Soltan Məmmədov: “Yoluxma sayında azalma tendensiyası davam etsə, növbəti yumşalmalara gedilə bilər” - MÜSAHİBƏ Hadisə

Soltan Məmmədov: “Yoluxma sayında azalma tendensiyası davam etsə, növbəti yumşalmalara gedilə bilər”  - MÜSAHİBƏ

Milli Məclisin deputatı Soltan Məmmədovun APA-ya müsahibəsi

- Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur. Eyni zamanda qərara əsasən, yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər. Bütün bunları nəzərə alaraq, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin siyahısı hazırlanacaq? Yoxsa bu tələb bütün xidmət və iş sahələrinə, yaxud yalnız idman və sağlamlıq-bərpa obyektlərinə şamil ediləcək?

- Bu tədbirlərin əsas məqsədi kollektiv immunitetə nail olmaqla xəstəliyin aradan qaldırılmasını təmin etməkdir. Yəni insanların sağlamlığını qorumaq dövlətin əsas məqsədidir. Nazirlər Kabinetinin qərarına əsasən, qeyd edilən tələb bütün iş və xidmət sahələrinə aiddir. Yəni bütün iş və xidmət sahələrində işçilərin ən azı 80%-nin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb olunacaq.

- Əgər digər iş və xidmət sahələrinə münasibətdə 1 iyul tələbi qüvvəyə minəcəksə, deməli yaxın 3 gün ərzində həmin xidmət və iş sahələrində çalışan insanlar ən azı peyvəndin birinci dozasını vurdurmalıdır. Çünki peyvəndin ikinci dozası 28 gündən sonra vurulur. Bu necə tənzimlənəcək?

- Bildiyiniz kimi, vaksin vurdurmaq istəyən hər bir vətəndaş randevu.its.gov.az internet saytından qeydiyyatdan keçməlidir. Bu da məntəqələrdə müraciət sayını tənzimləmək üçündür. Qeyd etmək istəyirəm ki, 10 may 2021-ci il tarixindən etibarən 18 yaş və daha yuxarı yaş qruplarının vaksinasiyası həyata keçirilir və bu günə qədər 2 milyona yaxın insan 1-ci doza vaksini qəbul etmişdir.

- Nə üçün xüsusi karantin rejimi 1 avqusta qədər uzadılsa da, ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi 1 iyula qədər olan dövrü əhatə edir?

- Xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlərin siyahısı çox genişdir. İctimai nəqliyyatın fəaliyyətinə xüsusi yanaşmanın tətbiq olunması onunla əlaqədardır ki, burda həm epidemioloji, həm də sosial, iqtisadi və digər amillər nəzərə alınmalıdır. Bu baxımdan, hesab edirəm ki, əgər yoluxmaların sayı ən azından stabil qalsa, daha böyük rəqəmlər müşahidə olunmasa, ictimai nəqliyyatın fəaliyyətinin yenidən məhdudlaşdırılmasına da ehtiyac qalmayacaq. Dövlət qurumları indi çox çətin bir neçə vəzifəni yerinə yetirməyə çalışır. Bir tərəfdən pandemiyanın təsiri nəticəsində iqtisadiyyatın daha çox zərər görməsinə imkan verməmək, insanların sosial durumunun ağırlaşmasına səbəb olan amilləri minimuma endirmək, digər tərəfdən əhalinin sağlamlığını qorumaq, xəstəliyin cəmiyyətin ümumi psixologiyasına, əhval-ruhiyyəsinə zərbə vurmasının qarşısını almaq. Qəbul edilən qərarların hər biri məhz bu məqsədə xidmət edir. Biz bir-birinə zidd olan reallıqlar arasında qızıl ortanı tapmağa çalışmalıyıq. Çünki əhalinin sağlamlığının qorunması iqtisadi, sosial və psixoloji amillərdən asılıdır.

- İş və xidmət sahələrində COVID-19 pasportu tətbiq olunursa, əhalinin daha sıx təmasda olduğu ictimai nəqliyyatda, marketlərdə və digər yerlərdə bunun tətbiq olunmaması nə dərəcədə məntiqli olar?

- Düşünürəm ki, qəbul olunan hər bir qərarın uğurlu nəticəsi eyni zamanda onun praktik tərəfinin nəzərə alınmasından asılıdır. Əgər ictimai nəqliyyatda, yaxud siz deyən kimi, ticarət mərkəzlərində, marketlərdə COVID-19 pasportu tələbi qoyularsa, bunu icra etmək nə dərəcədə mümkün olacaq? Əvvəla, bu, həm ictimai nəqliyyatın fəaliyyətində, həm də marketlərin, ticarət mərkəzlərinin işində çətinliklərə səbəb ola bilər. Digər tərəfdən, COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatının yoxlanılması dayanacaqlarda, eləcə də marketlərin qarşısında sıxlıq yarada bilər. Əgər insanlardan iş yerlərində bu sənədlər tələb olunacaqsa, əlavə yoxlamaların aparılmasına da düşünürəm ki, ehtiyac qalmayacaq.

