Dedi ki... Mədəniyyət

Dedi ki...

Hamı bilir ki, Səlim Babullaoğlunun xətrini çox istəyirəm. Bir gün ona qəfil zəng açıb soruşdum: “Səlim can, bu dəfə kimdən yazım, kimi məsləhət görürsən?” Dedi ki: “Damət Salmanoğludan yaz.” Kimdir, Damət Salmanoğlu? Bəli, bu dəfəki söhbətimin qəhrəmanı...

O, hər zaman macəraya hazır olan və hər zaman bacarıqlı bir insandır. Adi həyatın şıltaqlıqlarından kənarda yaşamağın yolunu tapan birisidir. O, heç vaxt həyatını ağ hasarın arxasında yaşamaq istəmir. Bəzən həddindən artıq impulsiv olan bu şəxs, azadlığının məhdudlaşdırıldığını düşündüyü zaman növbəti işə tələsir. İstənilən şəkildə təmkinli olmaq bu müstəqil və azadlıqsevər insan üçün cəlbedici deyil. Haraya getsə də uğurun onu izləyəcəyinə inanır. Buna görə də o, üzləşdiyi hər bir anı yaşamağa meyllidir. Köhnə nağılların qəhrəmanları kimi, həyatın tələlərini macəraya çevirmək üçün axır ki, bir yol tapacaq...

Ölkədə tanınan qələm ustalarından biri- yazıçı Kənan Hacı onun barəsində yazır: “Şeir hissin, duyğunun sözlərə çevrilmiş formasıdır, ona nə qədər modern, futuristik libas geyindirilsə də mayasında insani duyğular çırpınır. Hisslərin tarixidir şeir; insanın içsəsidir. Şeirin tarixi bəşər tarixi qədər qədimdir. Fərqli sivilizasiyaların burulğanında durulan, durulduqca qatılaşan və müxtəlif formalara bürünən şeir hərdaim insanın yol yoldaşı oldu, həyanı, sirdaşı oldu, əksər hallarda xilaskarına çevrildi. Mənaları sözlər vasitəsilə çeşidli formalarda şəkilləndirən şair duyğuların tarixini yazandır. Şair, yazıçı Damət Salmanoğlu da duyğuların tarixçəsini yazır. Onu şeirləriylə tanımışam. Sonra öyrəndim ki, nəsrlə də məşğuldur, bir neçə povest və hekayələrin müəllifidir. Şeirlərin stixiyasına göz gəzdirək. Məzmun və mündəricə baxımından çoxşaxəli olan bu şeirlər sadə, mütəvazi, lirik arxitektonikası ilə minillik poeziyamızın qaynaqlarından süzülüb gələn ənənəyə söykənir. İnsana, həyata, hadisələrə həssas münasibət, adicə daş parçasına, bir budağa, bir yarpağa şairanə baxış müəlliflə oxucu arasında səmimi münasibət yaradır...”

Xoşbəxt adamdır. Heç vaxt narahatlıq keçirmir və heç bir təsadüfdən həyəcanlanmır. Onda hər bir çətin vəziyyətdən çıxmaq üçün hissiyyat, istedad, təxəyyül var. Bununla be!ə, öz təbəssümünü də qoruyub saxlaya bilir. Onun heç ağlına da gəlmir ki, bəzi şeyləri bilmək, üzə çıxarmaq, başqalarına danışmaq özü üçün təhlükəli ola bilər. Onun fikrincə, biliklər hamıya və hər bir kəsə məxsusdur...

Kənan Hacı daha sonra yazır: “Ədəbiyyatımızda Zəfər poeziyası yaranmaqdadır. Elə bir qələm adamı tapmaq mümkün deyil ki, onun yaradıcılığında Zəfərimizin izi olmasın. Güldən, çiçəkdən, sevgidən- nədən yazırsa, yazsın, o misralarda bir qalibiyyət duyğusu var. Bu, qəddi dikəlmiş millətin qalib ruhunun işartılarıdır. Damət Salmanoğlunun şeirlərinin hər misrasında bu qədd duruşu imperativ şəkildə özünü büruzə verir. Möhtəşəm qələbəmiz ədəbiyyatımızda da yeni bir paradiqmanın, yeni gerçəkliyin əsasını qoydu. Haqqın, ədalətin zəfər çalacağına ümidimiz öz bəhrəsini verdi. İnam və əzm bu qələbəni tarixi Zəfərə çevirdi. Şairin dediyi kimi, artıq zaman yetişib...”

Qəribədir, ona yaxından, xüsusilə uzaqdan nə isə yeni olacaq bir şeyə bəslədiyi ümid rahatlıq vermir. Səyahətlərin romantikası, dünyanı görmək arzusu ona xasdır. Eyni bir yerdə qalıb yaşamaqdan usanır. O, daima yeni-yeni insanlarla görüşə can atır və yaxşı dostluğu var...

Bir halda bu söhbətin başlanğıcında dostum Səlim Babullaoğlunun adını çəkdim, elə onun dedikləri ilə də yekunlaşdırım: “Yaradıcılığı zərif və lirikdi, həqiqi vətənpərvər şairdir. Etibarlıdır, çətin günün dostudur...”

Xülasə, şair, yazıçı Damət Salamanoğlu ilə ilk görüşdə siz həyati gücünüzün artdığını hiss edəcəksiniz. O, şəndir, füsunkardır, hazırcavabdır. Diqqətlə fikir versəniz, görərsiniz ki, o təkcə sizi deyil, hər bir kəsi müşahidə edir və həqiqət budur ki, hamıya qarşı mehribandır. Sentimentaldır, çox həssas ürəyi var. Açıqürəkli və söhbətcildir. Əhval-ruhiyyəsindəki dəyişikliklər sizi təəcübləndirə bilər, çünki o, ürəyincə olan işi görür...

Az qala unutmuşdum, şair, yazıçı Damət Salmanoğlu 1958-ci ilin noyabr ayının 29-da Masallı rayonunun Örənqala kəndində dünyaya gəlib. Hazırda Bakı şəhərində yaşayır. İndi tanış olacağınız “Gənclik qatarı” adlı bu şeir də ona məxsusdur:

Qəlbimin gözüylə axtardım səni,
Baxdım dörd bir yana tapa bilmədim.
Dedilər vağzaldan təzə ayrılıb,
Yüyürdüm arxanca çata bilmədim.

Çılğın xəyalları, gənc ümidləri,
Sən mənim qəlbimdən qoparıb getdin.
Dünəni bu günə xatirə edib,
Ömrümdən gəncliyi aparıb getdin.

Aman da vermədin vidalaşmağa,
Ey qatar, bu sənin ədalətindir.
Gizlincə aparan gəncliyi məndən
Bəlkə də, sən deyil ədavətindir.

İndi bu vağzalda sənin yerində
Qocalıq qatarı gözləyir məni.
Gənclikdən yadigar xatirələrim
İndi bu qatarda izləyir məni.

Elman Eldaroğlu