AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Mədəniyyət

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ

AZƏRTAC beynəlxalq müsabiqələr laureatları olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin şagirdi, pianoçu, beynəlxalq və respublika müsabiqələrin iştirakçısı və laureatı Renat Şəriflidir.

Renatın 12 yaşı var, 5 yaşından musiqi ilə məşğul olur. Bundan əlavə, oğlan məharətlə rəsm çəkir və geyimlərin dizaynı ilə maraqlanır. Bəstəkarlardan Baxı xüsusilə sevdiyini söyləyir.

“Hələ lap körpə olarkən fortepianoda ifa etmək arzusunda olmuşam. Xalam musiqi ilə məşğul olub. Onun ifa tərzini izləmək, fortepianonun səsini dinləmək mənə çox maraqlı gəlirdi”, - deyə həmsöhbətimiz bəhs edir.

Renat 4-cü sinifdən konsertlərdə, 5-ci sinifdən isə müsabiqə və festivallarda iştirak etməyə başlayıb. Onun üçün ən yaddaqalanı qızıl medal aldığı “World Classical Music Awards” müsabiqəsi olub. İstedadlı pianoçu Baxın konsertinin birinci hissəsini (G major) ifa edib.

Renatın sözlərinə görə, müsabiqələrdəki atmosfer olduqca mehribandır. O, bir qədər həyəcanlı olsa da, adətən çıxışdan əvvəl özünü rahat hiss edir. “Səhnəyə çıxıram və ifa etməyə başlayıram – artıq geriyə dönüş yoxdur...", - deyə musiqiçi vurğulayır.

Gənc pianoçu musiqi dərslərinə çox məsuliyyətlə yanaşır. Beynəlxalq məktəbdə ingilis dilində təhsil alaraq, Renat dərslərdən sonra gündə üç saat sərbəst şəkildə musiqi ilə məşğul olur.

Oğlan İtaliya və Avstriyada çıxış etmək xəyalı ilə yaşayır, lakin gələcəkdə hansı istiqaməti seçəcəyini dəqiq bilmədiyini deyir.

“Musiqi ilə məşğul olmağı davam etdirmək istəyirəm, eyni zamanda, geyim dizayneri də olmağı da arzulayıram. İllər öncə boya, flomasterlərlə rəsm çəkirdim, anamla geyim dükanlarını gəzməyi sevirdim”, - deyə istedadlı oğlan xatirələrini bölüşür.

Söhbətdə 12 nömrəli musiqi məktəbinin direktor müavini Nərmin Mehdiyeva da iştirak edir.

“Renat indi dahi bəstəkar Baxı sevdiyini söylədi, bu, onun intellektindən xəbər verir. Baxı hər uşaq sevmir! Renat Bakı şəhərinin aparıcı müəllimlərindən biri olan Yelena Vasilyevna Xəlilulina kimi müəllimin şagirdidir və bu il konsertdə peşəkar musiqiçi kimi çıxış edib. Onun hər çıxışla inkişaf etdiyini görürük. Peşəkarlığı ildən-ilə artır. Renat həm də çox gözəl rəsm çəkir”, – deyə Nərmin xanım qeyd edir.

Müsabiqələrdən danışan direktor müavini onların gənc musiqiçilər üçün əhəmiyyətini vurğulayıb.

“Hesab edirəm ki, əgər özü də bunda maraqlıdırsa, evdə ona dəstək verilirsə və yaxşı müəllimi varsa, uşaq müsabiqələrdə iştirak etməlidir. O, özünü göstərməlidir, bu, onu motivasiya edir, özünəinam hissi yaradır, başqalarını görmək imkanı verir. Bizim üçün müsabiqələrə qatılmaq çox önəmlidir. Çünki hazırlıq prosesi, rəqabət mühitinin özü uşağı inkişaf etdirir, onun qarşısında yeni imkanlar açır. Uşaqların inkişafı və onların xoşbəxtliyi vacibdir. Konsertlər, müsabiqələr də bu məqsədlə keçirilir. Direktorumuz Gülnarə Səfərova uşaqların çıxışları, onların inkişafı üçün hər cür şərait yaradır”, - deyə həmsöhbətimiz bildirir.

