“Şirkət süpürgəçisi elmlər doktorundan çox maaş alır” Hadisə

“Şirkət süpürgəçisi elmlər doktorundan çox maaş alır”

Dilavər Əzimli: "Övladım deyir ki, sənə hörmətim var ata kimi, həm də təmiz, rüşvət almayan bir müəllim kimi.., amma mən sənin kimi alim olmaq istəmirəm"

AMEA-nın Tarix İnstitutunun əməkdaşı, tanınmış pedaqoq və ziyalı Dilavər Əzimli Moderator.az-a açıqlamasında Azərbaycanda elmin və təhsilin mövcud vəziyyəti ilə bağlı fikirlərini dilə gətirib, problem və onların səbəblərinə toxunub.
Onun sözlərinə görə bu gün Azərbaycanda ən aktual problemlərdən biri də təhsil məsələsidir: "Bu ciddi problemdir. Uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğulam. İldən-ilə vəziyyət pisləşir. Tələbələrin səviyyəsi aşağı düşür. Nəticədə tələbələr asan yolu-rüşvəti seçirlər. Rüşvət alanları bir pedaqoq kimi qəbul etmirəm. Bu, müəllim şərəfinin tapdalanması deməkdir. Amma maaşları azdır. Onlar da başqaları kimi dünyanın yaxşı yerlərində dincəlmək, xarici maşınlarda gəzmək istəyirlər. Bu mənada bəziləri üçün rüşvət artıq həyat tərzinə çevrilib. Mənə elə gəlir ki, burada cəmiyyətin rolu da yüksəkdir. Valideynlər özləri də buna şərait yaradırlar. Onlar öz övladları ilə maraqlanmırlar. Övladları da onları aldadır. Biz də tələbə olmuşuq. Ən çətin müəllimdən belə qiymət almışıq. Çünki oxuyan tələbəni kəsmək olmur. Bəs tələbələr niyə oxumurlar? Bəzi tələbə var ki, 600-ə qədər bal toplayıb, amma oxumur. Bir neçə ildir ki, bunu səbəblərini araşdırıram. Bəlli olur ki, tələbələrin əksəriyyəti istədikləri sahəyə düşmürlər. Oxuduqları sahəni sevə bilmirlər. Digər tərəfdən, tələbələr bilirlər ki, qurtardıqda ciddi çətinliklərlə üzləşəcəklər. Şəxsən mənim o qədər qırmızı diplomla bitirən tələbələrim vardır ki, iş tapa bilmirlər. İş məsələsi onları ruhdan salır. Əksəriyyəti düşünür ki, gedim alverlə məşğul olum. Tələbələrin 99 faizi isə xaricə getmək istəyir. Yüzlərlə tələbəm var ki, ən azı Türkiyəyə gedib magistr, doktoranturada oxuyurlar. Çünki orada təhsil haqqı çox aşağıdır. Magistraturanı bitirmiş çoxlu tələbələrim var idi ki, onları elmi fəaliyyətə cəlb etdim. Onlar xarici dilləri çox yaxşı bilirlər. Amma axıra qədər qalmırlar. Çünki 180 manata qədər pul alırlar. Bir az oxuduqdan sonra yol tapıb xaricə gedirlər. Əvvəllər qızlar az gedirdilər, indi çoxalıb. Ciddi problemdir, amma düşünən yoxdur. Şəxsən öz övladım da belə düşünür. Bu il BDU-nu bitirir. Deyir ki, "ay ata, nə mənası var elmi dərəcənin? Sən nə edə bilisən? Sənə hörmətim var ata kimi... Həm də təmiz, rüşvət almayan bir müəllim kimi... Səni tələbələrin çox sevir. Amma çox əziyyət çəkirsən. Bizim maddi problemlərimiz səni üzür. Mən sənin kimi alim olmaq istəmirəm. Çünki məni də təmiz böyütmüsən. Sənin kimi yaşamağa məhkumam. Səni xaricdə daha yaxşı tanıyırlar. Hörmət edirlər. Mən xaricdə təhsil alıb özümə şərait quracam. Mənim öz yolum vardır. Məni elmə cəlb etmə". Deməyə sözüm olmadı".
Dilavər Əzimli dövlətin təhsilə daha çox diqqət yetirməsnin vacibliyini vurğulayıb: "Həqiqət budur ki, təhsili olmayan bir millət iflasa məhkumdur. Yəni, təhsil dövlətin ən ciddi sahəsidir. Bir də bir məsələyə xüsusi toxunmaq istərdim. Bu da universitetlərdə tarixin müxtəlif dövrləri üzrə dərs saatlarının azaldılmasıdır. Bir zamanlar Türkiyəli həmkarlarıma lağ edərdim ki, sizlərdə tarix keçirilmir. Onu ədəbiyyatın içərisində öyrənirsiniz. İndi özümüz o günə düşmüşük. Təsəvvür edin ki, qədim şərq tarixi ilə antik tarixi bir semestrdə başa vurmalısan. Vaxtilə biz iki il keçirdik. Bir il qədim şərq tarixini, bir il də antik tarix öyrənirdik. Sonradan bir ilə endirdilər. Hər birinə altı ay verirdilər. İndi ikisini 3 ay yarıma öyrətməlisən. Dəhşətdir! Belə tarix öyrənərlər. Azərbaycan tarixinin mühazirə və seminar saatları azldılıb. Bu bizim Vətən tarixidir. Belə etmək olmaz! Təsəvvür edin ki, bəzi universitetlərdə 1000 illik bir dövrü 4 dərsə başa vurmalısan. Bu yalnız xronika öyrənməyə yetər.
Dostlar! Həmkarlar! Bu cür sistemlə necə tarixçi yetişdirmək olar? Tarixdən ona görə danışıram ki, öz sahəmdir. Digər sahələrdə də belədir. Əvəzində lazım olmayan fənlər tədris edirlər. Bu gün ABŞ, Avropa tarixşünaslığı bizi hələ də müstəqil tarixşünaslığı olan ölkə kimi qəbul etmir. Bizə münasibətdə İran tarixşünaslığından çıxış edirlər. Buna cavab olara biz isə tarixmizi ortaya qoyan tarixçilər yetişdirməliyik. Bu, indiki gənclərin arasından çıxmalıdır. Çünki onlar Avropa dillərini yaxşı bilirlər. Onlara qayşı göstərməliyik! Vətən tarixinin saatları artırılmalıdr. Ümumiyyətlə, tarixin saatlarına yenidən baxılmalıdır. Bir də maaş məsələsi....
Şirkətlərdə süpürgəçi bu gün Azərbaycanda elmlər doktorunun aldığı maaşdan çox alır. Bununla elmi qaldırmaq mümkün deyildir. Dərəcə maaşlarını artırmaq labüddür. Əks halda, elmimiz cavanlaşa bilməyəcəkdir. Söhbət əsl elmə gələn cavanlardan gəlir. Belə olmasa, biz elmimizi dünya səviyyəsində təmsil edə bilməyəcəyik!"