“Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” Hadisə

“Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu”

Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının, Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə tədbir keşirilib

Prezident Administrasiyasının rəsmisi: "Ermənilər qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı bütün dünyada, o cümlədən qardaş Türkiyədə geniş tədbirlər keçirməyə başlayıblar və şübhə yoxdur ki, bu məsələdən Azərbaycana qarşı da istifadə etməyə ciddi səy göstərəcəklər"

Dekabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının, Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu" mövzusunda tədbir keçirilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bu tədbirdə məqsəd avqustda cəbhə xəttində baş verən əməliyyatlar zamanı mediada yayılan məlumatlarla bağlı yaranmış durumu bir daha müzakirə etməkdir. O bildirib ki, həmin hadisədən sonra, sentyabrın 24-də prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında sərəncam imzalayıb və aidiyyəti qurumlar sərəncamdan irəli gələn məsələləri yerinə yetirirlər. Keçirilən tədbir də həmin yöndə aparılan işlərdəndir. Əflatun Amaşov qeyd edib ki, medianın həmin hərbi əməliyyatlar zamanı sərgilədiyi mövqe o qədər də aydın və balanslı olmayıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev tədbirdə bildirib ki, hazırda dünyada və regionda cərəyan edən proseslər, son bir neçə ayda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müşahidə olunan gərginlik cəmiyyətimizin informasiya təhlükəsizliyinin təmin olunması məsələsini daha qabarıq şəkildə aktuallaşdırıb.
PA rəsmisinin sözlərinə görə, müşahidələr onu deməyə əsas verir ki, istər coğrafi mövqeyinə, istərsə də inkişaf səviyyəsinə görə regionun aparıcı ölkəsi olan və tam müstəqil siyasət yürüdən Azərbaycan həm müxtəlif xarici dairələrin, həm də Ermənistanın və erməni lobbisinin davamlı və məqsədyönlü informasiya təxribatlarına məruz qalır: "Bir tərəfdən, bəzi antimilli daxili qrupların və maraqlı xarici qüvvələrin birgə fəaliyyəti nəticəsində Azərbaycanın demokratik inkişafı ilə bağlı real vəziyyət beynəlxalq ictimaiyyətə təhrif olunmuş formada təqdim edilir, digər tərəfdən isə onların Ermənistan və erməni lobbisi ilə üst-üstə düşən mövqeyi və bəzi istiqamətlər üzrə sinxron işbirliyi həm də ümummilli məsələlərin həllində Azərbaycanın milli maraqlarına zərbə vurur".
V.Əliyev bildirib ki, xüsusilə, cari il avqustun əvvəllərində erməni diversiya qruplarının Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində törətdiyi təxribatlar, ötən ayın sonlarında düşmən dövlətin işğal altında olan ərazilərimizdə keçirdiyi hərbi təlimlər və Ermənistan silahlı qüvvələrinə məxsus vertolyotun vurulması bir tərəfdən, erməni təbliğatının konturları, əhatə dairəsi və hədəflərini dəqiqləşdirmək üçün ciddi əsas yaratdısa, digər tərəfdən də Azərbaycanın informasiya məkanında müxtəlif boşluqların olduğunu, mövcud söz azadlığı mühitindən sui-istifadə hallarının, yaranmış vəziyyətə qeyri-adekvat reaksiyaların təhlükə həddinə çatdığını göstərdi: "Nəzərə alınmalıdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və ermənilərin növbəti təxribatlar törədəcəyi heç də istisna olunmur. Digər tərəfdən, ermənilər indidən qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı bütün dünyada, o cümlədən qardaş Türkiyədə geniş tədbirlər keçirməyə başlayıblar və şübhə yoxdur ki, bu məsələdən Azərbaycana qarşı da istifadə etməyə ciddi səy göstərəcəklər".
