Səsinə borclu xanım Mədəniyyət

Səsinə borclu xanım

Gülyaz Məmmədova- 55
Səliqə-səhmanı xoşlayan, olduqca intizamlı xanımdır. Özünə xüsusi dəftər də ayırıb. Getdiyi yerləri, səfərlərini yaddaş üçün oraya qeyd edir. Əvvəllər toylara gedəndə səsini qorumaq məqsədilə özüylə birdəfəlik çay bükümləri, hətta su da aparardı. Sonra düşünüb ki, adamı gərək Allah qorusun, bu çıxış yolu deyil...
“Toylara gedəndə özümlə termos aparırdım. Sonra fikirləşdim ki, durub oxuyanda termosu əlimdə saxlayan deyiləm ki. Üzümü o yana tutan kimi niyyəti pis olan etdiyini edəcək. Və anladım ki, düz eləmirəm, qorxmağına dəyməz. Ona görə də, bu vərdişimi tərk etdim. Doğrudur, səs tellərimi yenə də qoruyuram. Məsələn, səhnəyə çıxmamışdan öncə soyuq su içmirəm, istiotlu yeməklər, plov yemirəm. Belə də, heç kimlə düşmən münasibətim, ədavətim də yoxdur. Elə insanlarla ünsiyyət qururam ki, sonra nə onlardan, nə özümdən xoflanmayım. Heç kimdən pislik də görməmişəm, əslində sevildiyimi görürəm. Bunu da özümə mənəvi xəzinə hesab edirəm.”- söyləyir.
Sevdiyi səslər çoxdur. Son illər məşhurlaşan müğənnilərdən İlahənin, Kamilə Nəbiyeva bacılarının, Mirələm Mirələmovun, Sərxan Bünyadzadənin, Səbinə Ərəblinin, Ayşən Mehdiyevanın, Zabitə Əliyevanın səslərini çox bəyənir. Amma hardansa televiziyalara yol tapan, istedadsız adamları görəndə əsəblərini cilovlaya bilmir...
Deyir ki:- “Bu məni çox narahat edən məsələdir. Əvvəllər qarşımızda Şövkət Ələkbərova, Gülxar Həsənova, Rəşid Behbudov, daha neçə-neçə böyük sənətkarlar var idi, deyirdim onlar olan yerdə mənə söz demək düşməz. Amma indi yaşımın o həddinə gəlmişəm ki, danışa bilərəm. Telekanallarda musiqi tərtibatından, aparılan əyləncəli proqramlardan narazıyam. Bu nədir, kimsə reytinq, reklam xətrinə kimi gəldi efirə çıxarır. Bəsit, bayağı mahnılarla kor qoyublar camaatı. Sən 5-10 manat qazanacaqsan deyə xalqa niyə xəyanət edirsən? Elə mahnılar oxuyurlar, neçə ilin pedaqoquyam, bilmirəm hansı lad üstündə çalınır, axtarıb tapa bilmirəm. Qəribə melodiyalar, ifa tərzləri, müğənnini çıxarırlar efirə, rəqqaslıq eləməyə. Qondarma, “odnorazovıy” mahnılar çıxır efirə. Efirə çıxan müğənnidən qızılının, maşınının, paltarının qiymətini soruşurlar, axı ayıbdır, olanı var, olmayanı var. Biabırçılıqdır. Başa düşmürlər ki, musiqimizi, incəsənətimizi korlayırlar. Pula görə millətin mənəviyyatını məhv etməlisən? Gedib ancaq toyda oxuyub, ömründə bir dənə dövlət konsertində olmayanlar fəxri ad istəyirlər, hansı gününə? Əvvəllər demirdim, daha susmayacam. Zövqü korlayıblar deyə, bəsit mahnılara tələbat çoxalıb...”
