Oman qəzeti Azərbaycanın turizm potensialından yazıb Mədəniyyət

Oman qəzeti Azərbaycanın turizm potensialından yazıb

Omanın “Əl Roya” qəzetində Azərbaycanın turizm potensialından bəhs edən geniş məqalə dərc edilib.

“Azərbaycanın ecazkar təbiəti minlərlə turisti cəlb edir” sərlövhəli məqalənin müəllifi Əhməd Əl-Cahuri Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidə istinadla ötən il Oman Sultanlığından ölkəmizə 18 537 turistin gəldiyini, bu rəqəmin Körfəz ölkələri arasında dördüncü göstərici olduğunu qeyd edib. Ümumilikdə isə, ötən il Körfəz Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana 185 288 turist səyahət edib. Bunların 96 231-i Səudiyyə Ərəbistanı, 41 085-i Birləşmiş Ərəb Əmirlikləri, 18 527-si Oman, 3 424-ü Bəhreyn və 3 411-i Qətər vətəndaşları olub.

Məqalədə qeyd olunub ki, dostlar və ailələr üçün geniş turizm potensialına malik olan Azərbaycanda müxtəlif fəaliyyət və tədbirlərin həyata keçirilməsi üçün əlverişli hava şəraiti fonunda istirahət tədbirlərinin təşkili sayəsində Oman Sultanlığından və digər ölkələrdən minlərlə turist bu ölkəyə axın edir. Eyni zamanda, burada turistlərə gözəl alış-veriş imkanları təqdim edən unikal bazarlar var və Azərbaycan mətbəxi ləzzətli yeməklərlə zəngindir. Bütün turistik yerlər bir-birinə yaxındır və bu, səyahətçilərə qısa zamanda müxtəlif məkanlara səyahət etməyə imkan verir.

Müəllif diqqətə çatdırıb ki, Oman Sultanlığından Azərbaycana uçuş müddəti 3 saata yaxındır və omanlı turistlər Bakı ilə Muskat arasında birbaşa aviareyslərdən istifadə edirlər. "Hazırda Dubay, Manama və Küveyt şəhərləri vasitəsilə birbaşa aviareyslər həyata keçirilir və ərəb ölkələrindən olan səyahətçilər heç bir çətinlik olmadan Azərbaycana uça bilirlər. Paytaxt Bakıda onları möhtəşəm otellər, zəngin ekskursiyalar, tarixi abidələr və qonaqpərvər insanlar gözləyir. Azərbaycan qədim memarlığı, füsunkar təbiəti və ləzzətli mətbəxi ilə seçilir. Dağlıq ərazilərin 60 faiz təşkil etdiyi bu ölkədə dağ turları və sərgüzəştlər üçün böyük imkanlar mövcuddur. Qax şəhəri və İlisu kəndi kimi ərazilər isə gəzinti üçün idealdır. Beş min illik tarixə və zəngin mədəniyyətə malik olan bu yerlər bir vaxtlar Böyük İpək Yolu üzərində minlərlə səyahətçinin yaşadığı məkan olub və Azərbaycan mədəni irsi əsrlər boyu bir çox mədəniyyətlərin təsiri altında daha da zənginləşib”, – deyə məqalədə qeyd olunub.

Yazıda vurğulanıb ki, paytaxt Bakı qədim və müasir Qərb və Şərq memarlığının sintezi olan arxitektura irsinə malik bir şəhərdir. Turistlər Alov qüllələri və Heydər Əliyev Mərkəzi kimi müasir memarlıq nümunələri ilə yanaşı, qədim irs nümunəsi kimi UNESCO-nun siyahısına salınmış Köhnə şəhərin küçələrində gəzintidən də zövq alırlar. Müəllif daha sonra vurğulayıb: “Maraqlıdır ki, Azərbaycana səyahət etmək o qədər də böyük xərc tələb etmir, çünki Bakıda münasib qiymətlərlə işləyən rahat metro və avtobus sistemləri, bir çox taksi şirkətləri var. Turistlər az xərclə Azərbaycanın daxilində hərəkət etmək üçün avtobus, qatar və ya təyyarələr kimi müxtəlif nəqliyyat vasitələrindən istifadə edə bilərlər.