Umud Mirzəyev: “Ermənistan bütün beynəlxalq sənədlərə zidd olaraq mina xəritələrini Azərbaycana təqdim etmir” Hadisə

Umud Mirzəyev: “Ermənistan bütün beynəlxalq sənədlərə zidd olaraq mina xəritələrini Azərbaycana təqdim etmir”

Azərbaycan Mətbuat Şurasında (MŞ) Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşmələri ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev bildirib ki, Cenevrə Konvensiyasına və beynəlxalq protokollara görə minalanmış ərazilərin xəritələrini müharibə başa çatdıqdan sonra bir-birinə təqdim etməlidir.

Onun sözlərinə görə, Ermənistan hökuməti bütün beynəlxalq sənədlərə, özlərinin imzaladığı kapitulyasiya aktına zidd olan xəritələri hələ də Azərbaycana təqdim etməyib: "Təqribən 13 kv/km ərazi minalarla çirklənmiş vəziyyətdədir. Minalanmış ərazilərin xəritələrinin olmaması bu cür hadisələrin tez-tez baş verməsinə səbəb olur. Bizim I Qarabağ müharibəsi dövründə də 2000 nəfərdən çox mina qurbanımız var idi. İndi bu rəqəm 3000-ə yaxınlaşır. Bu son hadisə də bu məsələnin beynəlxalq ictimaiyyətdə daha çox qabardılmasına ehtiyac olduğunun sübutudur”.

Bildirilib ki, Azərbaycan Mətbuat Şurasının adından beynəlxalq media qurumlarına və beynəlxalq təşkilatlara müraciət hazırlanıb.