İstedadlı musiqiçinin anası Gülxar Babayeva da görüşdə iştirak edir.

“Renat üç yaşından musiqiyə həvəs göstərib. Ailədə uşaqlarımız nə etmək istədiklərini seçməkdə azaddırlar. Bizdə hamısı oğlandır, dörd oğlumuz var. Renat beş yaşında olanda toxumaq istədiyini söylədi. Biz mil və sap aldıq və o, oyuncaqlar, yorğanlar, yastıqlar, çantalar toxumağa başladı. Musiqi ilə də maraqlanırdı, klassik musiqini xoşlayırdı. Əvvəlcə onu Bülbül adına musiqi məktəbinə yazdırdıq, sonra isə ingilis dilində təhsil almasını istədik. Odur ki, o, ingilisdilli məktəbə getdi, musiqi ilə məşğul olmaq üçün isə buraya gəlirdi. Səkkiz yaşından rəsm çəkməyə başladı və bunu çox gözəl bacarır”, – deyə Gülxar xanım xatırlayır.

Onun sözlərinə görə, Renat çox məsuliyyətlidir, evdə musiqi ilə özü məşğul olur və bütün tapşırıqları yerinə yetirir. Müsabiqələrdən əvvəl xüsusi əzmlə çalışır.

“Bəzən axşamlar harasa gedirik, o, bizimlə gəlmir, deyir ki, mən məşq etməliyəm. Konsertlərdən əvvəl gündə dörd saat çalır. Hərdən ona deyirəm: “Ömür çox qısadır, həyatdan zövq almalısan, bizimlə harasa getməlisən. İkinci sinfi bitirəndə dedi ki, daha çalmaq istəmir. Həmin vaxt mən cavab verdim ki, bu gün istəməyə bilərsən, amma davam etdiyimiz üçün sabah mənə minnətdar olacaqsan. İmtina etməyi məsləhət görmədim və ona bildirdim ki, bu, sənin əməyin, sərf etdiyin vaxtındır. Hər kəsdə bu cür ani düşüncələr olur! Valideyn həmin anda uşağa dəstək olmalıdır. Renat 3-cü sinfə keçəndə isə musiqini elə sevdi ki, artıq mən ona məşq etməyin lazım olduğunu heç vaxt demirdim. İkinci sinifdə ona nəzarət edirdim, amma üçüncü sinifdən sonra hər şeyi müstəqil edirdi”, -deyə Gülxar xanım əlavə edir.

Gülxar Babayeva müəllim Yelena Vasilyevnanın şagirdini necə dəstəklədiyini xüsusi qeyd edir.

Gülxar Babayeva müəllim Yelena Vasilyevnanın şagirdini necə dəstəklədiyini xüsusi qeyd edir.

“Onun üçün Yelena xanımın dəstəyi çox vacibdir. Hamımız - mən, atası, qardaşları onu dəstəkləyirik. Həmişə onun konsertlərinə gedirik. Yeri gəlmişkən, mən ondan daha çox həyəcan keçirirəm... – deyə pianoçunun anası gülür. – Konsertlərdə başqa uşaqları da görürəm, hamısı istedadlıdır, şadam ki, oğlum da onların arasındadır. Təbii ki, mən onunla qürur duyuram”.

Renatın istedadına gəlincə, Gülxar xanım deyir ki, oğlunu iki istiqamətdən birinə doğru sövq etməyəcək və seçimi onun öz öhdəsinə buraxacaq: “Bu, onun həyatıdır, gələcəkdə seçdiyi peşə ilə yaşayacaq. Hətta dizaynı seçsə belə, musiqi ona mane olmayacaq. Bu, onun ikinci ixtisası kimi qalacaq. Vaxt var idi ki, kiçik mahnılar bəstələyirdi... Kim bilir, bəlkə də bəstəkar olacaq. Seçim onundur”.