Əli Həsənov: “Azərbaycan mediası inkişaf edib” Hadisə

Əli Həsənov: “Azərbaycan mediası inkişaf edib”

"Azərbaycan milli mətbuatı - 140: "Əkinçi" ənənələri və müasir jurnalistika" mövzusunda elmi-praktik konfrans keçirilib


Dünən Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı - 140: "Əkinçi" ənənələri və müasir jurnalistika" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, KİV rəhbərləri, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti iştirak edib.
Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov 1875-ci il 22 iyulda görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan "Əkinçi" qəzetinin Azərbaycan milli mətbuatında xalqçılıq, millilik və bəşərilik məsələlərini əsas tutduğunu söyləyib. Abel Məhərrəmov fəaliyyəti dövründə cəmiyyəti düşündürən problemlərə yer ayıran, xalqın maariflənməsində əvəzsiz xidmət göstərən bu qəzetdən sonra onun ənənələrini davam etdirən "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad" "Mola Nəsrəddiin" və digər nəşrlərin də rolundan bəhs edib.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovprezident İlham Əliyevin milli mətbuatın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb: "Prezident İllham Əliyevin sərəncamı ilə bağlı bölgələrdə, Bakda, Bakı Dövlət Universitetində milli mətbuatın yaranmasının 140 illiyi qeyd edilir. Bu tədbirlərdə mətbuatın inkişaf tarixini təkrar-təkrar şərh edəcəyik, tarixi şəxsiyyətləri yada salacağıq. Eyni zamanda keçmiş ənənələrdən istifadə edərək müasir jurnalistikanın inkişaf strategiyasını formalaşdıracağıq".
Əli Həsənov bildirib ki, Heydər Əliyev 1998-ci il 6 avqust fərmanı ilə Azərbaycanda senzuranı ləğv edib: "Azərbaycan milli mediasının banisi Həsən bəy Zərdabidir. Həsən bəy Zərdabidən başlayan ənənələr Xalq Cümhuriyyəti dövründə də davam etdirilib. Cümhuriyyət dövründə Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyov kimi xadimlər var idi. Həsən bəy Zərdabidən Xalq Cümhuriyyətinə qədər medianın inkişafı bir mərhələ, Xalq Cümhuriyyəti dövründə bir mərhələ, sovet dövründə isə bir mərhələdir. Müstəqillik dövründə mətbuatın inkişafı da sovet dövründən qaynaqlanıb. Müstəqillik dövründə yaradılan mətbu orqanları təəssüf ki, ayrı-ayrı siyasi qüvvələrin təsirinə düşdü, anti-Azərbaycan mövqedən çıxış etməyə başladı, pis ənənələr formalaşdı. Ancaq müstəqillik dövründə azad jurnalistikanın prinsipləri də formalaşmağa başladı".
Media sahəsində qanunvericilikdən danışan Əli Həsənov Konstitusiyada söz və fikir azadlığı, KİV üzərində senzuranın yolverilməzliyinin əksini tapdığını xatırladıb, Mətbuat Şurasının əhəmiyyətini qeyd edib: "Ancaq medianın inkişafına dövlət dəstəyi olmasaydı, ictimai mühit yaradılmasaydı, mətbuatımız bu uğurları əldə edə bilməzdi. Media vergilərdən azad olunub, güzəştli kreditlər verilib, 2008-ci ildə isə prezident İlham Əliyev ilk dəfə dövlətin mediaya yardımını şəffaflaşdırdı. O vaxta qədər də müxtəlif media orqanlarına dövlət dəstəyi verilirdi, ancaq şəffaf və sistemli deyildi. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı və bütün KİV bu dəstəkdən istfiadə edir. Bunun nəticəsidir ki, media orqanlarımız xalqın informasiya tələbatını tam ödəyir, həm də vətəndaşların arzu və istəklərini əks etdirərək idarə edilənlərlə hakimiyyət arasında əlaqə yaradır" .
Əli Həsənov Azərbaycan mediasının Qərbin anti-Azərbaycan kampaniyasına lazımi dirəniş nümayiş etdirdiyini bildirib: "Bu da onu göstərir ki, Azərbaycan mediası inkişaf edib və bu potensiala malikdir".
Əli Həsənov deyib ki, müstəqil media Azərbaycan dövlətinin problemlərini çiyninə götürə, xarici mətbuatdakı qərəzli yazılara cavab verə bilir: "Hər bir jurnalist unutmamalıdır ki, xalqı, dövləti təmsil edir, dövlətə, Vətənə bağlılıq arxa plana keçməməlidir. Müasir dünyada o qədər standartlar yaranıb ki, indiyə qədər təbliğ etdiyimiz Qərb media standartları da artıq yaramır. Qərbin təmsil etdiyi transmilli mediada bəlli mərkəzlərin maraqları ifadə olunur və bu maraqlar yeganə obyektiv informasiya kimi təqdim edilir. Lakin biz bilirik ki, bu gün Asiyada, Afrikada baş verənlər təqdim olunduğu kimi deyil. Son 10 ildə o dövlətlərin başına nə oyunlar açıldı, müsəlman dünyasında insanları bir-birinə qarşı necə vuruşdurdular? Dünyada siyasi məhbus axtarırlar. Bu gün bir nömrəli siyasi məhbus Misirin seçilmiş prezidenti Məhəmməd Mursidir. Bu gün çoxstandartlılığın hökm sürdüyü dünyada bəzi jurnalistlər belələrinə dəstəvuz verir, onlara yadım göstərirlər. Bu məsələlərdə xaricdə yaşayan bəzi Azərbaycan jurnalistlərindən də istfiadə edirlər".
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Avropa Oyunları zamanı bəzi xarici ölkələrdə Azərbaycan əleyhinə keçirilən tədbirlərə qatılanların sayı 60-70-dən o yana keçmədiyini xatırladıb.
Əli Həsənov bildirib ki, müstəqillik tarixi qısa olan Azərbaycanda belə gözəl tolerant mühitin formalaşmasını həzm edə bilməyən qüvvələr var: "Qəbul edə bilmirlər ki niyə prezident İlham Əliyevin reytinqi yüksəkdir, Azərbaycan inkişaf edir. Ona görə də medaimız bu cür anti-Azərbaycan fəaliyyətlərini ifşa etməlidir. Biz milli mediamızın 140 illik tədbirlərini keçirərkən müasir dünyanın tendensiyalarını da diqqətdən qaçırmamalıyıq. Bəzi böyük güclər dünyanı, o cümlədən Azərbaycanı da idarə etmək istəyirlər. Azərbaycanın maraqları var və bu maraqları reallaşdırmaq üçün kimlərinsə hansısa planlarına yox deməliyik. Böyük dövlətlərin əksəriyyəti Azərbaycanı idarə etmək istəyir, prezident İlham Əliyevin müstəqil siyasəti onların çoxuna sərf etmir. Qarşıdan parlament seçkiləri, Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları və digər yarışlar gəlir. Azərbaycan ambisiyasını ortaya qoyub və bunun əsası var. Xalqımızın bacarığı, qonaqpərvərliyi göz önündədir. Heç kim bizi anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz".
Medianın rolundan bəhs edən Əli Həsənov bildirib ki, media ən yaxşı həkim, müəllim, vətənpərvər nümunəsini ekrana və efirə çıxarmalı, kənardan gələn təzyiqləri neytrallaşdırmalıdır.

