Qarabağ qazisi intihar edib Hadisə

Qarabağ qazisi intihar edib

Mərhumun şalvarının cibindən "ölümümdə özüm günahkaram" sözləri ilə başlayan məktub aşkar edilib

Baş Prokurorluq Goranboy rayon sakininin intihar etməsi faktı ilə bağlı məlumat yayıb.
Qurumdan verilən məlumata görə, yanvarın 6-da Goranboy rayon sakini Bəxtiyar Əhmədovun intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırması barədə hazırkı vaxtadək istintaqa məlumat daxil olmayıb.
Hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış "ölümümdə özüm günahkaram" sözləri ilə başlayan məktub aşkar edilib. B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı lent.az məlumat verib ki, özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edən B.Əhmədov Qarabağ qazisidir.