Onun sözlərinə görə, artıq müvafiq dövlət orqanları sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamından irəli gələn məsələlərin icrası ilə bağlı tədbirlər həyata keçirirlər: "Hesab edirik ki, həm Azərbaycan Respublikası Prezidentinin sərəncamının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi, həm də aparılan ictimai müzakirələr mediada dövlət sirri kəsb edən informasiyaların yayılmasının qarşısının alınmasına, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin operativliyinin təmin edilməsinə, KİV-lərin məsuliyyətinin artmasına və bu kimi mühüm məsələlərə daha peşəkar yanaşmasına səbəb olacaq. Təbii ki, ötən dövrdə bu məsələlərlə bağlı medianın fəaliyyətində irəliləyiş müşahidə olunub. Ancaq bu, heç də problemlərin aradan qalxması anlamına gəlməməlidir. Bilirsiniz ki, ermənilər Azərbaycana qarşı informasiya təxribatını gücləndiriblər. Həm bu ölkənin informasiya resurslarında, həm də sosial şəbəkələrdə heç bir əsası olmayan, yalan məlumatlar yayırlar".
V.Əliyev təəssüflə qeyd edib ki, Azərbaycanın bəzi internet resursları bu məsələlərə peşəkar yanaşmır, informasiyanı ciddi analiz etmir, dəqiqləşdirmir və olduğu kimi ictimaiyyətə təqdim edirlər. "Məsələn, bu günlərdə ermənilər guya Murovdağda əsgərlərimizin donmuş cəsədləri, yaxud işğal olunmuş ərazilərdə azərbaycanlıların qəbirlərinin ermənilərin qoruyub saxladığı və digər bu kimi təxribatçı məlumatlar yaydılar. Ardınca bizim informasiya resursları bu məlumatları tirajladılar. Bəs obyektivlik, peşəkarlıq, milli təəssübkeşlik kimi mühüm prinsiplər nədən bu qədər asanlıqla ikinci plana keçir? Yaxud saytlardan biri bu günlərdə Ermənistan silahlı qüvvələrinə məxsus vertolyotun vurulmasının Azərbaycan ictimaiyyətində necə qarşılanması ilə bağlı guya rəy sorğusu keçirib və belə qənaət hasil olunub ki, cəmiyyətimizin mövqeyi yarı bölünüb. Yəni rəyi soruşulanların 49 faizi bu qənaətdədir ki, vertolyotun vurulması düzgün addım olmayıb. Bu, nəinki reallığın kobud şəkildə təhrif olunmasıdır, sadəcə düşmən dəyirmanına su tökməkdir".
Onun sözlərinə görə, təəssüf ki, "5-ci kolon" adlandırdığımız qrup dağıdıcı və təxribatçı fəaliyyətini davam etdirir və Qərbdən daxil olan qrantları yumaq üçün bu cür antimilli mövqe tutmaqdan da çəkinmir: "Hesab edirəm ki, Azərbaycan mediası xarici KİV-lərin, xüsusilə Ermənistan mediasının yaydığı məlumatlara daha peşəkar yanaşmalı, onların hansı məqsədlə dövriyyəyə buraxıldığını, reallığa, Azərbaycanın milli maraqlarına uyğun olub-olmadığını müəyyənləşdirməli, fakt kimi təqdim olunan iddiaları dəqiqləşdirməlidir. Ermənistana və onların sözçüsü rolunda çıxış edərək Azərbaycana qarşı davamlı gözdənsalma kampaniyası həyata keçirən bəzi xarici təşkilatlara və KİV-lərə münasibətdə mediamız öz fəaliyyətini həm opponentlik prinsipi üzərində qurmalı, həm də hücum taktikasından istifadə etməlidir. Biz informasiya axınının ardınca getməli deyilik, gündəmi yaratmağı bacarmalıyıq. Bunun üçün ilk növbədə redaksiyalarda müxtəlif sahələr üzrə ixtisaslaşmanın aparılması, həmin sferaları yaxından tanıyan jurnalistlərin müəyyənləşdirilməsi və müvafiq dövlət orqanlarında akkreditasiya olunması vacib şərtlərdən biridir. Xüsusilə hərbi sahə, cəbhə xəttində baş verən insidentlərlə bağlı informasiyalar Müdafiə Nazirliyi ilə əlaqələndirilməlidir. Hesab edirəm ki, Müdafiə Nazirliyi tərəfindən hazırlanmış və diqqətinizə təqdim olunan kitabça praktiki fəaliyyətinizdə sizə etibarlı yardımçı olacaq".
Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı çıxışında vurğulayıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən sentyabrın 24-də imzalanmış "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamdan sonra keçən müddət ərzində KİV-in hərbi sahəyə aid məlumatları işıqlandırması ümumilikdə məqbul qiymətləndirilə bilər.
Onun sözlərinə görə, bu müddət ərzində media ordu ilə bağlı məlumatları daha həssas, daha təmkinli, daha ciddi qəbul edir və demək olar ki, əksər kütləvi informasiya vasitələri ordu ilə bağlı məlumatları Müdafiə Nazirliyi ilə dəqiqləşdirir: "Biz bunu çox müsbət dəyərləndiririk. Jurnalistlərin bəziləri məlumatları yaymaq üçün bizimlə dəqiqləşdirmə aparır. Bəziləri məlumatları yaymaq üçün deyil, onları Müdafiə Nazirliyinə tədbir görülməsi üçün çatdırır. Jurnalistlərin bəziləri isə düşmən tərəfinə bizim daha tez reaksiya verməyimiz üçün Müdafiə Nazirliyini məlumatlandırır".
Bununla yanaşı, V.Dərgahlı əlavə edib ki, bəzi elektron informasiya resursları yenə də ermənilərin "Facebook"da yaydıqları xəbərlərdən istifadə etməkləə məlumatlar yayırlar ki, bu da böyük təəssüf hissi doğurur.
Nazirlik sözçüsü vurğulayıb ki, Müdafiə Nazirliyi bu müddət ərzində bir sıra məlumatların yayılması sahəsində Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Mətbuat Şurası ilə qarşılıqlı əlaqələr və koordinasiyalı fəaliyyətlər qurub.
"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, artıq informasiyanın gizlədilməsi mümkün deyil. İnformasiyanı dövlətçilik maraqlarını nəzərə alaraq ilk olaraq vermək lazımdır: "Çalışmalıyıq ki, informasiya ilk olaraq bizdən çıxsın". O, həmçinin qeyd edib ki, Müdafiə Nazirliyinin bu istiqamətdə işinin operativləşməsinə ehtiyac var: "İnformasiya siyasəti idarə olunmalıdır. Biz düşmənlə müharibə aparırıq və informasiya müharibəsi bunun tərkib hissəsidir".
Vüsalə Mahirqızı mediada yayılan hərbi xəbərlərin operativliyinin artırılması, həmçinin dövlətçilik maraqlarının da nəzərə alınması üçün işçi qrupunun yaradılmasını təklif edib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, cəbhə bölgəsindəki əhali baş verən olayları dərhal sosial şəbəkələrdə paylaşmamalıdır, bunun qarşısının alınması üçün tədbir görülməlidir. Hərbi məlumatlar isə birbaşa Müdafiə Nazirliyinin vasitəsi ilə və nazirliyin yaydığı formada verilməlidir. Nazirliyin yaymadığı məlumatları tirajlamaq doğru deyil.
"Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas qeyd edib ki, hər hansı hərbi əməliyyatla bağlı xəbər ilk olaraq hərbçilər, əsgərlər tərəfindən yayılır. Onun sözlərinə görə, hadisələrin iştirakçısı olan hərbçilər hadisəni çəkərək internet vasitəsilə tirajlayırlar ki, bu da doğru deyil. Aqil Abbas bu cür hallara yol verən hərbçilərin cəzalandırılmasını da təklif edib.
Çıxış edən digər media təmsilçiləri bildiriblər ki, media ümumi maraqları müdafiə edən bir vasitə kimi fəaliyyət göstərməlidir.
Sonda Əflatun Amaşov deyib ki, media ilə bağlı bu cür tədbirlər davamlı olacaq.