Şumerlərin tikinti tanrısının adı Araz olub Hadisə

Şumerlərin tikinti tanrısının adı Araz olub

Araz çayının adı həmin tanrının adından götürülüb

Qədim yunan (Araxes) və Roma (Araxe, Araxes) qaynaqlarında Araz çayının adına rast gəlinməsi onun tarixinin eramızdan çox-çox əvvəllərə getdiyini göstərir. Araz kökündən çoxlu toponimlər və digər adlar yaranıb. Füzuli rayonundakı Araz Dilağarda və Araz Zərgər, Ağcabədi rayonundakı Arazbarı kəndlərinin, Arazbarı məşhur Azərbaycan muğamının adları Arazla bağlıdır. Qədim yunan və latın qaynaqlarında Orta Asiyada, indiki İranda və Cənubi Qafqazın qədim Azərbaycan torpaqları olan digər bölgələrində də Araz çay adına rast gəlinir. Araz toponiminin etimologiyasının açılmasında bütün bu faktlar nəzərə alınmalıdır.
Araz çayının etimologiyası ilə bağlı az yazılmayıb, lakin onların heç birində bu adın necə yarandığı, hansı kökdən qaynaqlandığı düzgün açılmayıb. Əksinə, yanlış olaraq onun kökü yunan dilinə bağlanıb: "Araz" adının əmələ gəlmə tarixi bizim e.ə. III-I əsrlərə aiddir. Yunan dilində "qazıram" deməkdir". Yenə yunan dili, yenə yanlış yozum, adın etimologiyasına qeyri-elmi yanaşma. Əgər "qazıram" deyəndə çayın yatağını nəzərdə tuturlarsa, onda İtilin, Kürün yatağı yoxdurmu? Onlar niyə Araz adlanmayıb? Bu sualın cavabı yoxdur, çünki yozum doğru deyil.
Şumerlərin tikinti tanrısının adı Araz olub. Araz çayının adı həmin tanrının adından götürülüb. Hər iki adın tamamilə eyniliyi bu fikri söyləməyə əsas verir. Burda heç bir ehtimal və şübhə doğuracaq şey yoxdur. Bu günə qədər Araz hidroniminin etimologiyası haqqında danışılarkən onun Şumer tanrısının adından yarandığına toxunulmayıb.
Aparılan müqayisəli təhlillərdən aydın görünür ki, Az etnonimi də Araz tanrı adının ikinci hecasından götürülüb. Onun hecalarının yerini dəyişdikdə Az-ar/Az-ər alınır ki, bu da Azərbaycan sözünün kökünü əmələ gətirir. F.Rəşid-əd-din "Camiə-ət-Təvarix" əsərində Araz adlı türk hökmdarının adını çəkir. Midiyada Arazi şəxs adına rast gəlinir ki, burda "i" sonradan artırılıb. Hər iki şəxs adı Araz olub, Araz tanrı adıyla bağlıdır.
Azərbaycan adının etimologiyası min ildən artıqdır ki, tarixçiləri, etnoqrafları, arxeoloqları, ədəbiyyatçıları və digər sahələrdə çalışan alimləri, səyyahları, ziyalıları düşündürüb, maraqlandırıb. Bu adın yaranmasıyla bağlı yüzlərlə məqalələr yazılıb, problem ayrı-ayrı sanballı elmi konfranslarda müzakirə edilib, bir çox kitablarda ona geniş yer ayrılıb. Ancaq Azərbaycan toponiminin etimologiyası bu qədər yazıların işığında da aydınlaşdırılmayıb, çünki bu işıqlar Azərbaycan sözünün üstünə elə prizmadan salınıb ki, onların müxtəlif rənglərə parçalanması həqiqətin görünməsini daha da çətinləşdirib. Burda Azərbaycan toponiminin etimologiyası ilə bağlı yazılara toxunmaq istəmirəm. Onlar həcm etibarilə çoxdur, içərisində həm doğru, həm də yalan fikirlərə rast gəlinmir. Məsələn, 1974-cü ildə M.Azərli, T.Musəvi və Z.Yampolskinin birgə müəllifliyi ilə çap olunmuş "Azərbaycan sözü haqqında" adlı məqalələrində həmin vaxta qədər bu adın etimologiyası ilə bağlı söylənmiş bütün fikirlər birmənalı şəkildə inkar edilib. Bu haqlı və doğru addımı o vaxt atmaq olardı ki, müəlliflər "Azərbaycan" toponiminin etimologiyasının düzgün, ağıllı və məntiqi yozumunu tapaydılar. Lakin bu yazıda da Azərbaycan toponiminin etimologiyası açılmayıb, yeni bir fikir söylənməyib. Oxuculara qaranlıq qalmasın deyə bircə onu xatırladım ki, adları çəkilən müəlliflər Azərbaycan sözünün "atro" və "büt" teonimlərindən yarandığını iddia edirlər. "Atrobüt"dən Azərbaycan sözünün yaranması heç bir məntiqə sığışmır və adın açımında yeni bir şey demir.
"Azərbaycan tarixi" kitabında da "Azərbaycan" sözünün etimologiyası ilə bağlı çox yanlış fikirlər söylənib: "Atropaten - Azərbaycanın elmə məlum olan adlarından ən qədimidir. Bu ad yunan mənbələrində göstərilib".
Sözsüz ki, alimlər yunan mənbələrindəki Atropaten adını ilkin, orijinal kimi qəbul etməməliydilər və bunun üçün onların əllərində yetərincə arqumentlər vardı. Bir çox türk şəxs və yer adlarının yunan və qeyri dillərdə nə cür tanınmaz şəkillərə düşdüyünü hamı yaxşı bilir. Bunun ardınca daha bir səhvə yol verən tarixçilər sözün guya ərəblərdə Azərbaycan şəklinə düşdüyünü yazıblar. Burdan belə çıxır ki, Azərbaycan adın ilkin yox, ərəbcələşmiş variantıdır. Halbuki bütün tədqiqatlar göstərir ki, Azərbaycan sözün ilkidir, orijinalıdır və təmiz türk dilindədir.
