ADU-da "Nizami Gəncəvi “Xəmsə"sində Çinin obrazı" mövzusunda seminar keçirilib Hadisə

ADU-da "Nizami Gəncəvi “Xəmsə"sində Çinin obrazı" mövzusunda seminar keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi "Xəmsə"sində Çinin obrazı" adlı onlayn seminar keçirib.

Seminarda açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edildiyini xatırladıb.

O, Azərbaycan və Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Çaoyanın ən böyük parklarından birində qoyulmuş Nizami Gəncəvinin büstünün müəllifi heykəltəraş Yuen Sikun "Dostluq" ordeni ilə təltif etdiyini bildirib. R.Abbasov dahi Nizami Gəncəvinin ölməz "Yeddi gözəl" və "İsgəndərnamə" poemalarında dəfələrlə Çini xatırlatdığını, çinlilərin obrazlarını yaratdığını, ənənəvi ifadələrdən - "Çin ipəyi", "Çin naxışları", "Çin gözəlliyi" ifadələrindən istifadə etdiyini, Çin rəsmini, Çin poladdan dəbilqələri, Çin xalqının gözəlliyini, zəkasını və cəsarətini yüksək qiymətləndirdiyini də qeyd edib. Şair çinliləri və türkləri vahid etnos altında qəbul edərək və onlara böyük məhəbbət bəsləyib.

Seminarda çıxış edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Nizami Gəncəvinin "Xəmsə"sindəki epizodlardan, İsgəndərin Çinə yürüşü, Çin xaqanı ilə yazışmalarından, Mani rəssamı haqqında xaqan əfsanəsindən, Bəhramın Sarı sarayda Çin (Türküstan) şahzadəsi Yağmanazla söhbətlərindən danışıblar.

Sonda Nizami Gəncəvinin əsərlərindən sətirlər səsləndirilib.