“Reket media”nı yaradan səbəblər... Hadisə

“Reket media”nı yaradan səbəblər...

Problem öz həllini necə tapmalıdır?

Özlərini jurnlaist kimi təqdim edən “İnform Xəbər TV” adlı media qurumunun rəhbəri Azər Kərimov və adıçəkilən qurumun əməkdaşı Rübabə Kərimovanın şəhidlər haqqında material hazırladıqları üçün şəhidlərin ailələrindən pul tələb etmələri bir müddət müzakirə olunmayan “reket media”nı yenidən gündəmə gətirdi.
Bundan başqa özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının “baş redaktoru” kimi təqdim edən Namik Əmrahov haqqında da həbs qəti imkan tədbiri seçilib.
Bütün bunlar isə bu mövzu ilə bağlı əsaslı təhllillərə ehtuyac olduğunu önə çıxardı. Bu məsələ zaman-zaman müzakirə olunsa da, problem öz həllini tapmayıb. Nəyi düz etmirik? Reket medianı yaradan səbəblər nələrdir? Problem öz həllini necə tapmalıdır? İndiyə qədər bu istiqamətdə atılan addımlar adekvatdırmı?
Həmkarlarımızla söhbətimizdə bu suallara aydınlıq gətirməyə çalışdıq.

Akif Aşırlı: “Mübarizə effektiv olmayıb”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:
-“Reket mətbuatı”na qarşı təkcə media strukturları, jurnalist təşkilatları deyil, bütövlükdə cəmiyyətin özü mübarizə aparmalıdır. Bu baxımdan hüquq-mühafizə orqanları ciddi tədbirlər görməli, bu şərəfli peşədən şərəfsizcəsinə istifadə edənlər qanun qarşısında cavab verməlidirlər. Biz vaxtilə bu cür fəaliyyət göstərən “mediaya” qarşı ictimai rəydən istifadə etmək istədik , “qara siyahılar” tərtib olundu. Amma, görünür bu cür mübarizə effektiv olmayıb. Reket mətbuatını doğuran əsas səbəblər sosial vəziyyətin cətinliyi, işsizlikdir.
Əvvəllər məmur savadsızlığı bu işə daha cox imkanlar yaradırdı. İndi vəziyyət bir qədər dəyişib. Reket jurnalistikası artıq amörf bir kütlə olaraq formasını dəyişib. Əvvəllər ayda, iki ayda bir “qəzet” cıxaranlar indi bu fəaliyyəti internet üzərinə daşıyıblar. Savadlı cəmiyyət bütövlükdə bu cür fəaliyyətin qarşısını ala bilər. Bir də hüquq mühafizə orqanları bu məsələdə daha fəal olsa müəyyən nəticə əldə etmək mümkündür.

Aqil Camal: “Qaynar xətt” yaradılmalıdır”

“Türküstan” media qrupunun rəhbəri Aqil Camal:
- Mediada islahatlar ilk növbədə media məkanında aydınlaşmanın yaradılmasından keçir. Bu gün media adına ölkədə saysız-hesabsız subyektlər, şəxslər fəaliyyət göstərir. Əlbəttə, inzibati və ya ictimai qaydalarla bu subyektlər arasında təsnifat aparmaq və tədbir görmək çətindir. Amma, bir çox hallarda media adından elə əməllər törədilir ki, bu, ümumən medianın adına yazılır. Çünki, sadə insanların ciddi media ilə “reket” media arasında fərqli müəyyən edəcək anlayışı yoxdur. Bu baxımdan, istər MEDİA Agentliyi, istərsə Mətbuat Şurası, digər jurnalsit təşkilatları cəmiyyətin bilgiləndirilməsi üçün hansısa tədbirlər həyata keçirə bilər. Bunlardan biri “Qaynar xətt”in yaradılmasıdır. Məsələn, reportaj adı ilə şəhid ailəsinə gedib, pul tələb edənlərin kimliyi ilə bağlı məlumat əldə etmək üçün bir büro ola bilər. Bu kimi “nümunələr” çoxdur. Xüsusilə, rayonlarda məmurlar, sahibkarlar media adından istifadə edən mütəşəkkil dəstələrin əlində yesir qalıblar. Bu qəbildən olanlar əvvəl 50-100 qəzet buraxıb özlərini media kimi təqdim edirdilərsə, bu gün sayt və ya hansısa TV, Youtube kanalı kimi bölgələrdə tüğyan edirlər. Paralel olaraq bölgələrdə 5-10 manat müqabilində adamlara guya hansısa media sorğusunun nəticəsi olaraq diplom paylayırlar. Bu fəaliyyətlə mübarizədə optimal yollardan biri hüquq-mühafizə orqanları ilə koordinasiyalı işin qurulmasıdır. MEDİA Agentliyinin nəzərdə tutduğu bir sıra yeniliklər, medianın reyestri, jurnalistlərin xüsusi vahid vəsiqə ilə təmin edilməsi kimi addımlar da bu işə töhfəsini verə bilər.

