“Dədə Qorqud” sədaqət və cəsarətin timsalıdır Mədəniyyət

“Dədə Qorqud” sədaqət və cəsarətin timsalıdır

Məhəmməd Əmin Rəsulzadə "Dədə Qorqud" dastanları haqqında

Türk xalq ədəbiyyatının şah əsəri olan bu dastanlar son illərin hər günkü siyasi mövzusunu təşkil etdilər. Azğınlaşan bolşevik ruslaşdırma siyasətinə əsasən, bunlar, azərbaycanlı aydınları yenidən ələyib qızıl qəlbirdən keçirməyə vəsilə oldular.
"Kitab-i Dədə Qorqud əla lisani taife-i Oğuzan" adını daşıyan XVI əsrdə yazılmış bir nüsxəyə ilk dəfə Almaniya Krallıq Kitablığının arxivini tənzimləyərkən, Fleyşer (Fleicher) rast gəldi. Daha sonra Bartold (Barthold), Dits, Noldke və sairə kimi alimlər tərəfindən incələnən bu dastanlardan bir qismi müxtəlif Avropa dillərinə çevrildi. On iki dastanı ehtiva edən bu kitab haqqında tədqiqatlar yazıldı və mübahisələr edildi. Nəticədə Dədə Qorqud və ya Qorqud Atanın tarixi deyil, Xızır kimi əfsanəvi şəxsiyyət olduğu üzərində duruldu; dastanların da Azərbaycan ərazisində və Azərbaycan xalqı tərəfindən yaradılan bir əsər olduğu qənaətinə varıldı.
Dastanlardan on biri qəhrəmanların vətən, namus, din və tayfa birliyi uğrunda apardıqları savaşlara və bu savaş meydanlarında göstərdikləri igidlik səhnələrinə ayrılıb, birində də Əzrayıl kimi mövhumi qüvvətə qarşı edilən savaş təsvir olunur.
Bu savaşlar Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Əlincə qalası, Göyçə gölü, Dərəşam kimi Azərbaycan yerlərində, gürcü, abxaz və s. məmləkətlərdə cərəyan edir. Dastanların yazıldığı dil Azərbaycan şivəsinin bütün özəlliklərinə malikdir. Bunlarda anladılan həyat şərtləri də Azərbaycandakı həyat şərtlərinin eynidir.
"Dədə Qorqud" qəhrəmanları qeyri-adi qəhrəmanlığın, sədaqət və bağlılığın, cəsarət və fədakarlığın mükəmməl bir timsalıdırlar. Bunlar vətən sevgisi, din qeyrəti, hürriyyət eşqi, ailə bağlılığı, boylar (tayfalar) arasında birlik hissi ilə hərəkət edirlər. Xalq dilinin sadə bəlağəti ilə yaradılan "Dədə Qorqud" tablolarının canlılığı oxucuları həyəcan və heyranlıq içində saxlayır.
Dastanların baş qəhrəmanlarından Salur Qazan, uğursuz bir təsadüf nəticəsində düşdüyü əsarətdə belə xarakterindəki əsilzadəliyi və cəsarəti zərrə qədər pozmadan, düşmənə qarşı söylədiyi monoloqu bu sözlərlə tamamlayır:
– Əlinə düşmüşəm, məni öldür, qılıncından qorxmuram. Öz elimi, öz qövmümü söymərəm!
Qazanın oğlu Uruz da, atası kimi, əyilməz və yenilməz bir igiddir. O, namus uğrunda çəngəldən asılıb, ətinin tikə-tikə doğranmasına razı olur, anasının tanınıb, düşmən məclisinə aparılmaması üçün hər cür əzab və işgəncəyə qatlanır. Qazan xanın ətrafında Bozatlı Beyrək, Dirsə xan oğlu Buğac kimi qəhrəman oğuz bəyləri sırasında yer alan Qaraca çobanın timsalı da çox maraqlıdır. Sadə, bəylərin deyil, çobanların da mərd, fədakar bir el və oba müdafiəçisi olduğunu təmsil edən igid çoban təkbaşına altı yüz düşmənlə qarşılaşır, vəd olunan hədiyyələrə uymur, edilən təhdidlərdən qorxmur. Təpədən dırnağa qədər silahlı olan düşmənlərlə əlindəki sapandı ilə döyüşür. Altı yüz yağı (düşmən) onun üzərinə dolu kimi ox yağdırırsa da, o ruhdan düşmür. Daşı tükənincə, sapandına qoyun və keçi qoyub atır. Yağının gözünü qorxudur. Ona "arıq bir toğlu" olsun belə vermir.