Görəsən, aranızda bu dəfəki söhbətimin qəhrəmanını tanıyan oldumu? Əlbəttə, mən Azərbaycanın və Özbəkstanın xalq artisti, xanəndə Gülyaz Məmmədovadan danışıram. O, 1970-ci ilin may ayının 1-də Şəki rayonunun Böyük Dəhnə kəndində Zakir kişinin ailəsində dünyaya gəlib. Orta təhsilə doğulduğu kəndin orta məktəbində yiyələnib. Hələ məktəbdə oxuyarkən, özünəməxsus ifası ilə diqqəti cəlb edib. 1992-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunu muğam ixtisası üzrə bitirib. Texnikumda oxuduğu illərdə müəllimi məşhur muğam bilicisi, əməkdar müəllim Nəriman Əliyev olub. Tələbə olarkən “İçərişəhər” folklor ansamblında çalışıb. 1991-ci ildə Rəşid Behbudov adına Mahnı teatrında fəaliyyətə başlayıb. Burada bir il çalışdıqdan sonra Opera və Balet Teatrında işə dəvət edilib və bu teatrda bir sıra məşhur əsərlərdə xanəndə kimi obrazlar yaradıb.
1996-cı ildən başlayaraq Asəf Zeynallı adına Musiqi kollecində müəllim kimi muğam sənətinin sirlərini tələbələrinə aşılayır. 2023-cü ildən eyni zammanda Rəşid Behbudov adına Mahnı teatrında solist kimi çalışır...
Xeyirxah insandır, ehtiyacı olan tələbələrinin əlindən tutmağa çalışır, onlara maddi dəstək göstərir. Hətta tələbələrdən birinə verməyə pulu olmayanda, barmağındakı üzüyünü çıxarıb verib ki, satıb pul etsin. Bu onun ürəyinin təmizliyindən irəli gəlir. Paxıllıq, həsəd ona yad xüsusiyyətlərdəndir. Daxili gözəlliyi, içindəki nur çöhrəsinə də hopub...
“Heç vaxt plastik əməliyyat etdirməmişəm, üzümdə yüngül toxunuşlar olub, mezo, botoks. Qalanı Allah nə veribsə odur. Arada çəkim artsa da, arıqlamaq üçün idman edirəm. Mənə deyirlər, burnunu əməliyyat etdir, həkimlər təklif edirdilər ki, gəl səni başdan ayağa dəyişək, səsimin dəyişməsindən qorxub elətdirmirəm. Ağzım, burnum, gözüm yerindədirmi? Bu bəsdir. Mən Allaha həmişə şükür edirəm ki, tütün tarlasında işləyən qız idim də, rayonda yaşayırdıq, 40 gün barama bəslə, qırılıb çatılırdıq, sonra kolxoz işləri, kənddə iş-güc. O dövr elə idi. Sadə bir ailənin 10 övladından biri idim. Dərslərdən də axsayırdım. Allahın verdiyi səs gör məni haradan haraya gətirib çıxartdı. Necə naşükür ola bilərəm? Yeri gəlmişkən, onu da qeyd edim ki, mən müğənni yox, jurnalist olmaq istəyirdim. Səs bizə anamızdan keçmişdi. Atamız da musiqiçi idi. Zurna ifa edirdi, toylara gedirdi, həm də dülgər idi. Bir gün barmaqlarını mişar apardı, doğrudur, yerinə bərpa etdilər, amma hərəkətsiz qaldı və daha zurna ifa bilmədi, keçdi qədim “kos” alətini dilləndirməyə. Musiqidən ayrıla bilmədi.”- söyləyir.
Bütün dediklərimlə yanaşı Gülyaz xanım 2002-2006-cı illərdə İncəsənət universitetinin muğam şöbəsində oxuyub və oranı uğurla başa vurub. Ustadı Canəli Əkbərovdan dərs alıb. 2006-cı 2018-ci illərdə Bakı Humanitar kollecində, 2007-2011-ci illərdə isə Nəriman Əliyev adına “Muğam” studiyasında muğamdan dərs deyib.
2014-cü ildən Azərbaycan Respublikasının xalq artistidir...
...Bir vaxtlar Şəkidə, çoxuşaqlı ailədə tütün, barama becərməklə valideynlərinə kömək edən Gülyaz xanımı indi nəinki Azərbaycanda, qonşu ölkələrdə də yaxşı tanıyırlar. Onu belə məşhur edən isə göydə Allah, yerdə məlahətli səsi olub. Mayın 1-i onun 55 yaşı tamam olur. Ömrü uzun olsun!..

Hörmətlə, Elman Eldaroğlu