Medianın oxşar adlar problemi Hadisə

Medianın oxşar adlar problemi

"KİV haqqında qanun"a dəyişikliyə media mənsublarının münasibəti

Cavid

Ötən gün Milli Məclisdə "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə və dəyişikliklər edilib. Dəyişikliklərə görə, qanunun 3-cü maddəsinə (Əsas anlayışlar) "oxşar ad" termini əlavə edilir və onun təsnifatı göstərilir: "Oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar". Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan edilir.
Bundan başqa, layihədə xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsi də nəzərdə tutulur.
Qərəzli yazılara görə haqsız olduğuna dair barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfə qərar verilən media orqanının dərcinə və yayımına xitam verilməsi barədə qanuna dəyişiklik edilməsi təklifi də müzakirəyə təqdim olunub. Hazırda bu, il ərzində 3 dəfədir.
Eyni və oxşar adların KİV orqanına qoyulmasınını qadağan edilməsi necə dəyərləndirilir? Bu qadağa hansı problemləri aradan qaldıracaq?
Bu suallarla media nümayəndələrinə müraciət etdik.
Mediaform.az-ın əməkdaşı Bəkir Nərimanoğlu: "Media ilə bağlı probelmlər inziabti yolla həll edilməz. Medai özünütənzimləmə funksiyası ilə idarə olunmalıdır".
Modern.az saytının rəhbəri Elşad Eyvazlı: "Hər bir dəyişiklik ilk vaxtlar yaxşı qəbul olunmur. Bu, müsbət bir dəyişiklik olanda da belə olur. Səbəbi isə odur ki, oturuşmuş qaydalar dəyişir. Bu, məsələnin bir tərəfidir. Məsələnin konkret məqamlarına gəlincə, deyə bilərəm ki, bu dəyişkliyin mətbuatımızın inkişafına müsbət və mənfi təsir edəcəyini düşünmürəm. Ad məsələsi, oxşar adlar doğrudan da ciddi problem idi. Məsələn, 20-dən çox "Kirpi" sözünün əvvəlinə, sonuna bir söz əlavə etməklə qəzet qeydiyyata alınıb. Təbii ki, bu, yolverilməzdir. Məsələ odur ki, hər hansı dəyişiklik geriyə şamıl olunmur. Ona görə də hətta bunu bir az gecikmiş məsələ də hesab etmək olar. Amma mətbu orqanların fəaliyyətinin dayandırılması ilə bağlı müəyyən məqamlar var ki, ona birmənalı baxmaq olmur. Hər halda bu dəyişikliyi izahlı şəkildə cəmiyyətə çatdırmaq lazımdır. Məsələ ondadır ki, başları çıxmayanlar, məsələdən hali olmayanlar dəyişikliyi istədikləri kimi dəyərləndirəcəklər. Reketçiliyin qarşısı bir yolla alınacaq. Bəzi məmurlar sifariş verməkdən, bəzi məmurlar qanunsuz fəaliyyətdən, bəzi məmurlar isə əllərini reket jurnalistlərin cibindən uzaq duracaqlar. Dünyanın hər bir ölkəsində "reket" jurnalistlər var. Sadəcə onlara münbit şərait yaratamaq olmaz".
Jurnalist Arzu Laçın Zeynallı: "Eyni və oxşar adların KİV orqanına qoyulması mənim fikrimcə, kommersiya maraqlarıdır. Məsələn, vaxtilə rəhmətlik jurnalist Elçin Səlcuğun "Detektiv" qəzeti bazarda özünə yer tutmuşdu, kifayət qədər oxucusu var idi. Bir başqa qəzetçi, hansı ki, əməllərində daha çox kommersanta bənzəyirdi, eyni adda qəzet nəşrinə başladı. O vaxt mübahisə yarananda isə sübut etdi ki, onun qəzeti "Detektiv-A"-dır. Həmin "a" hərfi isə çox kiçik yazıldığından diqqəti çəkmirdi. Beləcə, bir müddət, yəni oxucular eyni adda bu qəzetin əslində başqa qəzet olduğundan xəbər tutana kimi "Detektiv-A" maliyyə baxımından uğur əldə etdi. Digər oxşatma "Yeni Müsavat" qəzetinə alternativ olaraq yaradılan "Müasir Müsavat" qəzeti oldu ki, burada da əsasən siyasi maraqlar öndə durur. Mən dəfələrlə şahidi olmuşam ki, eyni adda KİV orqanı oxucu kütləsində narazılığa səbəb olur. Bu üzdən gecikmiş qadağa olsa da, eyni və oxşar adların KİV orqanına qoyulmasının qadağan edilməsini müsbət dəyərləndirirəm.
