Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılış mərasimi keçirilib Hadisə

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılış mərasimi keçirilib

Tural

Dünən Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılışı keçirilib. Açılış mərasimində Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Koreyanın Azərbaycandakı səlahiyyətli səfiri Çoi Suk İn, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov, BMT-nin Bakı Ofisinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCO) rəhbərləri və KİV nümayəndələri iştirak edib. İlk olaraq mərkəzin otaqlarına baxış keçirilib, təlim otaqlarında quraşdırılan müasir texniki avadanlıqlarla tanışlıq olub. Tədbirdə çıxış edən Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn Azərbaycanın İKT sahəsində sürətli inkişaf tempi əldə etdiyini vurğulayaraq Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılışında iştirak etməkdən məmnunluğunu ifadə edib. Koreyanın informasiya-kommunikasiya texnologiyaları istiqamətində qazandığı bilik və təcrübələri Azərbaycanla bölüşməkdə maraqlı olduğunu qeyd edən səfir bildirib ki, hər iki ölkə arasında elektron hökumət üzrə qurulan əməkdaşlıq yüksələn xətlə davam etdirilir. Onun sözlərinə görə, Elektron Hökumət Təlim-Tədris Mərkəzi də e-hökumət əməkdaşlığında mühüm rol oynayır: "Dövlət orqanlarında kağızsız onlayn mühitin formalaşdırılması çox böyük faydalar verəcək. Mərkəzdə dövlət orqanı əməkdaşları üçün veriləcək təlimlər mühüm əhəmiyyət kəsb edir".
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov da bildirib ki, dövlət orqanlarının əməkdaşlarının e-hökumət istiqamətində bilik və bacarıqlarının artırılması əhəmiyyətli məsələlərdən biridir. Azərbaycanda bu səpkidə müsbət nəticələrin əldə olunduğunu qeyd edən komissiya sədrinin sözlərinə görə, belə tədris mərkəzlərinin yaradılması ilə nəzərdə tutulan məqsədlərə daha tez nail ola bilərik. B.Xəlilov vurğulayıb ki, Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası da bu istiqamətdə RYTN-lə uğurlu əməkdaşlıq edəcək.
Tədbirdə çıxış edən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, son zamanlar Azərbaycanın əldə etdiyi inkişaf və gələcək inkişafı istiqamətində aparılan işlər, şəxsən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin üfüqləri artıq hamımıza məlumdur. Müəyyənləşdirilən hədəflərin 2012-ci ilin dekabrında cənab Prezidentin fərmanı ilə təsdiq olunan "Azərbaycan–-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapdığını qeyd edən nazirin sözlərinə görə, hazırda qarşıda duran əsas məqsədlərdən biri Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, insan inkişafı, neftdən asılılığın daha da minimuma endirilməsidir ki, bunun nəticəsində də ölkəmizin gələcək inkişafı təmin ediləcəkdir:
"Strategiyaya diqqət etsək görərik ki, burada yeni texnologiyaların, yeni infrastrukturun inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin daha da irəli aparılması, bu istiqamətdə cəmiyyətin aktivliyinin artırılması nəzərdə tutulub. Bu aktivlik müxtəlif sahələrdə olduğu kimi, həmçinin də, kiçik və orta biznesin, işgüzarlığın inkişafında xüsusi yer alır. Belə bir inkişaf hədəflərimizi, çağırışları qarşılamaq üçün ən yaxşı vasitələrdən biri olan, Azərbaycanda artıq 2004-cü ildən həyata keçirilən elektron hökumət layihəsi, xidmətlərin elektronlaşdırılmasıdır. Bu da son zamanlar xüsusi bir aktivlik fazasına keçmişdir. Elektron hökumət layihəsi vətəndaşların aktivliyinin artırılması, dövlət xidmətlərinin alınmasında əhalinin rahatlığının təmin edilməsi, digər tərəfdən isə iqtisadi subyektlərin inkişafı üçün verilən xidmətlərin keyfiyyətinin artırılması və bununla əlaqədar olaraq məmur-vətəndaş münasibətlərinin yaxşılaşdırılması, həmçinin hökumətin cəmiyyət üçün açıq olması, iqtisadi inkişaf üçün mane ola biləcək amillərlə mübarizə, o cümlədən korrupsiyaya qarşı aparılan işlərdə, digər iqtisadi problemlərin həlli istiqamətində çox böyük vasitədir".
Nazir Əli Abbasov qeyd edib ki, elektron hökumət layihəsini həyata keçirərkən beynəlxalq aləmdə irəlidə olan dövlətlərin təcrübəsini öyrənmək, onların təcrübələrindən istifadə etmək, ortaq layihələr həyata keçirmək çox böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycanın ən yaxın partnyoru Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyidir: "Koreya Respublikasının təcrübəsi müsbət model kimi tanınır. Çünki Koreya İKT üzrə ən irəli gedən ölkələrdən biridir. Elektron hökumət sahəsində də bir çox hesabatlarda I yeri tutur. Bu da bizə örnək verir ki, əməkdaşlığımızı davam etdirək. Koreya II Dünya müharibəsindən sonra, 50-60 il içərisində ən yoxsul ölkədən ən varlı ölkələr sırasına qədər gəlib çıxa bilib. Ona görə də Koreyanın inkişaf modeli dünyanın bir çox ölkələri tərəfindən öyrənilir".
Azərbaycanın da özünün inkişaf modelini qurduğunu və bu istiqamətdə davamlı, düşünülmüş addımlar atıldığını vurğulayan Əli Abbasov bildirib ki, qarşımızda duran məsələlərdən biri də ölkəmizi İnkişaf Etmiş Ölkələr sırasına daxil etməkdir. Bu istiqamətdə müasir elektron hökumət sisteminin həyata keçirilməsinin böyük rol oynayacağını söyləyən nazir yaxın zamanlarda arzulanan mövqelərə gəlib çatacağımıza əminliyini ifadə edib. Nazir əlavə edib ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi elektron şəbəkə modeli üzrə qurulan sistemdir. Onun sözlərinə görə, mərkəz nəzərdə tutulan fəaliyyətlə yanaşı, həm də İKT-nin əhali arasında populyarlaşması, müəyyən tədbirlərin keçirilməsi istiqamətində də böyük rol oynayacaq.