Prezidentin köməkçisi: İşğal dövründə qanunsuz tikilmiş bəzi tikililərlə əlaqədar müvafiq addımlar atılır Siyasət

Prezidentin köməkçisi: İşğal dövründə qanunsuz tikilmiş bəzi tikililərlə əlaqədar müvafiq addımlar atılır

Ermənistan-Azərbaycan münaqişəsi başa çatsa da, ancaq münaqişənin yaratdığı humanitar fəsadlar hələ də gündəlikdə qalmaqda davam edir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Minalar Azərbaycan Respublikasının vətəndaşlarının gündəlik həyatını narahat edir və bilavasitə təhlükə mənbəyi olaraq qalmaqdadır. 2020-ci ildən bu vaxta qədər olan dövr ərzində 420-dən artıq vətəndaşımız mina partlamaları nəticəsində həlak olub və ya ağır bədən xəsarətləri alıb. Bir milyondan artıq mina Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə Azərbaycan ərazilərində basdırılıb. Ona görə də bu məsələ bizim gündəliyimizdə qalmaqda davam edir. Azərbaycan Respublikası ərazilərimizi öz daxili imkanları hesabına minalardan təmizləmək istiqamətində addımlar atır. Amma bu, böyük miqyaslı bir işdir. Bu, eyni zamanda, ərazilərin bərpa-quruculuq prosesinə də mənfi təsir göstərir", - Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi Ermənistanda bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə əlaqədar İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi tədbiri öncəsi müraciətinə də münasibət bildirib: "O şəxslərlə əlaqədar məsələni də siyasiləşdirirlər. Belə ki, burada hüquq var, Azərbaycan Respublikasının məhkəmə strukturları tərəfindən həmin şəxslər barəsində hüquqi əsasda qanuni qərarlar qəbul edilib. Cinayət varsa, cəzası da var. Azərbaycan Respublikasının qanunları, həmçinin beynəlxalq humanitar hüququn əsasları ilə müharibə cinayətkarlarına münasibətdə lazımi hüquqi addımlar atılıb. Cənab Prezident bu prosesi Azərbaycan Respublikasının Nürnberq məhkəməsi adlandırıb. Amma belə müraciətlər edildiyi təqdirdə, Ermənistan vətəndaş cəmiyyəti təsisatları bu məsələyə də aydınlıq gətirməlidirlər ki, hələ də Azərbaycan Respublikasının vətəndaşları mina problemindən əziyyət çəkməkdə davam edirlər. Həmçinin son dövrlərdə Ermənistanın müxtəlif dairələri bu və ya digər şəkildə Xankəndi şəhəri və digər şəhərlərlə əlaqədar müəyyən bərpa-tikinti prosesi üzrə məsələlərdə də yanlış və provokativ mövqedən çıxış edir. Burada onu qeyd etmək lazımdır ki, bu ərazilərdə ölkəmiz tərəfindən genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, bu işlər prosesi çərçivəsində işğal dövründə qanunsuz tikilmiş bəzi tikililərlə əlaqədar müvafiq addımlar atılır. Həmin ərazilərin şəhərsalma prisniplərinə və Cenevrə Konvensiyalarına görə işğal dövründə işğalçı tərəfin həmin ölkənin mülkiyyət hüquqlarını, suverenliyini pozaraq orada həyata keçirdiyi müxtəlif tikinti tədbirləri qanunsuz hesab olunur. Qanunsuz hesab olunan beynəlxalq tikinti obyektlərinin aradan qaldırılması, ümumi şəhərsalma və urbanistika planlarına uyğunlaşdırılması da zəruri şərtlərdən biridir. Ölkəmiz də bu istiqamətdə addımlar atır".