Mətbuatın reket və təsadüfi "jurnalistlərdən" təmizlənməsi məsələsinə gəlincə, problemə real tərəfdən yanaşsaq, həlli mümkünsüzdür. Valideynlər var ki, ali təhsildən qalan övladına "heç olmasa get jurnalist ol" kimi məsləhətlər verir. Elə bu "heç olmasa" sözünün özü mətbuata, peşəkar jurnalistlərə qarşı dırnaqarası baxışlar yaradır.
Azadinform.az-ın baş redaktoru Niyaz Niftiyev: "Əslində bu cür dəyişiklik çoxdan olunmalı idi. Bəlkə də bir az gecikiblər. Artıq yeni media, internet, portal qəzet açan həmkarlarımız bu sahədə yolu yarılayıblar. Yəni oxşar adlarla "doğulan" bu kimi media qrumlarına artıq oxşar adlar qoyulub. Yəqin ki, bundan sonra belə hallar təkrarlanmaz. Bu həm oxucuları çaşdırır, həm də ilk yaranan KİV orqanının fəaliyyətinə bu və ya digər mənada gölgə salır. Məsələnin başqa tərəfi də var, bu da ondan ibarətdir ki, eyni adlı internet portalının "az" domeni birində, "com" digərindədir. Bu kimi problemlər də aradan qalxmalıdır".
Asiya.az portalının rəhbəri Cəfər Cəfərov: "Oxşar adlarla, domenlərlə mətduata daxil omaq istəyənlər çoxdur. Kiminsə brend adından istifadə etmək yolverilməzdir. Əslində bunu edənlər peşəkarlar yox, bir qrup "işbazlar"dır. Amma inanmıram ki, bu məsələ tam həllini tapsın. Nə qədər ki, istənilən domeni asanlıqla almaq, istənilən adı qeydiyyatdan keçirmək mümkündür, bu davam edəcək. Hər bir sahədə təsadüfü adamlar var. Zaman keçdikcə bu insanlar özləri seçimlərin dəyişəcək".
Mia.az saytının baş redaktoru Zaur Əhməd: "Məncə, oxşar adlardan istifadə başqasının çörəyinə şərik olmaq kimi bir şeydir. Qanunvericilikdə bu cür halların qarşısının alınması üçün prosedur yoxdur. Amma mənə elə gəlir ki, mütərəqqi islahatlar aparmaq daha doğru olar. Burada çətin bir şey yoxdur. Ədliyyə Nazirliyinə kişik bir göstəriş verilir ki, oxşar adları qeydiyyata almasınlar".
"Palitra" qəzetinin əməkdaşı Fuad Hüseynzadə: "Bu qadağa faydasız yeni media orqanlarının yaranmasının qarşısını alacaq. Düzdür, əvvəlki illərə nisbətən indi ictimai gündəmə təsir gücü olmayan qəzetlərin yaranması halları azalıb. Amma yenə də bəzən bir-iki aylıq media orqanlarının meydana gəlməsinin şahidi oluruq. Və bunların hamısı demək olar ki, Çin malları kimi "keyfiyyətsiz" olur. Ad baxımdan da elə çinlilər kimi əksəriyyəti bir-birinə oxşayır. Belə mənasız kəmiyyət artımı medianın inkişaf sürətin aşağı salır. Eyni zamanda medianın imicinə də mənfi təsir göstərir. Bu gün yeni hər hansı qəzet, jurnal və ya sayt yaratmaqdansa, hazrıda fəaliyyət göstərən media orqanlarının professionallığının artırılmasına ehtiyac var.
Əslində bu qadağa dolayısı ilə reket jurnalistikanın qarşısını almağa müsbət təsiri olacaq".