Aydın Quliyev: “Ciddi narahatlıq üçün əsas yoxdur”

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydn Quliyev:
-Təəssüf ki, bəzən biz “reket media”nı reallıqda olduğundan dəfələrlə artıq şişirdirik. 20 il ərzində son hadisəyə qədər Azərbaycanda “reket jurnalsitikası”nın fəaliyyəti minimuma enmişdi. Hər halda “reket jurnalsitikası”nın fəaliyyəti və səivyyəsi 10-15 il bundan öncə ilə müqayisəolunmaz dərəcədə aşağı enib. Hansısa bir “jurnalist”in şəhid ailəsi ilə bağlı arzuolunmaz hərəkətə yol verməsi, yazı yazmaq adı ilə müəyyən təmənna güdməsi araşdırılır. Amma təkcə bir fakta görə, bütövlükdə medianı qaralamaq və mediada guya “reket jurnalistikası”nın yeni dalğasının başlanması kimi görüntü yaratmaq kökündən səhvdir.
Əlsində digər sahələrdə çatışmazlıqlar kifayət qədərdir. Məgər prokurorluqda problem, rüşvət alan hər hansı bir prokuror, yaxud müstəntiq yoxdur? Adi bir faktı “reket jurnalistikası”nın yeni dalğasının başlanması üçün əsas kimi qəbul etmək olmaz. Düzdür, həmin fakta görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır. Amma bunu Azərbaycanda reket medianın yeni dövrünün çiçəklənməsi kimi qələmə vermək kökündən səhvdir. Ölkədə “reket jurnalsitikası” 10-15 il bundan öncə ilə müqayisədə minimum səviyyədədir. Bu da ciddi narahatlıq üçün əsas yaratmır.

Elşad Paşasoy: “Məsələnin kökü çox dərindədir”

Tanınmış jurnalist Elşad Paşasoy:
-Çox təəssüf ki, illərdir “teket jurnalistika” və ya “reket media” mövzusunda müzakirələr aparılır...Şübhəsiz məsələni mürəkkəbləşdirən və cinayətkar fəaliyyətin “jurnalist” çətiri altında gizlədilməsinə rəvac verən amilləri də kənara qoymaq olmaz. Jurnalistikaya qapıdan deyil, “pəncərə”dən soxulub, burada özünə “yuva” quran bir qisim şəxslər var ki, onlar üçün bu sahə sadəcə gəlir mənbəyi rolunu oynayır. Yəni vaxtilə hansısa bir bəlağətli ad altında təsis olunan qəzetin qeydiyyata alınması kimi problemlər var idisə, indi artıq bəziləri çox asanlıqla internet üzərindən özünün “gəlir mənbəyi”ni “təsis edir” və düşür məmləkətin canına. Belələrinin sayının getdikcə çoxalması isə heyrət doğurur. Baxmayaraq, ki, Azərbaycan Mətbuat Şurası illərdir bu sahənin adından sui-istifadə edib reketçiliklə fəaliyyət göstərənlərə qarşı mübarizə aparır, hətta qurumun bununla bağlı müvafiq komissiyası da fəaliyyət göstərir, amma həmin “jurnalistlər”i dayandırmaq mümkün olmayıb. Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusilə də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən vaxtaşırı “reket” jurnalistlərdən ibarət cinayətkar dəstənin və ya konkret fərdlərin zərərsizləşdirilməsi istiqamətində addımlar da belələrinə dərs olmur. Belə görünür ki, məsələnin kökü çox dərinə gedib çıxıb. Aparılan mübarizənin kifayət qədər effek verməməsi heç şübhəsiz ki, bu mübarizədə ictimai rəyin kifayət qədər qatqısının olmaması ilə birbaşa bağlıdır. Məsələn, oxuyuruq ki, filankəs “jurnalist vəsiqəsi”ni təqdim edərək filankəsdən rüşvət alıb, hansısa rüsvayedici materialların yayılmaması qarşılığında. Özü də bu fəaliyyət bir yox, bir neçə dəfə, bəzən də illərlə davam edib. Elə isə cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə qarşı bu qədər “humanizm”in səbəbi nədir? Niyə həmin şəxslər rüşvət verməklə faktiki olaraq reketliyin fəaliyyətini “çiçəkləndirir”, ömrünü uzadırlar, üstəlik də dillərini?. Əgər “jurnalist” adı altında obyektdən rüşvət tələb edən şəxslə bağlı dərhal DİN-in 102 xidmətinə müraciət olunarsa, əminəm ki, bu kimi əməllərin qarşısının alınması istiqamətində ciddi nəticələr əldə oluna bilər. Çünki belələri üçün peşə etikası, jurnalistikanın təməl prinsipləri, sözün şərəfi, mətbuatın imici kimi anlayışlar yaddır, onları ancaq qanunun dili islah edə bilər.
Bu da faktdır ki, reketliklə məşğul olan bəzi “jurnalist”lər hətta bir və ya bir neçə dəfə həbsxanaya düşdükdən sonra da bu kimi əməllərindən çəkinmirlər. Bu da birbaşa ictimai rəyin müqavimətsizliyi ilə bağlıdır. Üstəlik, təəssüf doğuran budur ki, bəzən səlahiyyət sahibləri də bir-birinə qarşı kompromat mübarizəsi apararkən ələlxüsus “reket jurnalistlər”dən yararlanır, onların vasitəsilə “sözlərini deyirlər”. Bu da həmin mətbuatın adına ləkə gətirən çevrənin işinə yarayır və onların əl-qolunu açır...

