Qarabağa Böyük qayıdış çərçivəsində aqroturizm sektoru inkişafa əlavə təkan verəcək - Orxan Məmmədov Hadisə

Qarabağa Böyük qayıdış çərçivəsində aqroturizm sektoru inkişafa əlavə təkan verəcək - Orxan Məmmədov

Mütəxəssislərin hesablamalarına əsasən aqroturizm bazarının həcmi 2019-cu ildə 42 milyard ABŞ dollarından çox olmuşdur və bu rəqəmin 2027-ci ilə qədər 60 milyard ABŞ dolarını keçəcəyi proqnozlaşdırılır.

Bunu Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılmasına dair tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, ölkədə məşğulluğun strukturunda aqrar sektorun yüksək paya malik olması, əlverişli, füsunkar təbii şərait və müasir tələblərə cavab verən infrastrukturun mövcudluğu Azərbaycanda arqoturizmin inkişafı üçün geniş potensial imkanların olmasına dəlalət edir:

"Digər tərəfdən, turizm ənənələrinə malik olan Qarabağ torpağına böyük qayıdış planı çərçivəsində ağıllı kənd layihələrinin icrası və ağıllı kənd təsərrüfatı konsepsiyasının reallaşdırılması yaxın gələcəkdə bu sektorun inkişafına əlavə təkan verəcəkdir.

Bütövlükdə, Hökumət tərəfindən turizm sektorunun bütün sahələrinin inkişafına xüsusi diqqət yetirilir. Təsadüfü deyildir ki, COVİD-19 pandemiyasının neqativ təsirlərinə ən çox məruz qalmış sektorlardan biri olan turizm post-pandemiya dövründə iqtisadi artımın sürətləndirilməsi baxımından iqtisadi siyasətin prioritet sahələrindən biri kimi müəyyən edilmişdir.

Qeyd olunan faktorlar nəzərə alınmaqla, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi turizm sahəsində mikro, kiçik və orta sahibkarlığın inkişafı, onların potensialının artırılması istiqamətində fəaliyyət aparır. Biznes subyektləri üçün nəzərdə tutulan dəstək mexanizmləri çərçivəsində sözügedən sektorun iştirakçılarının mümkün qədər daha geniş cəlb edilməsi, turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir", - O.Məmmədov deyib.

Agentlik sədri bildirib ki, KOBİA tərəfdaş qurumlar ilə birlikdə turizm sektorunda layihələrin həyata keçirilməsində maraqlıdır:

"Qeyd etmək istərdim ki, 2021-ci ilin may ayında KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilmişdir. Müsbət nəticələr nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi ilə birgə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni təşəbbüsə start verilmişdir. Belə ki, müvafiq layihənin davamı olaraq qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur".