Vahid elektron informasiya sistemi yaradılır Hadisə

Vahid elektron informasiya sistemi yaradılır

Azərbaycan prezidentiİlham Əliyev yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları" təsdiq edilib.
Prezidentin Administrasiyasına isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə vətəndaşların müraciətlərinin elektron qeydiyyatı proqramı əsasında informasiya sisteminin yaradılmasını və 2015-ci il iyulun 1-dək tətbiq olunmasını, informasiya sistemi qovşaqlarının fəaliyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının həmin sistemdən istifadə edəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək, müvafiq tədbirlər görülməsi üçün 1 ay müddətində Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə təqdim etmək, habelə informasiya sisteminin tətbiq olunması ilə əlaqədar həmin sistemdən istifadə üçün bilik və vərdişlərin artırılmasını və ondan təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarında müntəzəm təlimlərin keçirilməsini təşkil etmək tapşırılıb.
Yerli icra hakimiyyəti orqanları isə informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi üçün tədbirlər görməli, informasiya sisteminin fəaliyyətinin təşkilini, istifadəsini və təhlükəsizliyini təmin etməli, habelə informasiya sisteminin tətbiqi üçün tələb olunan texniki vasitələrin alınması və lazımi iş şəraitinin yaradılması məsələlərini həll etməlidir.
Prezidentin İşlər İdarəsinə isə informasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığına texniki xidmət göstərilməsini, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə informasiya sisteminin fasiləsiz fəaliyyətini və proqram təminatına dəstəyi təmin etmək həvalə olunub.
Öz növbəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yerli icra hakimiyyəti orqanlarının informasiya sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etməlidir, informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə birlikdə müvafiq tədbirlər görməlidir.
Prezidentin Administrasiyası fərmanın icrasına nəzarəti həyata keçirməlidir.