“Region böyük güclərin strateji hesablaşma sahəsinə çevrilib” Gündəm

“Region böyük güclərin strateji hesablaşma sahəsinə çevrilib”

“Yaxın Şərqdə son günlər müşahidə olunan gərginlik göstərir ki, region artıq təkcə hərbi qarşıdurma məkanı deyil, həm də böyük güclərin strateji hesablaşma sahəsinə çevrilib”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva bildirib ki, ABŞ və İran arasında qarşılıqlı bəyanatlar, Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin artması və region ölkələrinin fərqli mövqelər tutması bu prosesin çoxşaxəli xarakter daşıdığını göstərir: “Bu vəziyyətdə əsas diqqətçəkən məqam ondan ibarətdir ki, region dövlətləri münaqişənin birbaşa tərəfinə çevrilməkdən daha çox, prosesin mümkün nəticələrini nəzərə alaraq ehtiyatlı və balanslı siyasət yürütməyə çalışırlar. Çünki Yaxın Şərqdə hər hansı genişmiqyaslı eskalasiya təkcə təhlükəsizlik məsələlərinə deyil, həm də enerji marşrutlarına və qlobal iqtisadi sabitliyə ciddi təsir göstərə bilər”.

O qeyd edib ki, digər tərəfdən, baş verən hadisələr göstərir ki, hazırkı gərginlik yalnız hərbi və siyasi qarşıdurma deyil, eyni zamanda, informasiya və diplomatik mübarizə müstəvisində də davam edir: “Müxtəlif dövlətlərin və siyasi liderlərin səsləndirdiyi sərt bəyanatlar bir tərəfdən qarşı tərəfə mesaj xarakteri daşıyır, digər tərəfdən isə beynəlxalq ictimai rəyə təsir göstərmək məqsədi güdür. Bu isə onu göstərir ki, Yaxın Şərqdə baş verən proseslər yalnız döyüş meydanlarında deyil, həm də diplomatik platformalarda və qlobal informasiya məkanında formalaşan çoxqatlı geosiyasi rəqabətin bir hissəsidir”.

Röya İsrafilova