"Dədə Qorqud" dastanlarında qadınlar da igiddir. Kişilər kimi qeyrətli, vətənpərvər, cəsarətli və mərddirlər. Qadın ərinə, ana oğluna, bacı qardaşına hərarətli sevgi ilə bağlıdır. Nişanlı qızların sədaqət və fədakarlıqları isə dastanların əsas motivlərindəndir.
Dirsə xanın arvadı oğlunun ovdan dönmədiyini görüncə, atının belinə atlanır, "qırx incə belli qız"la onu axtarmağa gedir; yaralı oğlunu tapıb gətirir. Qazanın oğlu əsir düşdükdə Boyu uzun Burla xatun silahlanır, oğlunu qurtarmağa gedən ərini təqib edir, adlı-sanlı qəhrəmanlar sırasında savaşır. Selcan xatun nişanlısı Qanturalı ilə çiyin-çiyinə vuruşur. Düşməni yerə sərərək, yaralı nişanlısının başı üstünə gəlir: "Yağının bir ucu sənin, bir ucu da mənim", – deyə cəbhə alır.
İslam dinindən təsirlənmiş olan dastanlarda əsas mühit islamiyyətdən əvvəlki etiqadlarla iç-içədir. Qəhrəmanlar daha çox təbiət qüvvələrinə tapınırlar. Hər dastanın sonunda xeyir-duası ilə hazır olan və ən çətin zamanlarda müşkülləri həll etməyə bir övliya məsləhətlərilə yetişən Dədə Qorqud elin mənəvi atası, birliyin simvoludur. O bir atadır, Qorqud ata!
Biz burada dastanların ədəbiyyat və sənət baxımından təhlilinə girişmədən, sadəcə ideoloji tərəflərinə diqqət edirik. Bu baxımdan yazımıızı xülasə edəsi olsaq, deyə bilərik ki:
"Dədə Qorqud" dastanları vətən, din, hürriyyət, eşq, sədaqət və fədakarlıq hisslərini aşılayan milli bir əsərdir.
1950-ci ilə qədər faydalı bir xalq əsəri olaraq, mənimsənilən və dərsliklərə salınaraq sovet Azərbaycanının məktəblərində oxutdurulan "Dədə Qorqud" dastanları gözdən düşdülər. Sovet ədəbiyyat tənqidçiləri ilə müəllimlərinin yaxın bir keçmişdə təqdiredici bir üslubda yüksəltdikləri bu şah əsər indi "zəif və zərərli bir əsər" deyə, dərsliklərdən çıxarıldı, kitabxanalardan atıldı. "Millətçilik, dinçilik, bərabərlik"in rəvac verəni "inqilab ideologiyasına zidd, fəsad törədən bir əsər" deyə elan edildi. Əsəri bu günə qədər idealizə edən şəxslər isə "sovet əleyhdarı, ziyanlı insanlar" deyə bütün mövqelərindən çıxarıldılar.
Dədə Qorqud – türk və Azərbaycan xalqının bir nurani piri – indi "bir irtica və gerilik rəmzi" deyə elan edilir.
Əlbəttə, çoban ilə xanın, ata ilə oğulun, ər və arvadın, bacı ilə qardaşın qarşılıqlı sevgiləri ilə boylar (tayfalar) arasındakı qardaşlıq və birlik hisslərini, bir sözlə, insan topluluğunu təşkil edən bütün sinif və təbəqələr arasında vətən və ailə kimi mənəvi ortaq dəyərlər naminə birləşib qaynaşmanı və bu uğurdakı qəhrəmanlıqla mübarizəni mədh edən mürşid bir Pirə, bütün bu anlamların amansız düşməni olan bolşeviklər necə dözə bilər?!.
Onlar "sovet patriotizmi" deyə ortaya atdıqları və Sovetlər Birliyində olan qeyri-rus bütün millətlərin "ağabəyi" rus millətinin ancaq icazə verəcəyi fikirlər xaricində bir sıra milli və vətəni əsasları qoruyan "seperatist (təfriqə)" ideologiyalara qətiyyən dözə bilməzlər. "Sovet patriotizmi"nə zidd hər cür ideologiyanın kökünü kəsmək, sovet hökumətinin israrla tətbiq etdiyi əsas siyasətdir. Bu siyasət baxımından yerli tarix və ədəbiyyat fəxrlərini idealizə etmək bu yerlərdə yaşayan "kiçik qardaş"ların "böyük qardaş"– rus ağabəyisi ilə (!) birləşməyə əngəldir. Bu əngəli xatırladan ən kiçik şey təhlükəli bir amil kimi kəsilib atılmalıdır.
"Dədə Qorqud" məhz bunun üçün rədd edilir...
Məqalə "Azərbaycan" (Ankara) dərgisinin 1952-ci il 6-cı sayından (s.2-5) götürülüb.

