Dilqəm Əsgərovla bağlı qondarma məhkəmə prosesi başa çatıb Hadisə

Dilqəm Əsgərovla bağlı qondarma məhkəmə prosesi başa çatıb

QAT: "Bütün bu hadisələrə görə məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür"

Hikmət Hacıyev: "Ermənistan tərəfi 4 mindən artıq azərbaycanlının taleyi haqqında məlumat verməyə məsuldur"

Fazil Mustafa: "Əsirləri mübadilə yolu ilə qaytarmalıyıq"

6 aydır qanunsuz olaraq erməni terrorçularının əlində girov saxlanılan Kəlbəcər sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qondarma məhkəmə prosesi başa çatıb. Separatçı qurumun saxta "məhkəmə"si ömürlük və 22 il həbs tələb olunan azərbaycanlılara 29 dekabrda yekun cəzanı elan edəcək.
Qarabağ Azadlıq Təşkilatı isə (QAT) azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə, həmçinin qətlə yetirilmiş Həsən Həsənovla bağlı Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının qeyri-qanuni tutulma, itkin düşənlər, işgəncələr üzrə məsul şəxsləri Mads Andenas, Roberto Garreton, Shaheen Sardar Ali, El Hadji Malick Sov, Vladimir Tochilovsky, Oliver de Fronville, Ariel Dulitzky, Osman El-Hajje, Jeremy Sarkin, Juan Ernesto Mendezə məktub ünvanlayıb. QAT mətbuat xidmətindən verilən məlumata görə, məktubda bildirilib ki, Kəlbəcər rayonuna öz yaxınlarının qəbirlərini ziyarətə gələn azərbaycanlılar Ermənistan silahlı birləşmələri tərəfindən tutulub. Həsən Həsənovu qəddarlıqla öldürüb, Dilqəm Əsgərov və Şahbaz Quliyevi isə tutub saxlayıblar: "Onların üzərində Xankəndi şəhərində "oyuncaq məhkəmə" prosesi qurublar, onlara dəhşətli işgəncələr verib, onlara qarşı heç bir əsas olmadan ağır ittihamlar irəli sürüblər. Onları guya diversiya törətməkdə, erməni uşağını öldürməkdə ittiham edirlər. Azərbaycanlı girovlardan təzyiq və işgəncələr altında ifadələrin alınması heç kəsdə şübhə doğurmamalıdır. Ermənistan hakimiyyətinin məqsədi bu girovlara yalnız azərbaycanlı olduqlarına görə divan tutmaq, onlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Onu da qeyd edirik ki, digər azərbaycanlı Həsən Həsənovun öldürülməsi ilə bağlı heç bir araşdırılma aparılmayıb, onun hansı şəraitdə necə öldürüldüyü müəyyənləşdirilməyib, günahkarlar cəzalandırılmayıb. Beynəlxalq təşkilatlar bu məsələyə də diqqət yetirməli, beynəlxalq səviyyədə hüquqi təhqiqat işinin aparılmasını təmin etməlidir. Bütün bu hadisələrə görə məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür".
Millət vəkili Fazil Mustafa isə əsirlərin qaytarılmasından danışıb. O, bunun yalnız bir yolu olduğunu deyib: "Əsirləri mübadilə yolu ilə qaytarmalıyıq. Ermənilər əsir düşdükdə biz onları girov düşmüş insanlarımızla dəyişə bilərik. Başqa necə etmək olar ki?! Tutaq ki, dünya səviyyəsində bunu qaldırdıq. Amma əsirləri qaytarmaq üçün başqa alternativ yoxdur. Ancaq biz də əsir götürəndə onları dəyişməliyik. Ermənilər onları cinayətkar kimi qələmə verirlər. Bizdə də nə qədər əsirlikdə olan erməni var. Dəyişdirilmə zamanı bu cür nüanslara fikir verilmir".
Hərbi ekspert Azad İsazadə isə məsələnin hüquqi yolla həll edilməsinin tərəfdarı olduğunu qeyd edib: "Dünya Dağlıq Qarabağı dövlət kimi tanımır. Onun verdiyi qərarları da qondarma hesab edir. Bu vəziyyətdə isə normal qanunlar işləmirsə, 2 yol qalır. Ya hərbi qanunlar işə düşür, ya da beynəlxalq hüquqi normalar məsələyə qarışır. Məsələnin beynəlxalq müstəvidə həlli isə mənə görə daha məqsədəuyğundur".
