“Azərbaycan hər zaman Pakistan xalqının yanındadır” Siyasət

“Azərbaycan hər zaman Pakistan xalqının yanındadır”

“Azərbaycan hər yerdə sülhün bərqərar olmasında maraqlıdır və bu gün müharibədən əziyyət çəkən bir ölkə kimi müharibələrin yaranmasını istəmir, bunu qətiyyətlə pisləyir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov qeyd edib ki, Hindistan-Pakistan arasında baş verən qarşıdurma həm dünyamız, həm də bölgəmiz üçün yaxşı bir hal deyil: “Bu münasibətlərin kəskinləşməsi dünya iqtisadiyyatına, dünyamıza və bölgəmizə çox mənfi təsir göstərəcək. Biz arzu edirik ki, ən qısa vaxtda bu problem bitsin, tərəflər danışıqlar vasitəsilə anlaşılmazlığı aradan qaldırsın. Düşünürəm ki eskalasiya davam etməyəcək və daha da genişlənməyəcək. Çünki hər iki dövlətin lideri yaxşı anlayır ki, bu, tərəflərə yaxşı heçnə vəd etmir”.

Deputatın sözlərinə görə, Azərbaycan bütün dünya dövlətləri ilə münasibətlərin inkişafında maraqlıdır: “Amma Pakistanla bizim xüsusi münasibətimiz var və bu münasibət hansısa başqa dövlətin, xüsusilə Hindistanın əleyhinə yönəlmiş bir münasibət deyil. Təəssüf ki, bəzən biz bunu Hindistanın elə qəbul etdiyini görürük. Azərbaycan hər zaman Pakistan xalqının yanında olub, olacaq və Pakistan xalqının haqq işini dəstəkləyəcək. Bu həm də Azərbaycanın bir vəfa borcudur, üzərinə götürdüyü missiyadır. Çünki biz hər zaman çalışırıq ki, qardaşlarımızın yanında olaq və onlara öz qardaş dəstəyimizi ifadə edək”.

Röya İsrafilova