Aqil Lətifov: “Reket”lərə gözükölgəli məmurlar meydan sulamağa imkan verir”

Publika.az xəbər portalının baş redaktoru Aqil Lətifov:
-Biz “reket” ayrımı etməməliyik. Çünki təkcə jurnalistikamızda “reket”lər yoxdur, bütün iş sektorunda “reket”lərə rast gəlmək mümkündür. Deyərdim ki, bəlkə də ən az və ən ac “reket”lər elə jurnalstika sahəsindədir. Amma jurnalsitika öndə olduğu üçün bunlar gözə daha çox dəyir.
Peşəsi olan, peşəsini sevən heç bir şəxs “reket” ola bilməz. “Reket”lərin peşəsi isə sadəcə “reketçilik”dir. Onlar jurnalistikaya haradansa sızanlardır. Bu gün jurnalistikada, sabah başqa fəaliyyət sahəsində “reketçilik”lərini davam etdirəcəklər. Mən bu şəxslərə reket jurnalist deməyin də tərəfdarı deyiləm. Sadəcə “reket” deyə bilərik. Çünki bu ünsürlərin adının jurnalistlə bigə çəkilməsi bu sahəni hörmətdən və gözdən salır.
“Reket media”nı yaradan bir çox səbəb var. Bunlardan ilki yuxarıda qeyd etdiyim kimi, insanların böyük bir qisminin savadsız olması, öz hüququnu bilməməsidir. Təbii ki, belə bir meydanda reketin “at oynatması” daha asandır. O, özünü ağıllı göstərərək, müxtəlif ailələri, şəxsləri hansısa vədlərlə öz toruna salacaq və onlardan pul “oğurlayacaq”.
“Reket”lərə meydan sulamağa imkan verən başqa bir məqam isə gözükölgəli, əli əyri məmurların olmasıdır. Məhz bu məmurlar düzgün işləsə, xalq üçün çalışsa, işini rüşvətsiz, korrupsiyasız, qanun çərçivəsində qursa, heç bir reketin toruna düşməz. Və ona qarmaq atan reketlə bağlı alnı açıq şəkildə aidiyyəti qurumlara müraciət edə bilər.
Bütün bunlarla bərabər “reket jurnalistikası”nın mövcud olmasında ayrı-ayrı bəzi iri məmurların da marağı var. Onlar kimlərisə ləkələmək, gözdən salmaq, öz önünü açmaq üçün bu “reket”lərdən istifadə edirlər. Məhz onların altdan-altdan dəstəyinin bu şəxslərin ayqda qalmasında payı az deyil.
Bu problemin həll olunması üçün jurnalistlər həmrəy olmalı və öz aralarında gizlənən ünsürləri acımadan kəsib atmalıdır. Düzdür, reketçiliyin qarşısını qəti şəkildə almaq çox çətindir, sadəcə sıralarını xeyli seyrəltmək olar. Lakin bununla belə biz qəti mövqeyimizi ortaya qoymalıyıq. Elə özümüzüdən başlamalıyıq. Hər birimiz reket olan o qədər “jurnalist” tanıyırıq ki...Onlarla bağlı qəti mövqe ortaya qoymalı və mütləq şəkildə öz cərgələrimizdən kənara atmalıyıq. Bir qədər ağrılı olsa da bunu etməliyik. Yoxsa cəmiyyətimizin bəlasına çevrilən “reketçiliyi” müalicə edə bilməyəcəyik.
Düzdür, bununla bağlı Mətbuat Şurası müvafiq addımlar atıb və atır. Zaman-zaman müəyyən faydası da olub. Lakin dövlətin daha sərt addımları olmalı, habelə biz də bu sahədə cəmiyyəti maarifləndirmək səylərimizi xeyli artırmalıyıq. Habelə bu sahədə qanunda olan boşluqlar da öz həllini tapmalıdır. Bu istiqamətdə MEDİA Agentliyinin başlatdığı fəaliyyətin uğurlu olacağını düşünürəm. Hesab edirəm ki, MEDİA Agentliyinin öncüllüyündə hazırlanan yeni qanun layihəsindən sonra reketlərə ağır zərbə dəyəcək. Bu qanunun müddəaları onların hərəkətini iflic edəcək və jurnalistikamız bu iyrənc məxluqlardan xilas olacaq.

Əli Zülfüqaroğlu