- Tibbi səbəblərdən peyvənd vurulması mümkün olmayan insanlar var. Onlarla bağlı məsələ necə tənzimlənəcək? Bununla bağlı COVID-19 pasportunu əvəz edən hər hansı sənəd veriləcəkmi?

- Hər bir insana peyvəndin vurulub-vurulmaması ilə bağlı rəyi yalnız mütəxəssislər verə bilər. Təəssüf ki, bəzən peyvənd vurdurmamaq üçün müxtəlif səbəblər göstərənlər var. Lakin indiyə qədər peyvəndin insanların səhhətində hər hansı ciddi fəsadlar yaratdığına dair təsdiq olunmuş faktlar yoxdur. Allergiyası olan insanlar ola bilər, onlar da müvafiq müayinələrdən keçdikdən sonra vaksin vurdura bilər. Hətta peyvəndin əks göstəriş olduğu insanlar müayinə edilsə belə, onların sayı o qədər də çox olmayacaq.

- Azərbaycana “SinoVac”, “Sputnik V”, “Vaxzevria” (“AstraZeneca”) vaksinləri gətirilib. Azərbaycanda əhali arasında birmənalı qarşılanmayan “AstraZeneca” vaksininin bundan sonrakı mərhələdə də gətirilməsini nə dərəcədə məqsədəuyğun sayırsınız? Çünki hökumət 6 ay ərzində 432 min doza “AstraZeneca” vaksinin gətirilməsi barədə qərar verib.

- İstənilən peyvəndin tətbiqinə başlamazdan əvvəl bir neçə mərhələdə öyrənilir, sınaqdan keçirilir. Ona görə də hesab edirəm ki, narahatlıq üçün əsas yoxdur. Mütəxəssislər də qeyd edirlər ki, “AstraZeneca”nın 60 yaşdan yuxarı yaş qruplarına vurulmasının heç bir narahatlığı ola bilməz. “AstraZeneca” peyvəndi ilə bağlı müxtəlif rəylər, birmənalı olmayan fikirlər səsləndirilirdi. Lakin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan qiymətləndirilmə onu göstərir ki, “AstraZeneca” peyvəndi klinik tədqiqatlardan uğurla keçib. Eyni zamanda, Azərbaycanda da bu peyvəndlə bağlı mütəxəssislərin rəyi hər hansı narahatlığa əsas vermir. Qeyd edim ki, ABŞ-da, həmçinin, Çili və Peruda 32 mindən çox könüllünün iştirak etdiyi sınaqlarda da “AstraZeneca” peyvəndinin COVID-19 xəstəliyinin 79% simptomlarını azaltdığı və insanların ağır vəziyyətə düşməsinin qarşısını almaqda 100% effektiv olduğu müəyyən edilib.

- Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva 25 mayda keçirilən brifinqdə bildirib ki, yaxın günlərdə Azərbaycana “Pfizer-BioNTech” vaksinin gətirilməsi gözlənilir. Bununla bağlı danışıqlar hansı mərhələdədir?

- Azərbaycan dövləti ilk günlərdən ölkəyə peyvəndlərin gətirilməsini və tətbiqini təmin edən strategiya hazırlayıb. Azərbaycanın peyvənd strategiyası hazırlanarkən bir çox məqamlar, o cümlədən, peyvəndlərin əldə olunması ilə bağlı mümkün çətinliklər də nəzərə alınıb. Strategiyanın həyata keçirilməsinin əsas prinsipləri könüllülük, təhlükəsizlik, şəffaflıq, mərhələlilik, ədalətlilik, məsuliyyət, əməkdaşlıqdır. Bu baxımdan, Azərbaycana bir neçə peyvəndin gətirilməsi insanlara seçim imkanı yaradır. Bu gün bir çox ölkələrdə nəinki belə seçim imkanı yoxdur, hətta peyvəndin alınmasında ciddi problemlərlə qarşılaşırlar. “Pfizer-BioNTech” peyvəndinin ölkəmizə gətirilməsi hesab edirəm ki, bu seçim variantlarını artırmağa xidmət edəcək. Bu prosesin yaxın günlərdə yekunlaşması gözlənilir.

- Bütün ölkələrdə pandemiya qaydaları çərçivəsində toylara icazə verilir. Azərbaycanda 25 mayda keçirilən brifinqdə bir çox sahədə yumşalmalara gedilsə də, bu məsələ açıq qaldı. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov son brifinqdə bildirib ki, COVID-19 pasportu ilə bağlı tələbin toylara tətbiqi də nəzərdə tutulur. Ancaq Azərbaycanda restoranlarda xeyli sayda insanların bir araya toplanması müşahidə edilir, orada COVID-19 pasportu tələbi qoyulmur. Bu nə dərəcədə məntiqli olacaq?

