər Volkanın atasıdır) "Vətən həsrəti" şeirini xanım arkadaşlarıyla birgə rəqs edərək söyləyib. "Odlu Yurd"da gecə haqqında verilən bilgidə istər rəqsdə, istər oxumaqda və şeir söyləməkdə, istərsə də pianoda böyük bacarıq göstərdiyi və hər kəsin sevgisini qazandığı yazılır.
Ömər Özcan bəyin yazdığına görə, Dilşad xanım ictimai fəaliyyətini tələbəliyi boyunca davam etdirib. İstanbulda ali məktəblərdə oxuyan azərbaycanlı tələbələr 19 fevral 1933 tarixində Bəyoğlu Tokatlıyan Hotelində keçirdikləri musiqili-rəqsli çay ziyafətində Azərbaycan, Türkiyə və Krım milli rəqsləri oynayıblar. Almaniyada nəşr edilən "İstiqlal" qəzetinin 10 mart 1933 tarixli 29-cu sayında çıxan xəbərdə özəlliklə pianoda milli Azərbaycan havaları çalan Dilşad xanımın çox alqışlandığı qeyd edilir. "İstiqlal"ın 15 iyun 1933 tarixli 36-cı sayında çıxan xəbərdə 28 May münasibətiylə İstanbulda Xalq evi salonunda düzənlənən müsamirədə Dilşad xanımın pianoda çalaraq oxuduğu Azərbaycan milli şairi Əli Yusif bəyin (Əliyusif Yusifzadənin) "Bir Turan yolçusu deyir ki" şeirinin çox bəyənildiyi qeyd edilir.
Dilşad xanım məsləkdaşı, fizika professoru Adnan Sokullu (1910-2005) ilə ailə quraraq Sokullu soyadını qəbul edir. Bir qədər sonra ayrılırlar. Onun İstanbuldan İzmirə getməsinin səbəbi, ehtimal ki, onun əski yoldaşıyla eyni çalışma məkanında bulunmaq istəməməsindən qaynaqlanır. Türkiyədə yetərincə tanınan filoloq alim və Dilşad xanımın çox yaxın rəfiqəsi Fevziyyə Abdullah Tansel onun vəfatından sonra onunla bağlı xatirələrini yazır: "Azərbaycanın tanınmış, siyasi hayatında mühüm yeri olan ailələrindən Talıbxanlara mənsub Dilşad Elbrusla İstanbul Qız Liseyindəki şagirdlik illərində tanışmışdıq. Sinfinin ən çalışqan şagirdlərindən idi. Türkiyəyə Cümhuriyyətin elanından sonra anası və böyük bacıları ilə Bakıdan qaçıb gəlmişdilər; bizə hər zaman necə qaçdıqlarına dair acı xatirələrini anladırdı. Bu acı xatirələr hənuz çocuq yaşdakı bizlərin qəlbində də dərin izlər buraxır, şirin və çox gözəl, yanıqlı səsiylə söylədiyi Azərbaycan şərqi və türkülərini dinlərkən, ustaca oynadığı Qafqaz rəqslərini seyr edərkən gözlərimiz yaşarırdı.
Dilşadla on iki yaşlarında başlayan arxadaşlığımız onun həyatının son illərinə qədər sürüb getdi. 1931-32 ilində İstanbul Qız Liseyindəki təhsilimiz sona yetincə o, fənn fakültəsinin fizika bölümünə, mən isə Türk dili və ədəbiyyatına davam edirdik. O illərdə fənn və ədəbiyyat fakültələri günümüzdəki İstanbul Universiteti fənn və ədəbiyyat fakültələrinin yerindəki Zeynəb xanım qonağında idi; eyni binada olduğumuzdan yenə sıx-sıx tapışıb görüşə bilirdik. Universiteti bitirdikdən sonra peşə həyatlarımızı bir-birimizdən uzaq yerlərdə sürdürdük; köklü arxadaşlığımız məktublaşma yoluyla davam etdi.
Dilşad Elbrus ilə peşə baxımından bir-biriylə əlaqəsi olmayan ayrı-ayrı sahələr üzərində çalışırdıq; mən onunla fizika sahəsində danışa biləcək halda deyildim, fəqət o, mənimlə yalnız bir-iki dəfə bu elm sahəsindən danışdı. İzmirdən Ankaraya gəlib məndə qonaq qaldığı günlərdən birində məndən bir kağız, qələm istədi. O günlərdə ortanın solu təbiri ortaya atılmış, hatta yayğınlaşmağa başlamışdı. Verdiyim kağızı boyuna ikiyə qatladı; qat yerindən, yəni tam ortasından yuxarıdan aşağıya bir cizgi çəkdi. Yanıma gəlib sərt bir səslə: "Bax, bu cizgini görürsənmi, bu, ortadır. Bunun bir sağ, bir sol yanı vardır. Ortanın solu deyə bir şey olmaz!" - deyərək ürəyini boşaltdığını xatırlayıram. Bir dəfə də Paskal və b. fizika elm adamlarının ad qazanmış olanlarının həyat və əsərlərini içinə alan, onları tanıtmaq düşüncəsiylə hər kəsin anlaya biləcəyi səviyyədə iki-üç formalıq kiçik kitablar yayımlamağı düşündüyünü, bunlardan bir qisminin basıldığını, geri qalanının təshihlərinə əli dəymədiyini, Ege Universitetindəki otağında qaldığını, vaxt tapınca ixtisas kitablarıyla birlikdə bunları da alıb İstanbula gətirəcəyini anlatmışdı. Yay tətillərini İstanbulda təkbaşına yaşayan H.Camal Yanarın Ərənköyündə kirələdiyi evində keçirən Dilşad Elbrusun böyük bacısı Sürəyya xanım İstanbul Universiteti Türk dili və ədəbiyyat bölümündən məzundu. Şair dayı və ədəbiyyat müəllimi bacısının təsiriylə mənim sahəmdə həmən hər məsələ haqqında danışa bilirdik. Əzbərdən farsca beytlər, divan və sonrakı dövrlər ədəbiyyatımıza aid şeirlər oxuyurdu. Farscadan başqa rusca, almanca və ingiliscəni də oxuyub anlayır, danışa bilirdi. Məndə qonaq qaldığı sıralarda ədəbiyyat, din və təsəvvüf sahəsində bəzi kitablar satın aldığını, bunları vaxt tapınca zövqlə oxuyacağını söylədiyini də xatırlayıram.
