

O vaxtlar "Kinoklub" adlı veriliş vardı. Bir gün həmin verilişə çəkilişə gedərkən, yolda həmkarı Yaşar Nuri ilə rastlaşır. Yaşar ondan haraya getdiyini soruşur. Öyrənir ki, “Kinoklub”da çəkilişə dəvət olunub. “Nə var e, orda, nəyə gedirsən?”- deyə sual verir. O da cavabında- “Niyə də getməyim, 80 manat pul verirlər.”- söyləyir. “Mən sənə 100 manat verirəm, getmə.” Razılaşırlar və Yaşardan 100 manatı götürüb, evə qayıdır. Sən demə, onu yola salandan sonra Yaşar özü həmin çəkilişə gedib, iştirak edir. Bunu biləndə Yaşardan soruşur ki, niyə özün getdin, məni qoymadın? Yaşar da:- “Getdim ki, görüm, məni aldadıb, ora gəlməmisən ki?..”- deyə, cavab verir...
Bəli, bu dəfə sizə yazıçı-dramaturq Aslan Qəhrəmanovun əsəri əsasında hazırlanan “Səni axtarıram” film tamaşasında oynadığı “Günar” obrazı ilə ölkədə məşhurlaşan Firəngiz Mütəllimova haqqında söhbət açmaq istəyirəm. Axı, mayın 1-də onun növbəti ad günüdür. Amma gəlin əvvəlcə tərcümeyi-halına nəzər yetirək: 1959-cu ildə Ağcabədi rayonunda dünyaya gəlib, lakin əslən Şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə gündən də həmin mədəniyyət ocağında çalışır. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq Azərbaycan Dövlət Televiziyasının tamaşalarında da iştirak edib. O, burada hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili obrazlar yaradıb. 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. 2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır...
Müsahibələrindən birində deyir ki:- “Atamla anam Ağcabədidə işləyirdilər, ona görə şəhadətnaməni oradan alıblar. Şəxsiyyət vəsiqəmdə yazılıb ki, Ağcabədinin Avşar kəndində doğulmuşam. Atam qəbələli, anam şuşalıdır. Təyinatla gəliblər Avşar kəndinə, bir-birini seviblər, atam anamı qaçırıb. Mənim ömrümün ən gözəl illəri Şuşada, Qəbələdə, bir də Avşar kəndində keçib. Avşardan üçüncü sinifdə çıxmışam, amma indi gözüyumulu o kəndi gəzə bilərəm. Şuşanın işğalını eşidəndə Türkiyədə qastrolda idik. Birdən Ramiz Novruz başını tutub çıxdı ki, vay, Şuşanı aldılar. Mikayıl Mirzə başını divara çırpdı. Mən donub qalmışdım. Heç yerə də əlim çatmırdı. Səhəri qardaşım dedi, evdəkilər Bakıdadırlar, Şuşa yoxdur. Şuşadan sonra anam atama tez-tez deyirdi ki, evdən çıxanda “xolodelnik”i niyə söndürmədin? Atam da deyirdi, səni necə başa salım, Şuşa yoxdur, Şəfiqə, Şuşa yoxdur. Anam da sakitləşə bilmirdi, atamla dava edirdi ki, Qacarın ala bilmədiyi Şuşanı erməni alacaq? Biz hər şeyimizi orda qoyub gəlmişik. Deyirdilər, Şuşadan çıxmaq istəməyənlər acından ölməmək üçün bizim evdəki ərzaqları aparıb yeyirmişlər. Şükür ki, Şuşa indi bizdədir. Mən böyüyən ev isə darmadağın olub...”
Olduqca şən və mehriban xanımdır. İnadkar, ehtiraslı və idealist təbiəti ilə yanaşı, çox işgüzardır. Enerjili və həyat doludur. Cəsarətli və mərhəmətlidir. Qürurludur və güclü xarakterə malikdir. Çox cazibədardır. Özü diqqətli olduğu üçün, hamıdan da diqqət gözləyir...