- COVID-19 xəstəliyi elə bir situasiya yaradıb ki, burda ən optimal olan qərarı müəyyən etmək olduqca çətindir. Nəinki Azərbaycanda, hətta bütün dünyada insanları narahat edən, cavablandırılması çətin suallar meydana çıxır. Çünki təcrübə yoxdur, dünyanın ilk dəfə qarşılaşdığı bir xəstəlikdir. Yumşalmalarda əsas məqsəd əvvəlki suala cavabımda da qeyd etdiyim kimi, bir tərəfdən iqtisadiyyatı daha böyük itkilərdən sığortalamaq, xəstəliyin və məhdudiyyətlərin yaratdığı psixoloji narahatlığı aradan qaldırmaq, digər tərəfdən isə əhalinin sağlamlığını mümkün qədər qorumaq məqsədinə xidmət edir. Restoranların fəaliyyəti ilə toy şənlikləri arasında ciddi bir fərq var. Toylarda bütün iştirakçıların ünsiyyət ehtimalı daha yüksəkdir. Çünki iştirakçılar hamısı bir-birini tanıyır. Restoranlarda isə vəziyyət bir qədər fərqlidir. Bir masada əyləşənlə digər masada əyləşənlər arasında ünsiyyət ehtimalı azdır. Restoranlarda COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbinin tətbiq olunmaması çox güman ki, bu məntiqə əsaslanır.

- Ümumdünya Səhiyyə Təşkilatı, bütün ölkələrin rəsmiləri deyirlər ki, vaksin 6-8 ay qoruyur, sonra təsiri itir və ona görə də təkrar vaksinləşməyə ehtiyac olacaq. Avropa İittifaqı ölkələri 2021-22-ci il üçün əlavə 1,8 mlrd. dozadan artıq vaksin sifariş verib, Kanada əhali sayından 6-7 dəfə artıq vaksin alacaq, ABŞ-da da tədarüklər davam edəcək. Bu o deməkdir ki, bu gün alınan COVID-19 pasportu 6-8 aydan sonra qüvvədən düşəcək?

- Mən daha çox onun tərəfdarıyam ki, biz gələcəyə nikbin baxaq. Ümid edirəm ki, peyvəndləmə prosesini uğurla yekunlaşdıra bilsək, xəstəliyin tamamilə həyatımızdan çıxmasına nail olarıq. İndiki halda bizim hər birimizin əsas vəzifəsi peyvəndləmə prosesinin əhəmiyyətini düzgün təhlil edib, qiymətləndirmək, ətrafımızı, yaxınlarımızı maarifləndirməkdən ibarətdir. Peyvəndlərin tətbiqi pandemiyanın qarşısının alınmasının tibbə məlum olan ən effektiv yoludur. Bizim başqa seçimimiz yoxdur. Bir az əvvəl qeyd etdiyim kimi, bir çox ölkə peyvənd əldə etmək üçün can atsa da, buna nail ola bilmir. Nəticədə həm əhalinin sağlamlığı, həm də iqtisadiyyat çox ciddi risklə qarşı-qarşıya qalır. Azərbaycanda isə kollektiv immunitetin yaranmasına imkan verə biləcək səviyyədə peyvənd tədarükü görülür. İnsanların fərqli peyvəndlərdən istifadə etmək üçün seçim imkanı var. Bu son dərəcə ciddi bir nailiyyətdir.

- Ümumiyyətlə, COVID-19 pasportu olan şəxslərə hansı imtiyazlar veriləcək? - COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatının olması imtiyazdan daha çox cəmiyyətin təhlükəsizliyi, əhalinin sağlamlığı üçün vacibdir. Peyvəndin bizə verdiyi ən böyük imtiyaz da elə budur ki, COVID-19-a yoluxmaq riskini aradan qaldırır. Məncə, hər bir insan üçün sağlamlıqdan daha böyük imtiyaz ola bilməz. Fürsətdən istifadə edərək, bütün vətəndaşlarımızı dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmağa, peyvəndin vurulmasından yayınmamağa çağırıram. Bu gün Azərbaycanda peyvənd strategiyası çox uğurla həyata keçirilir. Lakin tərəddüd edən insanların peyvəndin əhəmiyyətini düzgün qiymətləndirməsi olduqca vacibdir. Çünki vətəndaşların fəallığı da strategiyanın həyata keçirilməsində mühüm rol oynayır.

- Sizcə, Operativ Qərargahda yaxın günlərdə yumşalmalarla bağlı yeni qərarlar gözlənilirmi?

- Çox güman ki, yoluxmaların sayında azalma tendensiyası davam etsə, xüsusi karantin rejimində növbəti yumşalmalara gedilməsi gözlənilə bilər. Hər halda buna Operativ Qərargah epidemioloji vəziyyəti təhlil edərək qərar verəcək.