12 ərəb və islam ölkəsinin XİN başçıları İrana hücumları dayandırmaq çağırışı edib Dünya

12 ərəb və islam ölkəsinin XİN başçıları İrana hücumları dayandırmaq çağırışı edib

Səudiyyə Ərəbistanında keçirilən görüşün yekununda 12 ərəb və islam ölkəsinin xarici işlər nazirləri İranı hücumları dərhal dayandırmağa, qonşu ölkələrə qarşı təxribatlardan, habelə Hörmüz boğazında beynəlxalq gəmiçiliyə mane olmaq və ya onu bağlamaq yönümlü hər hansı hərəkət və ya hədələrdən çəkinməyə çağırıblar.

Xalqcebhesi.az-ın xəbərinə görə, Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Qətər, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyə xarici işlər nazirlərinin birgə bəyanatında vurğulanır ki, bu ölkələrin İranla münasibətlərinin gələcəyi Tehranın qonşu dövlətlərin suverenliyinə hörmət etməsindən asılıdır.

Qətər XİN tərəfindən dərc olunan mətndə deyilir:

"Görüş iştirakçıları İranın BMT Təhlükəsizlik Şurasının 2817 nömrəli qətnaməsinə əməl etməsinin zəruriliyini vurğulayıb, bütün hücumların dərhal dayandırılmasını və qonşu ölkələrə qarşı hər hansı təxribatçı hərəkətlərdən və ya hədələrdən çəkinməyi tələb ediblər. Onlar həmçinin İranın ərəb dövlətlərindəki bağlı silahlı qruplaşmalara dəstəyi, maliyyələşdirməni və silahlandırmanı dayandırmasının vacibliyini qeyd ediblər. Bundan əlavə, İranı Hörmüz boğazında gəmiçiliyə mane olmaqdan və Bab əl-Məndəb boğazında dəniz təhlükəsizliyini təhdid etməkdən çəkinməyə çağırıblar."

XİN başçıları qeyd ediblər ki, İranla gələcək münasibətlər "dövlətlərin suverenliyinə hörmət, daxili işlərə qarışmamaq və onların ərazilərinə qarşı hər hansı təcavüz formasından çəkinmək" prinsiplərinə bağlıdır.

Məryəm Quliyeva