Koronavirusun tətiklədiyi xəstəliklər: insult və infarkt ön sırada Hadisə

Koronavirusun tətiklədiyi xəstəliklər: insult və infarkt ön sırada

Son zamanlar insult və infakt xəstələrinin sayında sürətlə artım müşahidə olunur. Təbii ki, bu səbəbsiz deyil, ciddi araşdırmaya ehtiyac duyulan mövzudur. Sözügedən xəstəliklərin koranavirus infeksiyasının yayılmasından sonra artması təsadüfi deyil və elmi araşdırmalar mütləqdir.

Adının çəkilməsini istəməyən həkim fzioterapist bizmilə söhbətində bildirdi ki, pandemiya başlayandan sonra, xüsusilə son aylar insultdan sonra bərpa prosesi üçün bizə müraciət edənlərin dsaında kəskin artım müşahidə edilir: “Təbii ki, bu da koronavirusun təsirləri ilə bağlıdır. Hətta elə günlər olur ki, bizim mərkəzdə xəstələrin qəbulu və yerləşdirilməsində çətinlik yaranır, həqiqətən də çox ciddi artım var . Heç bir zaman ürək , yaxud nevroloji problemləri olmayan insanlar da bu xəstəliklə üzləşir və ilkin müalicə kursu keçdikdən sonra bizim mərkəzədə fzioterapiya kursu keçirlər”.

Statistika nəyi ifadə edir?

Təbii ki, bu fikirlərin əsaslandırılması üçün pandemiayadan öncə və pandemya illərinin, yəni 2019, 2020 və xüsusilə 2021-ci ilin statistik rəqəmlərinə baxmaq önəmlidir. Amma o da dəqiqdir ki, statistika hər zaman reallıqları özündə əks etdirmir.

Səhiyyə Nzirliyinin mətbuat xidmətinin Əməkdaşı Elvin Hacıyev “Xalq Cəbhəsi”nə bildirdi ki, 2021-ci il üzrə statistika hələ hazır deyil. 2019 və 2021-ci illərə görə isə vəziyyət belədir.

2019-cu ilin statistikasına görə, ilk dəfə miokard infarktı (4275), ümumi serebrovaskulyar - baş beynin damar xəstəlikləri (6990); ilin sonunda miokard (7033), serebrovaskulyar xəstəliklər (10216).

2020-ci ilin statistikasına görə isə vəziyyət belədir: ilk dəfə miokard (3995), serebrovaskulyar xəstəliklər (9476), ilin sonunda miokard (6290), serebrovaskulyar xəstəliklər (10052).

2019 və 2020-ci illərin statistikasına görə, 2019-cu illə müqayisədə yalnız 2020-ci ilin ilk 6 ayı ərzində baş beynin dama xəstəliklərində (insult) kəskin artım müşahidə olunub.

Amma təbii ki, bunu daha dəqiq təsbit etmək üçün 2021-ci ilin statistikası xüsusi önəm daşıyır.

Qaraciyər, böyrəklər və ürək də zədələnə bilər

Səhiyyə Nazirliyinin ictimai səhiyyə və İslahatlar mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova “artıq məlumdur ki, COVID-19 müxtəlif insan orqan və sistemlərinə təsir göstərir”,- deyə vurğuladı. Onun fikrincə pnevmoniya ən çox görülən ağırlaşmadır, lakin yeganə deyil. K. İsmayılova diqqətə çatdırdı ki, kornavirusa yoluxma nəticəsində qaraciyər, böyrəklər və ürək də zədələnə bilər: “Real mənzərə ondan ibarətdir ki, koronavirus infeksiyasından sonra insanlar dərhal nevroloqa çoxsaylı şikayətlərlə müraciət edirlər. Bunlara yaddaş itkisi, konsentrasiyanın azalması, baş ağrıları, əzələ və oynaqlarda ağrılar, əzalarda uyuşma, başgicəllənmə, narahatlıq, əsəbilik, yuxusuzluq kimi hallar daxildir”.