***

"DƏDƏ QORQUD" OĞUZNAMƏLƏRİ

Kırzıoğlu Mustafa Fəxrəddinin bu başlıq altında bir əsəri çap edilib (Kırzıoğlu M.Fahrettin. Dede Korkut Oğuznameleri. İstanbul, 1952, Burhanettin Erenler Matbaası. 132 sah., I kitap, fiyatı: 250 kuruş). Dörd kitab halında hazırlanan əsərin nəşr olunan qismi birinci kitabdır. Digər üç kitab sonra basılacaqdır. Əlimizdəki 132 səhifə tutan cildin üz qabığında bunu oxuyuruq: "Bu dastanların Kiçik Arsaklılara – Arşakunik dövlətini (m.ö. 149 – m.s. 429) quran əski oğuzlara aid olduğunu bir sıra dəlillər isbat edir. "Erməni tarixi"nin iç üzünü, gerçək mahiyyətini göstərir".
Kitabın içindəki mövzuların üz qabığında verilən mündəricatına bir göz gəzdirməklə bunların nə qədər orijinal olduğu bizi dərhal maraqlandırır. Gürcüstandakı Orbelian ailəsinin, erməni Mamikonyan sülaləsinin, Dağıstandakı Şamkallıların və Azərbaycandakı Baranlıların (Qoyunlular) mənşələrinə dair verilən maraqlı məlumatın "Dədə Qorqud" hekayələri ilə sımsıx bağlı olduğunu görürük.
Kitabın "Başlanğıc qismi"ni oxuyuruq. Müəllifin böyük bir sevgi ilə mövzuya bağlı olduğunu dərhal anlayırıq. "Qurandan sonra ən çox oxuduğum kitab", - deyə bəhs etdiyi "Dədə Qorqud" kitabına M.Fəxrəddin qəlbən aşiqdir. Bu eşqlə o, illərlə çalışıb, araşdırıb, nəhayət, böyük bir sevinc içində mühüm bir kəşf etdiyi qənaətinə gəlib.
"Dədə Qorqud" haqqında bu günə qədər bütün dünyada nəşr olunan əsərləri və bu mövzu ilə əlaqədar bütün oğuz rəvayət və mənqibələrini tədqiq edən müəllif mütəxəssislərin XIV-XV yüzillərə aid etdiyi hekayələrin daha əski dövrlərə aid olması nəticəsinə varıb.
"Bütün oğuz dastanları və çox yayılmış canlı ənənələrinin Arsaklılar çağındakı oğuzların həm də "Armeni" adlanan Şərqi Anadolu, Azərbaycan və Gürcüstandakı 6 əsrə varan hakim və sonra da dağınıq bəyliklər halındakı yaşayışına aid olduğunu əsaslı dəlillərlə təsbit edən" M.Fəxrəddin "ulu tanrının aciz quluna verdiyi belə bir imkana" çox sevinir. Onun fikrincə, bu kəşf "ümumtürk tarixi üçün "Orxon və Yenisey" yazılarının oxunması dərəcəsində və bəlkə də onlardan daha mühümdür".
