KİVDF Lənkəranda konfrans keçirib Hadisə

KİVDF Lənkəranda konfrans keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yanvarın 22-də Lənkəran şəhərində "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda regional konfrans keçirilib. Tədbirdə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri, habelə Bakıda fəaliyyət göstərən 10-a yaxın aparıcı qəzetin baş redaktorları iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerli icra hakimiyyətləri ilə kütləvi informasiya vasitələri arasında sıx və məhsuldar əməkdaşlığın genişləndirilməsinə xidmət edən konfransın təşkilinə görə Fondun rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın son 11 ildə dinamik iqtisadi inkişaf yolu keçdiyini və müasirləşdiyini deyən Taleh Qaraşov Cənub bölgəsinin mühüm iqtisadi-mədəni mərkəzinə çevrilmiş Lənkəran şəhərinin ictimai həyatın bütün sahələrində mühüm uğurlar əldə etdiyini vurğulayıb. Ölkə başçısının Lənkərana 8 dəfə səfər etdiyini, sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə 10-dan çox sərəncam imzaladığını xatırladan icra hakimiyyətinin başçısı bu yüksək qayğının nəticəsi olaraq şəhərdə yeni sənaye və emal müəssisələrinin, strateji əhəmiyyətli digər sosial-inzibati, mədəni obyektlərin açıldığını, əhalinin sosial rifah halının yaxşılaşdığını bildirib.
Taleh Qaraşov şəhərlə bağlı yeniliklərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında medianın mühüm rolunu önə çəkərək Lənkəran Şəhər İcra Hakimiyyətinin jurnalistlər üçün daim açıq qurum olduğunu, media ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında tədbir iştirakçılarını salamlayaraq 2015-ci ildə Fondun ilk tədbirinin Lənkəranda keçirilməsinin təsadüfi olmadığını, şəhər rəhbərliyinin Fondla və media ilə ötən illərdən sıx əməkdaşlıq etdiyini bildirib.
Tarixə çevrilmiş 2014-cü ilin Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olduğunu vurğulayan Vüqar Səfərli ötən il ictimai həyatın digər sahələri kimi, fikir, söz və məlumat azadlıqlarının inkişafı və mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Fondun jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə çoxsaylı layihələr reallaşdırdığını deyən icraçı direktor 2014-cü ildə yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əlaqələrin genişləndirilməsi məqsədilə İmişli, Şəmkir və Xaçmaz rayonlarında regional konfransların keçirildiyini bildirib.
Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə, jurnalist peşəkarlığının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli ötən il Fond tərəfindən ümumilikdə 10 dəfə fərdi jurnalist yazıları müsabiqələrinin keçirildiyini bildirib. Bu müsabiqələrə 500-dən çox jurnalist yazı təqdim edib, 350-dən çox jurnalist mükafatlandırılıb. O, regionlarda nəşr olunan qəzetlərin əməkdaşlarını müsabiqələrdə daha fəal iştirak etməyə çağırıb.
Fondun icraçı direktoru Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq ötən il 19 istiqamət üzrə 34 gündəlik və həftəlik qəzetə maliyyə dəstəyinin davam etdirildiyini, il ərzində həmin qəzetlərdə 6 min səhifədən çox yazının dərc olunduğunu vurğulayıb. Vüqar Səfərli Konsepsiyada yer almış "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti çərçivəsində bir sıra qəzetlərdə bölgələrin, o cümlədən Lənkəran şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı yazıların dərc olunduğunu bildirib.
Çıxışını davam etdirən Vüqar Səfərli hər ilin yekunlarına görə media və icra orqanları arasında əməkdaşlığın inkişafında fəal rol oynayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin Fondun xüsusi diplomuna layiq görüldüklərini xatırladıb. O, 2014-cü ilin yekununa əsasən Fondun diplomuna Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun layiq görüldüyünü vurğulayıb. İcraçı direktor diplomu Taleh Qaraşova təqdim edib.
Sonra Fondun ekspertləri - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Qlobal informasiya məkanında media təhlükəsizliyi", Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli "İnformasiya əldə etmək haqqında qanunvericiliyin tələbləri", Fondun Müşahidə Şurası sədrinin müavini, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Reket jurnalistika ilə mübarizə" mövzularında məruzələr ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Trend" İnformasiya Agentliyinin baş redaktoru İlqar Hüseynov, habelə Cəlilabadda nəşr olunan "Yeni Gün" qəzetinin baş redaktoru Böyükxan Bağırlı, "Astara" qəzetinin baş redaktoru Azər Abdullayev, "Lənkəran" qəzetinin baş redaktoru İltifat Məmmədov, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov və başqaları məzurələr ətrafında fikir və mülahizələrini bölüşüb, mətbuat-ictimaiyyət münasibətlərinin tənzimlənməsi, reket jurnalistikaya qarşı səmərəli mübarizənin təşkili baxımından belə tədbirlərin əhəmiyyətini önə çəkiblər.
Tədbirə yekun vuran Fondun icraçı direktoru Vüqar Səfərli aparılan müzakirələrin kütləvi informasiya vasitələri ilə rayonun müvafiq icra strukturları arasında əməkdaşlığın genişləndirilməsi, habelə region jurnalistlərinin maarifləndirilməsi və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətli olacağını bildirib.