Fəsadların inkişaf riski

K.İsmayılova əlavə etdi ki, koronavirus orqanizmdə ürək-damar sisteminə təsir edən bir sıra dəyişikliklərə səbəb olur: “Qanın laxtalanmasının pozulması, mikrotrombların əmələ gəlməsi, damar divarında dəyişikliklər, yüksək qan təzyiqi və s. Bunlar prosesin bir qismini əks etdirir.

Ürək-damar xəstəlikləri COVID-19-a yoluxma riskini artırmır. Lakin koronavirus pandemiyası kontekstində bu cür xəstələrdə infeksiya zamanı fəsadların inkişaf riski daha yüksəkdir. COVID-19 ürək-damar xəstəliklərinə, o cümlədən miokard zədələnməsinə, aritmiyalara, kəskin koronar sindroma və venoz tromboemboliyaya səbəb ola bilər. Koronavirus infeksiyasının yaratdığı əsas ağırlaşmalar tromboz, ürək aritmiyaları və ürək çatışmazlığıdır. Şikayətlər olarsa və ya qəfil olaraq yeni simptomlar (güclü sinə ağrısı, artan nəfəs darlığı, şiddətli nizamsız və ya sürətli ürək döyüntüsü, huşun itirilməsi, başgicəllənmə, uyuşma, zəiflik və ya nitq, yeriş, hərəkət pozğunluğu və s.), təcili tibbi yardım çağırmaq lazımdır”.

Psixioloji təsirlər

Həkim-pediatr Vaqif Qarayev isə “covid-19 təzə peyda olanda qanda tromblaşma getməsi ilə bağlı fikirlər daha çox irəli sürüldü”,- deyə bildirdi. V.Qarayevin sözlərinə görə, oa görə də koronavirusa yoluxmuş xəstələrin müalicəsində qan durlducu dərmanlar təyin olunurdu: “Təbii ki, indi də qandurucular təyin olunur”.

V.Qarayevin fikirncə, xəstəliyin gedişi ilə bağlı müşahidələr göstərir ki, kornavirus infeksiyasının qanda qatılaşma və tromb yaratma ehtimalı çoxdur: “Əgər tromb da yaranırsa, deməli insult və infarkt riski artır və bu cür hallar baş verir. Amma açığı mən, konkret olaraq infarkt və insult xəstələrinin çoxalmasına koronavirus infeksiyasının səbəb olub-olmamasının deyə bilmərəm. Amma o da dəqiqdir ki, belə bir mexanizm var. Mənə elə gəlir ki, daha çox psixioloji təsirlər burada rol oynayır. Fikrimcə insanlar gərginliyə dözmürlər. Həm də koronavirus qanı qatılaşdırdığına görə, infarkt və insult ehtimalı yüksək olur”.

Kompleks tədbirlərə ehtiyac var

Müşahidələr onu deməyə əsas verir ki, koronavirus infeksiyası yoluxma zamanı xəstəliyin gedişi ilə müqayisədə, xəstəlikdən sonrakı dövrdə onun yaratdığı fəsadlar insan orqanizmi üçün daha təhlükəlidir.Onu da nəzərə alaq ki, ölkədə və dünyada bu virusa yoluxmayan insan çox azdır. Demək olar ki, hər kəs bu xəstəliklə üzləşib. Qeydiyyata düşməyən xəstələrin daha çox olmasını nəzərə alsaq günlük rəsmi statistik rəqəmləri 10-a vurmaq mənzərəni daha düzgün təsvir edir.

Digər tərəfdən Ümudünya Səhiyyə Təşkilatının (ÜST) proqnozu da ondan ibarət idi ki, dünyada insanların 80 faizi koranavirusa yoluxacaq. Buna görə də, virusdan sonra xəstəliyin fəsadlarını, insan həyatına yaranan riskləri nəzərə alaraq daha ciddi elmi araşdırmaların aparılmasına və ölkəboyu kompleks tədbirlərin görülməsinə ehtiyac var...

Əli Zülfüqaroğlu