Azərbaycanla İranın kamança təqdimatı Mədəniyyət

Azərbaycanla İranın kamança təqdimatı

İranla Azərbaycan 2017-ci ildə kamançanı müştərək musiqi aləti kimi UNESCO-nun siyahısına salınması ilə bağlı təqdimat keçirəcək.
Bunu APA-nın İran bürosuna İranın mədəni irs və turizm təşkilatı sədrinin müavini Murtaza Rizvanfər deyib.
O bildirib ki, Azərbaycan tərəfindən Qarabağ çövkən oyununun UNESCO-da qeyri maddi-mənəvi irs kimi tanınması ilə İran çövkən oyununun tanınması heç bir ziddiyyət təşkil etmir. "UNESCO-nun qaydalarına görə, hər bir adət-ənənə və alət hər hansı ölkədə bir neçə nəsil (təqribən 100 il) olarsa, həmin ölkə onu qeydiyyata aldıra bilər. Azərbaycan da qaydalara uyğun olaraq Qarabağ çövkən oyununu qeyri maddi-mənəvi irs kimi tanıtdırıb. Bu, qanunidir və hansısa adət-ənənənin qeydiyyata alınmasında UNESCO üçün həmin adətin yarandığı yer önəmli deyil. Çünki UNESCO-nun məqsədi xalqlar və dövlətlər arasında dostluq yaratmaqdır".
Murtaza Rizvanfər deyib ki, 2017-ci ildə İran özünün çövkən oyununu UNESCO-da qeydiyyata aldıracaq və bununla bağlı hazırda işlər gedir. "Bəzi qüvvələr çövkən oyununun qeydiyyatı ilə bağlı iki dost və qonşu ölkə olan Azərbaycanla İran arasında ixtilaflar yaratmaq istəyir. Bu qədər oxşarlıq olan bu iki ölkə arasında ixtilaf yaratmaq mümkün deyil".
O həmçinin deyib ki, Azərbaycanla İran hazırda lavaş çörəyinin UNESCO-da qeydiyyata alınması üçün birlikdə işlər görür: "Eləcə də Türkiyə, Qırğızıstan və Qazaxıstan lavaş çörəyinin qeydiyyatı işində Azərbaycan və İranla birlikdə iş görür. Ehtimal olunur ki, bu ilin sonunadək lavaş çörəyi müştərək olaraq beş ölkənin adına qeydiyyata alınacaq".