Azərbaycan sözünün etimologiyasının açılmasına Elməddin Əlibəyzadə daha doğru yanaşıb. Onun apardığı müqayisəli araşdırmalardan çıxarılmış elmi qənaət belədir: "Beləliklə, Azərbaycan adı daha əzəlidir, öz əsasını ana torpağın hələ eradan əvvəlki çay, şəhər, yer adlarından götürüb". Bəli, Azərbaycan adın ilkin şəklidir, Atropaten, Adərbadaqan, Atrpataqan, Adarbadaqan və s. sözün yad dillərin, xüsusilə yunan dilinin xüsusiyyətlərinə uyğunlaşdırılmış variantlarıdır. Yadların qələmindən çıxarkan Azərbaycan sözü təhrif edilərək tanınmaz şəkillərə salınıb. Bizim alimlər də bu təhrifləri ilkin variant kimi qəbul edərək adın etimologiyasıni yanlış səmtlərdə axtarıb, doğru elmi fikir söyləyə bilməyiblər. Bu yanlışlıqların həm obyektiv, həm də subyektiv səbəbləri var.
Bu səbəblərdən biri alimlərimizin Şumer qaynaqları ilə tanış olmamalarıdır. Araz adının yunan dilinə bağlanması da burdan irəli gəlib. Təhlillər göstərir ki, Araz və Azərbaycan sözləri bir-birilə bağlıdır. Araz - Azar - Azər bir kökdən törənmiş sözlərdir. İkinci səbəb olduqca subyektivdir, hətta onu səbəb adlandırmaq belə çətindir. Bir çox alimlər Şumer qaynaqları ilə tanış olduqları və bəzi toponimlərin adına həmin qaynaqlarda rast gəldikləri halda bunlara əhəmiyyət verməyiblər. Halbuki öncə deyildiyi kimi, az etnonimi məhz Araz tanrı adının ikinci hecasından yaranıb.
Maraqlıdır ki, Azərbaycanda XVI-XVII yüzilliklərdə Bəycan toponimi qeydə alınıb. Eyni adlı toponimə Altayda rast gəlinir. Burda bir şəhər və çayın adı Baycandır. Rus dilində "c" hərfi olmadığına görə müəllif onu "Bayıqan" kimi yazıb. Sözün mənası varlı, zəngin kimi açıqlanır. "Bay" sözü dilimizdə bu gün də varlı, zəngin mənalarını saxlayıb. Deməli, "Bayıqan" sözünün "Baycan" olduğuna heç bir şübhə yoxdur.
Şumer yazılarında rast gəldiyimiz Azalulu və Azaqşuqa şəxs adlarının da kökündə az etnomorfemi durur. Az-i-ya qitəsinin adı da eyni kökdən yaranıb. Şumerlərlə eyni vaxtda qədim İkiçayarasında yaşamış bir çox etnosların da adlarında az/as/kaz/kas/kus/kuz etnomorfemlərinə rast gəlinməsi Azərbaycan sözünün etimologiyasını daha doğru açmağa kömək edir. Aparılan müqayisələr aydın şəkildə göstərir ki, az/as etnomorfemləri şumerlərin tikinti tanrısı Araz adının ikinci hecasından götürülüb. Azərbaycan adının da bir toponim kimi bu etnonimdən yarandığı elmdə çoxdan öz təsdiqini tapıb. Lakin az etnoniminin və Azərbaycan adının tarixin çox-çox qədimliklərinə gedib şumerlərlə bağlandığı diqqətdən yayınıb, bu da elmdə əsassız, dolaşıq mülahizələr irəli sürülməsinə şərait yaradıb. Uzun müddət Azərbaycan sözünü gah qədim pəhləvi, gah da fars dillərində yozmağa çalışıblar. Bu da istər elmi, istər məntiqi baxımdan yol verilməyən haldır, çünki hər bir etnosun adı istisnasız olaraq onun öz dilinə məxsus sözdən götürülür. Məhz bu həqiqəti qulaqardına vuran tarixçilərimiz və dilçilərimiz onlarla digər toponimlərimiz kimi, etnonimdən yaranmış Azərbaycan sözünü də aparıb yad dillərə bağlayıblar. Hazırda şumer tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı əldə edilmiş arxeoloji materialların öyrənilməsi göstərir ki, Azərbaycan adı, ən azı onun Azar/azər hissəsi pəhləvi və fars dilləri yarandığı vaxtdan çox-çox əvvəllər mövcud olub. "Bay" (varlı, dövlətli, uğurlu, yarıyan) və "can"ın isə hər ikisi təmiz türk sözüdür. Ən maraqlı faktlardan biri də Azərbaycanda XVI-XVII yüzilliklərdə ayrıca Bəycan toponiminin qeydə alınmasıdır.
Təkcə bu toponimin mövcudluğu Azərbaycan adının doğrudan da sözün ilkin şəkli olduğunu söyləmək üçün çox əhəmiyyətli faktdır. Şumer tanrılarının çoxluğunu, həm kişi və qadın tanrıların, həm də tanrılarla insanların evləndiklərini, onların neçə-neçə uşaqları olduğunu nəzərə aldıqda heç bir tərəddüd etmədən deyə bilərik ki, az/as etnonimi şumerlərin tikinti tanrısı Arazın törəmələrindən yaranmış tayfanın adıdır. Azərbaycan toponiminin də kökündə Araz teonimi və ondan yaranmış az/as etnonimi durur.

İslam Sadıq