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi əvəzi Hikmət Hacıyev isə ermənilərin qərarını gözlədiklərini deyib: "Qondarma rejimin "məhkəmə zalında" çıxış edən yoldaş vardı, özünü "prokuror" adlandıran şəxs qərarın 29 dekabrda elan olunacağını deyib. Biz o qərarı gözləyirik, ondan qabaq nəsə deməyimiz doğru olmaz. Qərardan sonra yəqin ki, məsələ ilə əlaqədar mövqe bildirəcəyik. Açığı, biz onların hansı qərar verəcəyini gözləyirik. Həm də biz bunu məhkəmə qəbul etmirik. Ancaq ondan sonra sözümüzü deyəcəyik". Onun sözlərinə görə, bu məsələ daimi əsasda digər beynəlxalq təşkilatlarla olduğu kimi, xüsusilə də münaqişəyə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərdə də qaldırılır, müzakirə edilir: "4 dekabrda həmsədr ölkələrin Bazel bəyanatında Həştərxan sammitinə istinad olundu. Həştərxan sammitində də münaqişənin humanitar asbektlərindən söhbət gedirdi. O cümlədən də girov olan və itkin düşmüş şəxslərin taleyinə diqqət çəkilirdi. Ona görə də Bazel bəyanatı ATƏT-in Minsk Qrupu həmsədrlərinə də bir çağırışdır".
Girovlarla bağlı ermənilərin verəcəyi qərara təsir etmələri üçün beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə növbəti müraciətlərin olub olmayacağından danışan XİN sözçüsü "hadisələri qabaqlamaq istəməzdik",- deyə vurğulayıb: "Prosesləri diqqətlə izləyirik. Diplomatik səviyyələrdə bütün tərəflərlə danışıqlar mütəmadi əsaslarla aparılır, o cümlədən həmsədr ölkələrlə. Biz qeyd olunan prosesi "məhkəmə" adlandırmırıq və məhkəmə kimi qəbul etmirik. Çünki onun heç bir legitim əsasları yoxdur. Təbii ki, hər bir vətəndaşımızın taleyi dövlətimiz üçün əsas məsələdir. Xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Azərbaycan vətəndaşlarının taleyindən söhbət gedir. Onlar ata-baba torpaqlarına, öz doğmalarının məzarını ziyarət etmək üçün gedib və orda girov götürülüblər. Biz cəmiyyət, dövlət olaraq bu ailələrin ağrısını bölüşürük. Ancaq mütəmadi şəkildə çalışmalarımızı davam etdiririk. Bu məsələdə Ermənistan tərəfinin qeyri-konstruktiv münasibəti və beynəlxalq aləmin ikili standartlarla yanaşması da göz qabağındadır". Moskvanın bu məsələdə təşəbbüslərinə gəlincə isə O, deyib ki, konkret bir ölkəni qeyd etməzdim. Söhbət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gedir: "Hər bir həmsədr ölkə eyni dərəcədə münaqişənin həllinə məsuldur. Sadəcə, burada Rusiya prezidentinin təşəbbüsü ilə prezidentlərin görüşünün keçirilməsi zamanı qəbul olunan Həştərxan bəyanatı var. O bəyanatda da münaqişənin humanitar asbektlərindən söhbət gedir, xüsusilə də ölənlərin cəsədlərinin qaytarılması, əsir və itkin düşənlərin taleyi barədə məlumat verilməsi, onların geri qaytarılması qeyd olunur. Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi, onlar üzərində qurulan saxta məhkəmə öz yerində. Ermənistan tərəfi 4 mindən artıq azərbaycanlının taleyi haqqında məlumat verməyə məsuldur. Onlar da əsir və itkin düşmüş şəxslər hesab olunur və Ermənistan onların da taleyi barədə məlumat verməlidir". Beynəlxalq Qırmızı Xaç Komitəsinin məsələyə biganə münaisbətindən də şikayətlərə Hikmət Hacıyev bildirib ki, tək bir təşkilatın adı altında fokslaşmaq istəməzdik: "Ümumiyyətlə, beynəlxalq təşkilatların bu məsələdə daha ardıcıl və həssas münasibət göstərməsinə ehtiyac var. Bir sıra beynəlxaql təşkilatlar və dövlətlər ayrı-ayrı şəxslərin fərdi hüquqlarından danışdıqları halda, 1 milyondan artıq qaçqın və məcburi köçkün düşmüş azərbaycanlının ibtidai hüquqlarından məhrum olmalarına da reaksiya verməlidir. Bundan əlavə, əsir və itkin düşmüş, girov götürülmüş şəxslər var, Dilqəm Əsgərov və Şahbaz Quliyev də onların ən son nümayəndələridir. Onların taleyi və onların hüquqları məsələsində də belə ardıcıllıq göstərmələrini çox istərdik".
Erməni jurnalistinin indiki situasiyanın Ermənistanın xeyrinə olmadığı ilə bağlı fikrinə gəlincə isə Hikmət Hacıyev "jurnalistin sözlərini şərh etmək istəməzdik",- deyə bildirib: "Amma ümumiyyətlə, dəfələrlə bəyan olunduğu kimi, münaqişənin tezliklə həll olunması Ermənistanın özünün xilası deməkdir. Ermənistanda iqtisadi, demoqrafik, siyasi və digər bütün zəminlərdə çox fəlakətli vəziyyət yetişib. Ona görə də münaqişənin nə qədər tez həll olunması eyni zamanda Ermənistanın xilası deməkdir. Ermənistan rəhbərliyi də artıq düşünməli, düzgün siyasi qərar qəbul etməli və konstruktiv mövqe seçərək münaqişənin həllində normal mövqe tutmalıdır.

Əli