Dilşad Elbrus yenə məndə qonaq qaldığı günlərdən birində məndən kağız və qələm istəmiş, "sənə gözəl bir şeir yazacağam" demişdi. Mən susub gözlədim; o yazdı, yazdı. Mənə iki tərəfi də yazılmış kağızı verdi. Onun bu kağıza yazdıqlarını da olduğu kimi nəşr etməyi, Azərbaycan ədəbiyyatına aid bir məsələni aydınlatdığı və mənə bilmədiyim bir şeyi öyrətdiği üçün faydalı sayıram: " Öz bacım kimi sevdiyim Fevziyyə bacıma kiçik bir xatirə.Dilşad Talıbxan Elbrus. Ankara, 4 avqust, 1977.
Son illərində ildə bir-iki dəfə İzmirdən Ankaraya gəlir, bəzən məndə üç-beş gün qaldığı olur, Ankaradakı dostlarını birər-birər arayıb tapır, həsrətini sovudub sevinc içində İzmirə, vəzifəsi başına dönürdü. 1977-ci ildə təqaüdə çıxınca İstanbulda Bağdad caddəsində kirələdiyi bir mənzildə yerləşmişdi. Rahatlığa qovuşa bilmədi; çiləli illərın da təsiriylə, tutulduğu müxtəlif xəstəliklər onu qabağına qatıb sürükləyirdi. Cərrahpaşa tibb fakültəsində yatma zorunda qaldı. Mədəaltı vəzin xərçəngindən qurtulmasına imkan qalmadığını bilirdik. Xəstə ikən də məktublaşdıq. Bunları ev ünvanına yazırdım. Böyük bacısı rəhmətlik Sürəyya xanımın oğlu Can Odoğlu bəy bunları xəstəxanaya aparıb Dilşada çatdırırdı. Son məktubumun içində onu xəstəxanada zərf-kağız təmini zəhmətindən qurtarmaq düşüncəsiylə bir məktub kağızı ilə üzərində ünvanım yazılı pullu bir zərf də qoymuşdum". Mərtublar Dilşad xanımın xəstəliyinin son aylarını anlatdığı və Azərbaycan həsrətini canlandırdığı üçün olduğu kimi nəşr edirik:
"Fənəryolu, 11 mart 1979. Fevzim, canım bacım! 26 fevral günü xəstəxanadan çıxdım və məktubunu eyni gün evimə gedincə aldım. Oxuduqca qəhərləndim. Candan yanğın, on bir-on iki yaşımdan bəri Azərbaycandakı həsrətini çəkdiklərim, həm Azərbaycanım və oradakılara həsrətimin acısıyla yarım əsrdən artıq sızlayan qəlbimi sənin candan bacı yanğın elə gözəl oxşadı ki, məktubunu oxuduqca qəlbimdəki sızıltının yüngülləşdiyini, hətta keçdiyini hiss etdim. Yalnız Şaziyə ablamızın rahatsızlığına çox üzüldüm. İnşaallah, indi yaxşıdır. Azanlar oxunduqca hər dua edişimdə ablamıza da Rəbbimin sağlamlıq ehsan eləməsini niyaz edirəm.
Canım Fevzim! Xəstəxanadan çıxdığım gün paltarlı çəkim otuz doqquz kilo idi, yəni gombullar kraliçası... Zəiflikdən gözlərim görmür və qulaqlarım yaxşı eşitmir və fevralın son günləriylə martın başlanğıcınadək, bu günə qədər yazı yaza bilmədim. Bu gün də yaxşı yaza bilmirəm. İfadəm pozuqdur. Lamiə Tyə qonşudan telefon etdim və sənə yazıb durumumu anlatmasını rica etdim. Mənim xəstəxana problemim hələ bilməcədir. Mədəmdə əcaib, əllə yaxşıca hiss edilən bir sərtlik var. İndi həkim bir ay evimdə yaxşı qida alıb kökəlməmi, sonra təkrar həzm cihazımın incələnməsi üzrə xəstəxanaya yatmamı söylədi; yəni 6 və ya 10 aprel günü həkim məni təkrar müayinə edəcək və kafi dərəcədə güç toplamış olsam Daxiliyyəyə yatıracaq...
Canım bacım, sənin məktubunu açıb ünvanlı, pullu zərfi içində, yazmam üçün kağızı görüncə elə təsirləndim ki, göz yaşımı tuta bilmədim. Sağ ol, var ol, mənim canım bacım! Səni həsrət dolu sevgimlə qucaqlayaraq çox-çox öpürəm. Xeyir-duaları və içdən sevgilərlə Dilşad bacın!".
12 apreldə Karacaəhməd məzarlığında 1974-də vəfat edən və lap çox sevib bağlandığı dayısı Hüseyn Camal Yanar bəyin yanına dəfn edilir.

Ülviyyə Tahirqızı