“Teatrla bağlı daha bir saat keçirdik” Mədəniyyət

“Teatrla bağlı daha bir saat keçirdik”

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi uğurla davam edir.

Aprelin 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə teatrın kiçik səhnəsində növbəti tematik seminar keçirilib. Layihə çərçivəsində keçirilmiş tematik seminarın “Teatr pedaqogikası: istedad yoxsa elm?..” adlı panelinin qonağı Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor, aktyor Nicat Kazımov olub.

Seminarı MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov açaraq layihənin nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, gənclərlə mütəxəssilər arasında sənət müzakirələrinin təşkili, bu sahəyə diqqətin artırılması, gənclərin iştirakı ilə aktiv yaradıcı mühitin formalaşdırılması məqsədini daşıdığını bildirib.

Nicat Kazımov teatr pedaqogikasının nəzəri-praktiki əsasları, teatr təhsilində ənənə və müasirlik, müxtəliflik, yeni yaradıcı tendensiyalar kimi mövzulardan söhbət açaraq auditoriya ilə fikir mübadiləsi aparıb.

MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən seminarın sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Sonda Nicat Kazımov seminarla bağlı təəssüratlarını “Xalq Cəbhəsi” ilə bölüşüb: “Layihə çərçivəsində mənə qədər bir çox görüş olub. Burada keçirilən seminarlarda bugünkü teatr məktəbinin, aktyor məktəbinin problemləri çözülür, araşdırılır. Təki bu problemlər öz həllini tapsın. Görüş mənim üçün çox xoş oldu. Təşkilatçılara bir daha dərin təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Həmçinin seminarda iştirak edən dinləyicilərə də təşəkkür edirəm. Sağ olsunlar ki, gəldilər. Teatrla bağlı daha bir saat keçirdik”.

Qeyd edək ki, “Nəsildən-nəslə teatr” layihəsi üzrə seminar və görüşlərin keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, bu sahəyə marağı artırmaq, gəncləri teatra cəlb etmək və aktiv yaradıcı mühit formalaşdırmaqdır.