“Qəhvə-qəhvə” danışanlar Hadisə

“Qəhvə-qəhvə” danışanlar

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması hər bir Azərbaycan vətəndaşı üçün böyük faciədir. Həlak olan hərbçilərimizin ailələrinin ağrısı-acısı bizim ağrımız-acımızdır. Baş verən qəza ilə bağlı Respublikanın Baş Prokurorluğu araşdırmalara başlayıb və təhqiqatın nəticəsi barədə ictimaiyyəti məlumatlandıcaq. Və beləliklə baş verən faciənin səbəbləri ilə bağlı hər birimiz rəsmi mənbələrdən obyektiv məlumat alacağıq. Amma indi, qəzada həlak olan qardaşlarımızın doğmalarının və təbii ki, bizə qələbə sevinci yaşadan Silahlı Qüvvələrimizin hər bir əsgər və zabitinin ölümünü şəxsi faciəsi kimi qəbul edən həmvətənlərimizin bu ağır xəbərin yükü altında əzildikləri vaxtda, hansısa məchul maraqlar və niyyətlər naminə, hərbi helikopter qəzası ilə bağlı ağlasığmaz versiyalar irəli sürmək, böhtan və qarayaxma xarakterli məlumatlar yaymaq ən azı nanəciblikdir.
Dünyanın hər yerində helikopter qəzaları baş verir və təəssüf ki, belə qəzalar əksər hallarda insan ölümləri ilə nəticələnir. Amma dünyanın heç bir yerində insanlar baş verən qəza ilə bağlı fantastik iddialarla çıxış etmir, həlak olanların və onların doğmalarının hissləri ilə oynamır, aparılan araşdırmaların rəsmi nəticələrini gözləyirlər. Araşdırmalar üçün isə vaxt lazımdır. Bu, isti otaqda, kürsüyə söykənib xumarlanaraq ağlından keçəni toxmaqcığa (klaviaturaya) döyəcləmək, yuxuda belə görə bilmədiklərini sosial şəbəkələrin divarına səpələmək deyil.
Sözün doğrusu, mən hərbi helikopterin paytaxtın yaxınlığında, yəni ölkə səmasının mərkəzi hissəsində qəzaya uğraması faktını başqa bir ölkənin qırıcısı tərəfindən vurulduğu ilə əlaqələndirən, yaxud bundan dəfələrlə iyrənc, ürəkbulandıran, bu yazıda təkrarlamağa ehtiyac duymadığım iddialarla çıxış edənlərin əxlaqı, mənəviyyatı bir yana qalsın, sağlam ağıl sahibi olduqlarına da şübhə edirəm. Görəsən özlərini “azərbaycanlı” sayan bu ağıldan və şərəfdən kəmlər sərhədlərimizin toxunulmazlığını təmin edən, düşmən təxribatlarının qarşısını əsgər və zabitlərimizin döyüş qabiliyyəti, fədakarlığı, cəzarəti, həmçinin qanı və canı bahasına alan sərhədçilərimizin ünvanına yalan və böhtanlarla alçaqcasına “atəş” açanda, qanımıza susayan müharibə cinayətkarları ilə eyni səfdə dayandıqlarını başa düşmürlər? Əgər düşmürlərsə, o zaman hansı səbəbdən bir neçə kiloqramlıq beyin horrasının qoruyucusu olmaqdan başqa bir işə yaramayan sür-sümüklərini çiyinləri üzərində daşıyırlar? Niyə yalnız yeməyə və ifrazata yarayan vücudlarına əzab verirlər?
Ermənistanın informasiya resurslarını izləyirəm. Sadəcə qəza barədə məlumat verilir. Ola bilsin ki, sosial şəbəkələrin erməni seqmentində xəstə təfəkkürlü revanşçılardan bəziləri məğlub “mən”lərini yemləmək üçün toy-bayram edir. İstisna etmirəm. Amma hətta ermənilərin arasında da xaricdən ölkənin informasiya məkanına zəhər püskürən “Azad söz” və bu kimi təxribat “kanal(izasiya)”ları qədər alçağı, rəzili və şərəfsizi yoxdur. Yeri gəlmişkən, sözügedən kanal(izasiya)da “Mcdonalds Azerbaijan”ın reklam çarxı da nümayiş olunur. “Maraqlı” başlıqları da var: “Gəlin keyfiyyətdən danışaq. Təzə qəhvənin keyfiyyətindən”. Amma reklamdan dərhal sonra “təzə qəhvənin keyfiyyətindən” danışmırlar, “qəhvə-qəhvə” danışırlar. Başa düşürəm, reklamların yerləşdirilməsi üçün kanal və səhifələri sosial şəbəkələrin özləri seçir. Amma seçim də göz qabağındadır. Azərbaycandan qazanılan pullar Azərbaycanın əleyhinə aparılan kampaniyaların maliyyələşməsinə xərclənilir. İstəyərəkdən, yaxud istəməyərəkdən... Belə biznes şəbəkələri Azərbaycanın media sektoruna 1 manat yatırmağa canları çıxır, əvəzində sosial şəbəkələrdəki təxribatçıları, xainləri, nanəcibləri yemləyir, Azərbaycana heç bir aidiyyatı və faydası olmayan informasiya resurslarına vətəndaşlarımızdan qazandıqları pulları xərcləyirlər. Bütün bunları, sadəcə, qarşıma çıxdı deyə yazdım.
...5-10 mübaliğəli, gurultulu, emosional ifadə səsləndirib, insanların səmimi hisslərini istismar edənlərin, müxtəlif gəlişigözəl adların altında gizlənib Azərbaycanın düşmənləri ilə eyni “səngərdə” yer alanların gerçək simaları isə göz qabağındadır. Belələrinin sərsəmləmələrinə, yalanlarının önünə pərçimlənmiş reklam çarxlarının təqdimatındakı sözlərlə cavab vermək lazımdır: Susun! “Qəhvə-qəhvə” danışmayın!

Elçin Mirzəbəyli