
“Ermənistanın uzunmüddətli işğal siyasətinə susan, lakin Azərbaycanın suveren addımlarını “demokratiya” və “azadlıqlar” pərdəsi altında tənqid edən Avropa Parlamentinin (AP) fəaliyyəti obyektiv dəyərlərə deyil, geosiyasi maraqlara əsaslanır. Cənubi Qafqazda müstəqil və balanslı xarici siyasət yürüdən Azərbaycan Avropa Parlamentində məqsədli hədəfə çevrilir. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalına son qoyulması istiqamətində heç bir konstruktiv addım atmayan AP işğalın legitimləşdirilməsinə çalışıb, işğal altında olan ərazilərimizə Azərbaycan tərəfinin icazəsi olmadan səfərlər ediblər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.
Deputat qeyd edib ki, AP son illərdə mandatından kənar, dövlətlərin daxili işlərinə qarışmaqla, demokratiya kartından təzyiq vasitəsi kimi istifadə edir: “Avropada islamofobiya, irqçilik, ksenofobiya və digər diskriminasiya növləri geniş yayılsa da, AP üzvlərinin bir çoxu nəinki bu meyllərlə mübarizə haqda düşünür, əksinə, bunu təsdiq edir, təbliğ edirlər. Müstəmləkəçiliyi 21-ci əsrdə də davam etdirən Avropanın kolonial gücləri bir dəfə də olsun koloniyalarda baş verən insan hüquq və azadlıqlarının pozuntusu barədə məsələ qaldırmır. Məqsədli assimilyasiyaya məruz qalan ərazilərdə insanların suverenlik, öz müqəddəratını həll etmək kimi çağırışlarına məhəl qoyulmur, dinc aksiyaların vəhşiliklə qarşısı alınır, 100-lərlə hüquq müdafiəçiləri və aktivistlər həbs edilirlər. AP bu barədə hesabatları görməzdən gəlir”.
Onun sözlərinə görə, 1945-ci ildə BMT yaranan zaman onun Nizamnaməsinin 73-cü maddəsinə əsasən, özünü idarəetmə hüququ verilməyən ərazilər - koloniyalar barədə məlumat vermək öhdəliyi yarananda, bu öhdəlikdən yayınmaq üçün Konstitusiya dəyişikliyi edilərək, bu ərazilər “Dənizaşırı ərazilər”, bəziləri isə “Dənizaşırı departamentlər” adlandırıldı: “Yəni artıq onlar koloniya olmadığı üçün BMT-yə də hesabat vermək məcburiyyəti ortadan qalxmışdı. Bəs BMT kimi onlarla ölkənin üzv olduğu qurum, 10-larla hüquqşünası və eksperti olan beynəlxalq təşkilat bu “söz oyununa” niyə səs çıxarmadı? Çünki o dövrdə BMT-yə üzv olan böyük güclərin özlərinin də koloniyaları vardı və buna görə məsələyə göz yumdular ki, onlar üçün də bu öhdəlik yarananda istifadə edə bilsinlər. Beynəlxalq hüquq hər zaman selektiv və ikili standartlarla işləyib. AP deputatlarının korrupsiya əməlləri ilə bağlı zaman-zaman ictimaiyyətə bəlli olan skandallar bu qurumun özünün daxilində etibarının zədələnməsi və nüfuzunun aşağı enməsinə gətirib çıxarıb. Marina Kaljurand Avropa Parlamentinin üzvü kimi fəaliyyəti dövründə Azərbaycanla bağlı müzakirələrdə obyektivlikdən uzaq, açıq şəkildə qərəzli mövqe sərgiləmiş siyasətçilərdən biri kimi tanınır. O, mütəmadi olaraq Azərbaycana qarşı yönəlmiş qətnamə layihələrini dəstəkləmiş, insan hüquqları və siyasi azadlıqlar mövzularında selektiv yanaşma nümayiş etdirərək birtərəfli və siyasi sifarişli ritorika ilə çıxış edib. Xüsusilə Qarabağ məsələsində Kaljurandın yanaşması beynəlxalq hüququn əsas prinsiplərinə – dövlətlərin ərazi bütövlüyü və suverenliyinə – açıq zidd olub. Bu selektiv susqunluq Kaljurandın insan hüquqları diskursundan siyasi alət kimi istifadə etdiyini açıq şəkildə ortaya qoyur”.
P.Vəliyeva bildirib ki, eyni zamanda, Kaljurandın regional proseslərə dair mövqelərinin müəyyən hallarda Rusiyanın Cənubi Qafqazdakı maraqları ilə üst-üstə düşməsi, onun “dəyərlər siyasəti” adı altında geosiyasi məqsədlərə xidmət edən xətti təbliğ etdiyini göstərən ciddi suallar doğurur: “Bu kontekstdə Avropa Parlamentində Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən digər simalardan biri də Avstriyadan olan keçmiş deputat Ulrike Lunacek olub. Yaşıllar/Avropa Azad Alyansı (Greens/EFA) fraksiyasının aparıcı üzvlərindən biri kimi Lunacek uzun illər Azərbaycan əleyhinə kampaniyaların fəal iştirakçısı kimi çıxış edib. Onun fəaliyyəti dövründə Ermənistanın maraqlarını müdafiə edən ritorikanın sistemli xarakter daşıması, faktiki olaraq Ermənistanın siyasi mövqelərinin Avropa Parlamentində təbliğatçısına çevrildiyini göstərib. 2015-ci ildə Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı müzakirələr zamanı Türkiyəyə qarşı yönəlmiş çağırışları, regionun real tarixi-siyasi kontekstini və Azərbaycanın işğaldan doğan humanitar faciəsini tamamilə görməzdən gəlməsi bunun bariz nümunəsidir.
Lunacek eyni zamanda Azərbaycan ərazilərinin işğalı faktını, dağıdılmış şəhər və kəndləri, məcburi köçkünlərin hüquqlarını gündəmdən kənarda saxlayaraq, manipulyativ şəkildə söz və mətbuat azadlığı arqumentlərindən istifadə etmiş, bu əsasla Avstriya rəsmilərini Azərbaycana səfərdən çəkindirməyə çağırıb”.
Deputat eləcə də diqqətə çatdırıb ki, Avropa İttifaqının keçmiş rəsmisi Cozef Borrelin Okampo kimi erməni diasporunun siyasi aləti olan şəxsin komandasında yer alması da Avropa İttifaqının yüksək səviyyəli məmurlarının korrupsiya əməllərinin hansı həddə çatdığını ifşa etmiş oldu: “İnsan hüquqları anlayışının siyasi silaha çevrilməsi, erməni lobbisinin və onların maraqlarına xidmət edən informasiya mühitinin formalaşmasına şərait yaradır. Azərbaycan bu günədək hər zaman öz milli maraqlarını qətiyyətlə müdafiə edib, heç bir beynəlxalq təzyiq qarşısında öz məqsədlərindən geri çəkilməyib. Daxili işlərimizə qarışanlara layiqli cavablar verilib. Bu baxımdan Milli Məclis tərəfindən ölkəmiz əleyhinə qərəzli və əsassız kampaniyaların məkanına çevrilmiş AP ilə münasibətlərin dayandırılması doğru bir qərardır”.
Röya İsrafilova