“Mən həyatımla oynadığım rolların fərqini bilirəm. Həyatda bilirəm ki, Firəngizəm. Amma səhnədə hər bir rolu ifa edə bilərəm. Onu da bilirəm ki, bir gecədə məşhur olmuşam. Bir var, bunun üçün əziyyət çəkəsən, bir də var, xəbərin olmadan həyatın dəyişsin, hamı səni tanısın. Atam rəhmətlik deyirdi, nə qəribədir, dünənə qədər deyirdilər, “Bəhər müəllimin qızı Firəngiz”, indi deyirlər, “Firəngizin atası Bəhər”. Vacib olan şöhrəti qazanmaq yox, saxlamaqdır. Bunu da insanlardan özünü fərqləndirməməklə, səmimiyyətlə qazanırsan. Allah hamıya bir istedad verir. Sadəcə, bu sənətdə olanlar üzdə olurlar, hamı onları tanıyır. Çalışmışam, hamıya örnək olum. Demirəm, süddən çıxmış ağ qaşığam. Yox! Həyatda o qədər səhvlərim olub ki... Aldatmışam da, aldanmışam da. Düz də getmişəm, əyri də. Amma çox sevinirəm ki, yolumu azmamışam. Başımı nə şöhrət, nə pul gicəlləndirməyib. Deməmişəm ki, gərək divarlarım qızıldan olsun...”- söyləyir.
Sakit və rahat həyat sürməyi xoşlayır. Narahatlıq yaradan səbəblərdən uzaq olmağa çalışır. Gözəldir və bu gözəllik onu daha cazibəli göstərir...
Deyir ki:- “Vaxt olub, hətta üzümü gizlətmişəm, səsimdən tanıyıblar. Ona görə özümü xoşbəxt sayıram ki, məni uşaqlar da, gənclər də, qocalar da tanıyır. Amma etiraf edim ki, bu bir tərəfdən pisdir. Küçədə, məclisdə, marketdə hamı baxıb səndən danışır və narahat olursan. Bazara gedəndə hiss edirəm, bir manat olan şeyi üç manata satmaq istəyirlər. Deyirəm, ay balam, mən milyonçu deyiləm, maaşla yaşayan adamam. Amma bəzən olur ki, ümumiyyətlə, pul götürmürlər. Sağ olsunlar, çətin vaxtlarda mənə çox güzəşt edirlər. Məsələn, həkimə gedirəm, təmənna güdmürlər. Hətta Türkiyədəki həkimim də məndən pul almamışdı...”
İş həyatında da iddialı olması ilə tanınır. Ürəyincə olmasa hər rolu, hər obrazı üzərinə götürmür. Yəni özünə hörmət etməyi bacarır...
“O qədər də sadəlövh deyiləm. Kim düşünürsə ki, mən avam adamam yanılır. Çox olub, seçimə çağırıb təsdiq edirdilər, sonra alınmırdı. Mənim də qəlbim incimişdi. Həsən Turabovun çəkildiyi filmlərə razı olurdum. Bir də Vaqif Mustafayevlə Ceyhun Mirzəyevin filmlərinə çəkilmişəm. Ən yaxşı qonorarlarımı Turabovun çəkildiyi filmlərdən almışam. O vaxt verilişlərə gedəndə də qonorar alırdıq. İndi heç nə vermirlər, mən də getmirəm. Şikayət etmirəm, şükür Allaha, yaşayırıq. Prezidentin fərdi təqaüdünü alıram, dövlətimiz tərəfindən evlə təmin olunmuşam. Adam gərək düzünü danışa, dövlət tərəfindən, nazirlik tərəfindən öz üzərimdə həmişə qayğı hiss etmişəm. Arada cərrahi əməliyyat olundum. Əməliyyatdan çıxandan sonra özüm deməmişdim, amma nazirlikdən neçə nəfər zəng etdi ki, bizə niyə xəbər etməmisən?”- söyləyir.
Bəli, mayın 1-i bu incə ruhlu gözəl xanımın ömrünə yeni yaşı qədəm qoyur. Mübarək olsun! Bəlkə də indiki gənclər arasında onu tanıyanlar azdır. Amma biz orta yaşlı nəsil hələ də onu “Gülnar” obrazına görə sevir və unutmuruq...
Hörmətlə, Elman Eldaroğlu