İngilis barmağı işə düşüb... Hadisə

İngilis barmağı işə düşüb...

Arzu Şirinova

Niyə biz hər zaman problemlərimizin həlli yollarını çözməkdə ləngiyirik və çox hallarda gecikirik? Niyə biz hər dəfə erməni hiyləsinə yönələn yazıların, informasiyaların təkzibinə vaxtımızı sərf edirik? Niyə biz "sabah nə ola bilər?" sualına uyğun-Dağlıq Qarabağ problemini nəzərdə tuturam- siyasətimizi qura bilmirik? Bu sualları boşuna sıralamadım. Aşağıdakı informasiya səbəb oldu.
Böyük Britaniyanın "The Guardian" qəzeti "2015-ci il tətilləri üçün ən macəralı yerlər" başlıqlı məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi Dağlıq Qarabağı da qeyd edib. Məqalədə Dağlıq Qarabağ Azərbaycan tərəfindən "əhatə olunmuş" dağlıq anklav, "1991-ci ildə müstəqilliyini elan etmiş" və Ermənistanın nəzarətində olan ərazi kimi göstərilib:"Sərhəd çəkişmələri və əraziyə nəzarət uğrunda gedən davamlı mübarizə onu göstərir ki, bu səyahət qorxaqlar üçün deyil, lakin orada təklif olunacaq çox şey var: dağ monastırları, arxeoloji abidələr, qədim mağara kompleksləri və fərqli təbiət gözəlliyi. Bu əraziyə Yerevan vasitəsilə səyahət edə bilərsiniz".
"The Guardian" oxuculara bu əraziyə səyahəti Böyük Britaniya şirkəti olan "Regent Holidays" vasitəsilə gerçəkləşdirməyi təklif edib və məqalədə şirkətin saytındakı "Dağlıq Qarabağa qrup turları" proqramına keçid verib.
Şirkətin rəsmi saytında isə (regent-holidays.co.uk) Dağlıq Qarabağ Ermənistan kateqoriyasında verilir, Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistandan keçməklə tur xidmətləri təklif olunur. Qeyd edək ki, həmin şirkət eyni zamanda Azərbaycana da turlar təşkil edir.
Mətbuatin sorğusuna cavab olaraq Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib ki, hazırda məsələ araşdırılır və tezliklə rəsmi Bakı öz mövqeyini açıqlayacaq.
Belə durumla birinci dəfə deyil ki, qarşılaşırıq. Hər dəfə də araşdırırıq, sonra da "arxadan atılan daş"a bənzər mövqe sərgiləyirik. Məsələn, ermənilər xarici ölkələrdə nümayiş olunan Azərbaycan xalçalarını öz adlarına çıxıb, hər kəsə nümayiş ertdirib, bunun reklamını işləyib xalçaçılıqda öndə olduqlarını bildirəndən sonra biz təkzib verdirməklə məşğul olmuşuq.
Ermənilər musiqimizi oğurlayıb mötəbər məclislərdə özlərinki olaraq insanlara sırıyıblar və çox hallarda insanları buna inandırıblar-"Sarı gəlin" kimi-biz təkzib verdirməklə məşğul olmuşuq.
Ermənilər Azıx mağarasının onlara məxsusluğunu dünyaya müxtəlif üsullarla-bu üsulların da təkzibilə məşğul olmaq sonradan çətinliklər yaradır, bəzən də bu təkzibə inanların sayı barmaqla sayılacaq qədər olur-bəyan edirlər, araşdırmalarını xarici mətbuatın vasitəsilə çatdırırlar, biz təkzib verdirməklə məşğul oluruq.
Ermənilər Rusuya televiziyalarında dəfələrlə Dağlıq Qarabağın onların ərazisi olduğu informasiyasını verməyə nail olublar, biz təkzib verdirməklə məşğul olmuşuq.
Bu gün Babəki çəkişdirməklə məşğuluq-bizimki olub-olmamasını aydınlaşdırmağa çalışırıq. Çox keçməz ermənilər bu yanlışlığımızdan da bəhrələnər və iddia edərlər ki, Babək onlarındı. Sonra biz yenə də təkzib verdirməklə məşğul olacağıq , ancaq faydası bir qəpiyə dəyməyəcək. Necə ki, 1991-ci il 20 noyabr vertalyot faciəsinədə olduğu kimi. Azərbaycanın say-seçmə oğullarının uçduğu vertalyotu ermənilərin diversiya qrupu vuraraq yerə saldı, sonra onları güllələdi və yandırdılar, ancaq biz dünyaya bəyan elədik ki, vertalyot dumanda yolunu azıb və qəzaya uğrayıb. Düzdür sonra vertalyotun ermənilər tərəfindən vurulduğunu bildirdik, ancaq gec idi. Birinci informasiyamızdan ermənilər gözəl bəhrələnmişdilər.
Necə ki, ermənilərin Xocalıda soyqırım törətdiklərini bilə-bilə bunu gizlədib, əvəzində guya üç nəfərin ölümünü bütün dünyaya bəyan elədik və yenə də ermənilər bu bağışlanılmaz səhvimizdən gözəl yayrarlandılar və hələ də yararlanırlar.
Bəs bu gün nə baş verir? İngilis dincəlmək üçün İrəvandan keçərək Dağlıq Qarabağa gəlir və buranın müstəqil olduğunu, dincəlmək üçün əvəzedilməzliyini ölkəsinə dönəndə yazaraq tirajlayır. Və bu tirajlanan məqalədən ermənilər bir fürsət kimi istifadə edirlər. Biz isə hələ araşdırırıq və araşdırmamız başa çatanda təkzib verdirməklə-hələ bu təkzibin veriləcəyi məlum deyil, çünki nüfuzlu qəzetlər təkzib verməzlər, sadəcə ünvana üzürxahlıq məktubu göndərərlər və həmin üzürxahlq məktubundan da bizdən başqa kimsənin xəbəri olmaz--məşğul olacağıq. Artıq Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması üçün ingilis barmağı işə düşüb. Biz isə araşdırırıq. Nəyi və niyə?