Professor Şamil Vəliyev "Əkinçi" qəzetinin yaranmasından, çağdaş mətbuat üçün yaradılmış şəraitdən söz açıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Həsən bəy Zərdabinin tarixi xidmətlərinə, mətbuatın xalqın həyatında oynadığı rola diqqət çəkib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, BDU-nun jurnalistika fakültəsində bakalavr səviyyəsində oxuyan tələbələrin təhsillərini davam etdirmək üçün xarici ölkələrdəki aparıcı ali məktəblərə göndərilməsi üçün Dövlət Proqramı da qəbul edilə bilər: "Bu, jurnalistikamızın inkişafı baxımdan vacibdir".
Mövhumatçılığa qarşı mübarizədə mətbuatı aktiv olmağa çağıran Ə. Amaşov bu istiqamətdə təhlükələrin istisna edilmədiyini söyləyib: "Mövhumatçılıq güclənsə, sabah "Azad Qadın" heykəlinin qarşısında aksiya keçirə bilərlər. O halda mətbuat nə etməlidir, üzərinə hansı missiya düşür? Biz bu məsələlər barədə düşünməliyik".
BDU-nun kafedra müdiri Cahangir Məmmədli "Əkinçi" qəzetinin o dövrdə bütün sahələrdə baş verən problemləri işıqlandırdığını qeyd edib: "Qərb insan, söz azadlığından danışır, Məhəmməd peyğəmbərin karikaturalarını dərc edirlər. Ancaq Türkiyə türkcəsində qəzetdə bir keşiş barədə mənfi söz yazan jurnalisti məhkəməyə verdilər, cəzalandırdılar. ABŞ bizə irad tutur, ancaq yolu düz keçməyən adam güllələnir, etiraz aksiyasında iştirak edən jurnalistlərə qarşı zorakılığa yol verilir. Biz BBC məktəbini öyrənmişik, BBC xəbər yazmışdı ki, Müəmmər Qəddaf ölkəsində on minlərlə insanı diri-diri torpağa basdırıb. Ancaq bu fakt təsdiqini tapmadı, guya buna görə BBC rəhbərlərindən biri istefa verdi. Mən jurnalistlərimizi birinci növbədə vətəndaş, sonra jurnalist olmağa çağırıram".
Professor Şirməmməd Hüseynov deyib ki, bu gün tək "Əkinçi"nin deyil, 140 illik milli mətbuatın bayramıdır: "Haradan gəlirik, hara gedirik, bu sualların cavabını tapmalıyıq. Dövlət başçısını Əli Həsənov kimi milli mətbuatımızı, ictimai-siyasi düşüncə tariximizi bilən insanı köməkçi təyin etdiyi üçün alqışlayırıq".
Dünyada ikinci minilliyin ən böyük kəşfinin kitab çapı olduğunu söyləyən Ş. Hüseynov müasir dövrün informasiya əsri olduğunu xatırladıb: "Müstəqil dövlətlərin sayı bu gün cəmi 210-a bərabərdir. Rusiya imperiyasında 24 türk mənşəli xalq var. Onların içərisində ilk qəzeti, operanı Azərbaycan xalqı yaradıb, milli-mədəni muxtariyyət, müstəqillik ideyası bizə məxsusdur. Üzeyir Hacıbəyov "Siyasi imtahan" yazısında bunları qeyd edirdi və yazırdı ki, millət də tarix, tale qarşısında imtahan verir. Bizim xoşbəxtliyimiz odur ki, bu dövləti bizi, vətəni sevən adamlar idarə edir".
Sonda BDU-nun rektoru Abel Məhərrəmov Azərbaycanda sahə jurnalistikasının inkişafının zəruri olduğunu, bu sahədə addımlar atılmalı olduğunu bildirib.
Çıxışlardan sonra bir sıra mətbuat nümayəndələri BDU-ya informasiya dəstəyi verdikləri üçün xatirə mükafatlarına layiq görülüblər. BDU-nun yetirməsi və BDU-ya göstərdiyi diqqət və qayğıya görə Əli Həsənov isə "BDU-nun fəxri dostu" mükafatına layiq görülüb.

XC