"Anadolu və Ön Asiya türk tarixinin, əldə edilən bu kəşflə, – M.Fəxrəddin söyləyir, – yeni-yeni öyrənilən qaynaqlardan süzülən əsaslı faktlara görə, başdan yenidən yazılması lazım gələcəkdir. Arsaklıların türkmən və oğuzlardan ibarət olduğunu anlayıb çözməyə yarayan "Dədə Qorqud oğuznamələri" sayəsində milli həyatımızda və elm aləmində yeni baxış və anlayışlar yaranacaqdır".
Bu iddialı əsərin başlanğıcdan sonra gələn "Giriş" qismi Böyük Part İmperatorluğunu quran Arsaklıların türklüyünə ayrılıb. Bu bölümün ilk fəslində 90 ildən bəri türk tarixçiliyində Partların türklüyündən bəhs edən müəlliflərin araşdırmaları xülasə edilib, ikinci fəslində də oğuznamələrlə başqa yazılı xatirələrdə oğuzların Şərqi Anadolu, Azərbaycan və Gürcüstanda qədimdən mövcudluğunun təfsilatı verilib. Kitabın ikinci bölümündə oğuznamələrdəki yer adları diqqətlə və ətraflı surətdə incələnib və bunların bugünkü durumları ilə əski dövrlərdəki durumları arasındakı bağlar təsbit olunub. Kitaba Şərqi Anadolu, Azərbaycan, Gürcüstan və Dağıstanın ətrafını əhatə edən bir oğuz xəritəsi əlavə edilib və bu xəritədə "Dədə Qorqud" və digər oğuznamələrdə xatırlanan yer adları göstərilib. Cildə bir də 122 kitab adını əhatə edən zəngin bir biblioqrafiya əlavə edilib.
Müəllifin on beş ildən bəri bu işə könül verməsi və böyük bir dözüm və səbrlə çalışmasının bir məhsulu olan bu əsərin mütəxəssis tarixçilər tərəfindən xüsusi diqqətlə qarşılanmasını umur, müəllifin də digər üç kitabın nəşrinə dərhal müvəffəq olmasını ürəkdən diləyirik.
Azərbaycan və ümumiyyətlə, Ön Asiya tarixi üçün bilavasitə önəm daşıyan bu araşdırmaların sevindirici kəşflərinin bütünlüklə, hamımızı sevindirərək, qəbul olunmasını cani-dildən diləyir və hər şeydən öncə, elm sevgisi və qeyrətilə çalışdığı aşkar görünən müəllifi səmimiyyətlə təbrik edirik. Elm və xüsusən tarix elmi ilə maraqlanan oxucularımıza M.Fəxrəddinin bu əsərini görmələrini ciddiyyətlə tövsiyə edirik.
Qeyd: Arsaklılara iranlılar "Eşkaniyan", avropalılar "Arsacides", əski ermənilər "Baglivig, Bahlavani" və Qərb qoluna da "Arsaguni" deməkdədir.
Məqalə "Azərbaycan" (Ankara) dərgisinin 1953-cü il 7-ci sayından (s.26-27) götürülüb.

Azərbaycan türkcəsinə uyğunlaşdıran:
Almaz Həsənqızı, filologiya üzrə elmlər doktoru